Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:11

Avropa İttifaqı və ABŞ sərhəddəki gərginliyə reaksiya veriblər


Mübahisəli Qaragöl (Sev liç) rayonu ərazisində Rusiya qoşunu
Mübahisəli Qaragöl (Sev liç) rayonu ərazisində Rusiya qoşunu

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel mayın 14-də Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat verib:

“Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən narahatedici hadisələri izləyir. Avropa Xarici Fəaliyyət İdarəsinin baş katibi Stefano Sannino mənim adımdan cümə axşamı (13 may) Ermənistan xarici işlər naziri Ara Ayvazyanla və cümə günü (14 may) Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıb, hər iki tərəfi son dərəcə təmkinli davranmağa və situasiyanı de-eskalasiya etməyə çağırıb. Aİ Xüsusi Nümaynəndəsi Toivo Klaar öz növbəsində ATƏT-in rəhbərliyi ilə əlaqədə olub”.

Avropa İttifaqının internet səhifəsində dərc olunmuş məlumatda bildirildiyinə görə, cənab Borrel deyib ki, sərhədin delimitasiya və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həyata keçirilməlidir:

“Biz iki tərəf arasında texniki səviyyədə əlaqələrin davam etdirilməsini alqışlayırıq. Avropa İttifaqı münaqişənin hərtərəfli çözümünü dəstəkləməkdə davam edir və hər iki ölkəni regionda sabitliyin qorunması naminə dinc həll yolu tapmağa çağırır”.

Reuters agentliyinin verdiyi məlumata görə mayın 14-də ABŞ Dövlət Departamentinin sözçüsü Calina Porter deyib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti yaxından monitorinq edir və "Azərbaycanın öz qüvvələrini dərhal geri çəkməsini və bundan sonrakı təxribatları dayandırmasını gözləyir".

Reuters agentliyinin yazdığına görə xanım Porter deyib ki, “mübahisəli ərazilərdə hərbi hərəkətlər məsuliyyətsizlikdir və həm də lüzumsuz şəkildə təxribat yaradır”.

Calina Porter jurnalistlərlə söhbətində əlavə edib ki, sərhəd demarkasiyası məsələləri danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir.

Paşinyan KTMT-yə müraciət etdi

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 14-də Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri, Tacikistanın prezidenti Emoməli Rəhmona müraciət edib.

Rəhmondan üzvlərdən birinə qarşı xarici təhdidlərin aradan qaldırılmasından ötrü KTMT üzvlərinin mövqelərini koordinasiya etmək və tədbirlər görmək məqsədilə "birgə məsləhətləşmələr mexanizmini təcili işə salması" istənilir. Paşinyan bununla 1992-ci il 15 may tarixli "Kollektiv təhlükəsizlik müqaviləsi"nin 2-ci maddəsini işə salmış olur.

AzadliqRadiosunun erməni xidməti Paşinyanın KTMT-nin bütün üzvlərinə oxşar müraciət göndərdiyini bildirir.

Ermənistan Azərbaycanı sərhədləri pozaraq bir neçə kilometrlik məsafədə ərazisinə girməkdə ittiham edir. Azərbaycan isə sərhədi pozmadığını, demarkasiya işləri çərçivəsində mövqelərini tutduğunu bildirir.

Nazir ABŞ Dövlət katibinin köməkçisi ilə danışıb

Bu gün, mayın 14-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət və Azərbaycan Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi apardılar.

Açıqlamaya görə, bu kimi gərginliklərin diplomatik yolla və danışıqlar vasitəsilə həllinin vacibliyi vurğulanıb.

"Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğuladı. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətin diqqətinə çatdırıb", -məlumatda yazılıb.

Ermənistanin rəsmi qurumlarının bildirməsinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Ermənistanla sərhəddə baş verənlər - erməni tərəfinin çəkdiyi kadrlar
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Ermənistan tələblərini təqdim etdiyini deyir

Ermənistan tərəf danışıqlarda öz tələblərini təqdim edib: bildirilib ki, Ermənistan Azərbaycan tərəfə öz ərazisindən bir metr də verməyəcək və onlardan çıxış mövqeyinə çəkilməyi tələb edib. Məlumatı "Azatutyun" radiosu Ermənistan Müdafiə Nazirliyinə istinadla yayıb.

Müdafiə Nazirliyinin mövqeyinə görə, hazırda azərbaycanlılar son günlər irəlilədikləri ərazidən çıxmaq üçün rəhbərlikdən göstəriş gözləyirlər.

Nazirlik danışıqların hansı formada keçirildiyini, kimlərin iştirak etdiyini açıqlamayıb.

"Azatutyun"un əldə etdiyi məlumata görə, Sünikin Xndzoresk kəndində danışıqlar altı saatdan çox çəkib. Danışıqlara Milli Təhlükəsizlik Xidmətinin, Ermənistan Silahlı Qüvvələrinin təmsilçiləri, eləcə də yüksəkrütbəli Rusiya hərbçiləri qatılıb.

Rəsmi Bakı son günlər baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Lavrov Bakıdan nə ilə qayıdır?
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Putinlə Paşinyan danışıb

Mayın 13-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub. Kremlin məlumatına görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutmuş söhbətdə Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.

Ermənistan-Azərbaycan sərhədində son insidentlə əlaqədar Putin tərəflər arasında ötən il noyabrın 9-da və bu il yanvarın 11-də imzalanmış bəyanatların yerinə yetirilməsinin, atəşkıs rejiminə "sərt şəkildə əməl olunması"nın vacibliyini vurğulayıb. 9 noyabr bəyanatı atəşkəs, 11 yanvar bəyanatı isə regionda kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur.

Rusiya tərəfi fəal vasitəçilik cəhdlərini davam etdirməyə, Yerevanla Bakı arasında regionda sabitliyin təminatını hədəfləyən sıx təmasları saxlamağa sadiqliyini qeyd edib.

Məlumatda deyilir ki, N.Paşinyan Rusiya prezidentinə minnətdarlıq bildirib, konstruktiv dialoq və ortaya çıxmış problemlərin yalnız dinc, siyasi-diplomatik vasitələrlə həllindən ötrü qarşılıqlı əməkdaşlıq tərəfdarı olduğunu deyib.

Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistik əlaqələrin bərpası məsələlərinə də toxunulub, - məlumatda deyilir.

Silahlı Azərbaycan əsgərlərinin kənddə dolaşması erməni sakinlərə rahatlıq vermir
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

Xatırlatma

Mayın 12-də Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyi bildirilir. Ancaq Azərbaycan tərəfi bunu sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur: "Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir".

XS
SM
MD
LG