Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:28

Hindistanda yoluxmalar 20 milyonu keçdi


Hindistanda koronavirus xəstəsi
Hindistanda koronavirus xəstəsi

Vaksinasiyanın miqyası böyüdükcə pandemiyanın nəzarətə alındığı ölkələrdən tam peyvənd olunmuş şəxslərin Avropa Birliyinə səyahətinə icazə verilə bilər

Mayın 4-də Hindistanda koronavirusa rəsmi yoluxma sayı 20 milyonu keçib. Səhiyyə Nazirliyi son bir günə 357 mindən çox yoluxma qeydə alındığını bildirib. Ölkədə xəstəxana çarpayıları, dərman, oksigen çatışmır.

Son üç ayda COVID-19-a yoluxmalar iki dəfəyə yaxın artıb, ölü sayı isə 220 mini keçib.

Hazırda Hindistanda yoluxmalar dünyanın digər yerlərindən daha sürətlə artır. Aprelin 1-də gündəlik yoluxma sayı 65 mini keçmişdi, indi 370 minə yaxınlaşıb. Gündəlik 300 civarında ölü sayı isə 3 mini keçib.

Yoluxmalarda kəskin artım koronavirusun daha yoluxucu variantları, o cümlədən hökumətin hindu dini festivalları və siyasi yürüşlərə icazə verməsi ilə izah olunur.

Ekspertlər yoluxma və ölü sayının daha yüksək olduğunu düşünürlər.

Hədəfli addımlar

ABŞ-ın aparıcı eksperti xəbərdarlıq edib ki, 1.4 milyarda yaxın əhalisi olan bu ölkədə bir neçə həftə “dəhşətli” keçəcək, hətta işlər düzəlsə belə.

Braun Universitetinin İctimai Səhiyyə Məktəbinin dekanı Dr. Aşiş Jha bildirib ki, Hindistanın ictimai səhiyyə tədbirləri hədəfli şatdaunlar, daha çox test, universal maska qaydası, böyük toplantılardan yayınmaq kimi “klassik” addımlara əsaslanmalıdır.

“Artımı yalnız bu tədbirlər dayandıra bilər”, – o vurğulayıb.

Bu arada COVID-19-a qarşı Pfizer/BioNTech vaksininin 12-15 yaşlılar üzərində istifadəsi dəyərləndirilir. ABŞ-ın Novavax şirkəti bildirib ki, uşaqlar üzərində öz vaksininin klinik sınaqlarına başlayıb.

Pfizer və BioNTech martda bəyan edib ki, vaksin 12-15 yaşlılarda təhlükəsiz nəticə göstərib, güclü anticism reaksiyası yaradıb. Vaksinin bu yaş qrupunda istifadəsinin Avropada və Birləşmiş Ştatlarda təsdiqlənəcəyi gözlənir.

Hazırda Pfizer/BioNTech ABŞ-da 16-17 yaşlılara vurulur. İstehsalçılar vaksinin 12-15 yaşlılar üzərində tətbiqinə ABŞ Ərzaq və Dərman Administrasiyasından icazə istəyib.

Sınaqlar davam edir

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Roçel Valenski apreldə deyib ki, vaksindən istifadə mayın ortasına təsdiqlənə bilər. Məqsəd peyvəndləməni gücləndirmək, kütləvi immunitetin əldə olunmasına kömək etməkdir.

Uşaq və yeniyetmələrin çoxu COVID-19-u yüngül, yaxud simptomsuz keçirirlər, amma onlar virusu yaya bilərlər.

Moderna və Johnson & Johnson şirkətləri də vaksinlərini 12-18 yaşlılar üzərində sınaqdan keçirir. Moderna-nın sınaqlarının tezliklə açıqlanacğı gözlənir.

Novavax bildirib ki, klinik sınaqlara 12-17 yaşlı 3 minədək gənc cəlb olunub.

Fərqli texnologiya əsasında hazırlanmış Novavax vaksini hələlik, heç bir ölkədə təsdiqlənməyib. Amma şirkət bir neçə aya Britaniya və Birləşmiş Ştatlarda təcili təsdiq üçün müraciət etməyi planlaşdırır.

Novavax yanvarın sonunda bəyan edib ki, Britaniyada 15 min böyük üzərində klinik sınaqlar 89.3 faiz effekt göstərib.

Səyahət qadağaları yüngülləşir

Vaksinasiyanın miqyası böyüdükcə pandemiyanın nəzarətə alındığı ölkələrdən tam peyvənd olunmuş şəxslərin Avropa Birliyinə səyahətinə icazə verilə bilər.

Avropa Komissiyası Avstraliya, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailand kimi ölkələr üçün qadağaları yüngülləşdirməyi nəzərdən keçirir.

Yoluxmaların azaldığı Çexiya Respublikası da qadağaları yumşaldır. Hökumət bildirib ki, mayın 10-dan açıq havada azı 2 metr məsafəni gözləmək şərtilə maskasız gəzməyə icazə veriləcək.

Birləşmiş Ştatlarda gündəlik yoluxmalar 50 mindən aşağı düşdüyündən daha çox adam səyahət etməyə başlayıb. Mayın 2-də aeroportların yoxlamasından 1.6 milyondan çox ziyarətçi keçib.

XS
SM
MD
LG