Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:59

Çox işləməyi niyə ibadətə çeviririk


İş düşkünü
İş düşkünü

1987-ci ildə məşhur "Uoll-Strit" (Wall Street) filminin qəhrəmanı Qordon Qekko dünyaya bəyan etdi ki, tamah yaxşı şeydir. Film gözü sərvətdən başqa heç nə görməyən və gecə-gündüz sərfəli sövdələşmələr dalınca qaçan, yollarının üstündəki hər kəsi əzib keçməyə hazır olan, göydələnlərdə işləyən maliyyə işçiləri haqdadır. Filmin mesajı bu idi ki, əgər sənin nəfəsin də işlə gedib-gəlirsə, mükafatın böyük olacaq.

BBC yazır ki, 1980-ci illərin özünü işə həsr etmək və çox işləməyi qlamurlaşdırmaq trendi hələ də aktualdır. İndi bu, bir qədər fərqli olsa da, özünü bir çox sektor və peşələrdə göstərməkdədir.

"Yuxunu qurban vermək"

Yeni araşdırmanın nəticələrinə görə, dünyada işçilər həftədə orta hesabla 9.2 saat pulsuz işləyirlər. Bu, bir il əvvəlkindən 7.3 saat çoxdur. Texnologiya milyarderləri "dünyanı dəyişmək" üçün yuxunu qurban verməyi təbliğ edirlər. Pandemiya başlayandan bəri çox adamın iş həftəsi daha da uzanıb. İndi insanlar gecəyarısı e-mail, yaxud mesaj göndərir, çünki insanların şəxsi və peşə həyatı arasındakı sərhəd silinib.

İndiki iddialar Qekkonun vaxtındakı ilə eyni ola bilər. Ancaq indi özünü həddindən artıq yükləməyin, yuxusuz qalmağın fəsadları haqda daha çox şey bəllidir. 1980-ci illərin insanlarından fərqli olaraq, tükənmişlik sindromunun insanın zehni və fiziki sağlamlığına təsirləri haqda daha çox bilgi mövcuddur. Bununla yanaşı, bu trendin qarşısını almaqdan ötrü ciddi mədəniyyət dəyişikliyinə ehtiyac var. "Bəlkə post-pandemiya dövrü bizə cəhd etmək üçün şans verir?", – deyə müəlliflər sual edirlər.

Həddindən artıq çox işləmək təkcə Silikon Vadisi və Uoll-Strit kimi yerlərdə olmur. Bütün dünyada insanlar müxtəlif səbəblərdən iş vaxtından çox işləyirlər.

Bəzən məcburiyyət, bəzən...

Yaponiyada hələ 1950-ci illərdə insanlar normadan çox işləyirdilər. O dövrdə hökumət İkinci Dünya müharibəsindən çıxmış ölkəni ən tez zamanda yenidən qurmaq üçün cəmiyyəti daha çox işləməyə təşviq edirdi.

Ərəb Liqası ölkələrində isə tibb personalı arasında tükənmişlik sindromunun yayğın olduğu deyilir. Bu, həmin ölkələrdə səhiyyə sistemlərinin həddindən artıq yüklənməsiylə bağlı ola bilər.

İnsanların çalışdığı sahə də onların çox işləməyə məcbur olmasına səbəb ola bilər. 1970-ci illərdə tükənmişlik sindromunu araşdıran ilk tədqiqatçılar müəyyən etmişdilər ki, başqa insanlara kömək etmək məqsədi güdən sahələrdə çalışanlar, məsələn, klinika və böhran müdaxilə mərkəzlərinin işçiləri həddindən artıq çox işləyir və bu onların emosional və fiziki yorğunluğuna gətirib çıxarır. Pandemiya dövründə bu trend əyani görünür.

Ancaq milyonlarla insan məcburiyyətdən deyil, sadəcə, bunun onları uğura apardığını düşündüyü üçün çox işləyir. Uğuru sərvət bolluğu kimi görən də var, Instagram-da onları uğurlu insan kimi göstərən postlar şəklində anlayan da. İşin romantikləşdirilməsinə daha çox orta və yuxarı siniflərdə bilik yüklü işlərdə çalışanlar arasında rast gəlinir. 2014-cü ildə "New Yorker" jurnalı işə bu şəkildə bağlılığı "kult" adlandırıb.

Trendlər dəyişdikcə...

Çox işləməyi ilə lovğalanmaq trendi ta XVI əsrin "protestant iş əxlaqı"na gedib çıxır. Avropada protestantlar ağır zəhmət və gəlir dalınca düşməyin əsl məziyyət olduğunu düşünürdülər.

Oksford Universitetinin təşkilat davranışı və liderlik professoru Salli Meytlis deyir ki, sonradan, sənaye inqilabının gəlişi ilə səmərəliliyə can atma tendensiyası daha da güclənib. Bununla yanaşı, səmərəliliyi mükafatlandırma üsulları da möhkəmlənib və davamlı ağır zəhmətin dəyəri cəmiyyətdə dərin köklər buraxıb.

Tetçer və Reyqan dövründə ofisdə normadan çox qalıb işləmək o dövrdə çiçəklənməkdə olan konsümerizmlə birlikdə adi şeyə çevrildi. 1990-cı və erkən 2000-ci illərdə isə iş düşkünləri artıq bleyzerlərlə ilə deyil, hudilərlə (kapüşonlu pulover) assosiasiya olundu; kiçik texnologiya startapları Google və Facebook kimi texnologiya nəhənglərinə çevrilir, güc mərkəzi Silikon Vadisinə köçürdü.

Ancaq bununla yanaşı, tükənmişlik sindromu haqda danışılmağa başlandı. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tükənmişlik sindromunu rəsmən "peşə fenomeni" kimi tanıyıb.

XS
SM
MD
LG