Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:30

Cavad Zərifin səfərində İranla bağlı 'zərif' qarşılanmayan məqamlar...


Cavad Zərif və İlham Əliyev. Bakı. 25 may 2021
Cavad Zərif və İlham Əliyev. Bakı. 25 may 2021

İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif Azərbaycana gəlib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də onu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, iki ölkənin ticarət dövriyyəsində artım var: "Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir".

Görüşdə Qarabağ münaqişədən sonrakı vəziyyətin də müzakirə edildiyi bildirilir. Məlumata görə, M.C.Zərif Ermənistanla sülhə nail olmaq arzusunu təqdir edib: "Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında hər hansı bir rolu oynamağa hazırıq".

İranın xarici işlər nazirinin Ermənistana da səfəri gözlənir.

Bəzi ekspertlər isə bu səfər ərəfəsində İranın bəzi davranışlarını heç də "zərif" qarşılamırlar və onların üzərində dayanırlar. Onların fikrincə, İran Ermənistan ərazisindən keçəcəyi gözlənən və Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirməli olan Zəngəzur (Sünik) dəhlizi layihəsindən narahatdır.

Ermənistanlı ekspert: Azərbaycanla nəqliyyat əlaqəsinin bərpası çox faydalı olacaq
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

"Uduzan tərəf yoxdur"

Amma hələ bu il aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Prezident İ.Əliyev bildirmişdi ki, Azərbaycan, Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib: "Çünki bu vəziyyətdə uduzan tərəf yoxdur. Bundan hamı udur".

Ölkə başçısı qeyd etmişdi ki, Zəngəzur dəhlizi heç bir halda İranı Ermənistandan ayırmayacaq: "Bu, müəyyən mənada dəmir yolu əlaqəsi, magistral əlaqəsi olacaq. Bizim sərhədimizdə çoxlu dəmir yolu əlaqəsi, magistral əlaqəsi var. Bu, o demək deyil ki, bu, kiminsə maraqlarına ziyan vuracaq…Ona görə də düşünürəm ki, İran hökuməti bu layihəni tam şəkildə dəstəkləyir".

A.Mollazadə
A.Mollazadə

"İranın marağı Ermənistana dəstək verməkdir"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə "Turan"a bildirib ki, İran Ermənistana dəstək verir: "Bu yaxınlarda İran parlamentinin beynəlxalq komitəsinin sədri də bunu ifadə etdi. İranın marağı Ermənistana dəstək verməkdir və Ermənistan dövlətinin maraqlarını müdafiə etməkdir. Ən azından, bu, İran siyasətçiləri tərəfindən ifadə olunub".

Deputatın sözlərinə görə, bu, dəfələrlə olub: "Biz bunu dəfələrlə görmüşük – Ermənistana gedən yüklər, Qarabağa daşınan yüklər, yanacaq, materiallar. İran siyasətçiləri dəfələrlə ifadə ediblər ki, onlar Ermənistanla bir millət iki dövlətdirlər".

Komitə üzvü hesab edir ki, Azərbaycan sadəcə olaraq hər bir qonşu ilə normal münasibətləri qoruyub saxlamaq marağındadır: "Azərbaycan ciddi fikir ayrılığına baxmayaraq, hər bir qonşu ölkə ilə normal münasibətləri qoruyub saxlayır".

İ.İsmayıl
İ.İsmayıl

"Onlara elə gəlir ki…"

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, bu, C.Zərifin regiona bir ildə artıq ikinci səfəridir: "Yanvarın 27-də də o, Yerevana, sonra Bakıya gəlmişdi. İndi isə ona görə gəlir ki, son günlər Azərbaycanda İranın hərəkətləri ilə bağlı çox narahatlıq var".

Ekspertin xatırlatmasına görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət məsələləri komitəsinin sədri Muctaba Zonnur deyib ki, Ermənistan sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü İranın qırmızı xəttidir: "Onlara elə gəlir ki, sabahları Zəngəzur dəhlizində yol açılarsa, İranla Ermənistan arasında birbaşa sərhəd götürüləcək".

Politoloqun fikrincə, İran regionda müstəqil oyunçu olmaq istəyir, amma buna nə Rusiya, nə də Azərbaycanla Ermənistan imkan verər: "Ona görə də İranın son hərəkətləri, Azərbaycana qarşı dost olmayan həmişəki münasibətini qabarıq şəkildə bildirdiyinə görə Azərbaycanda kifayət qədər ciddi narazılıq yaranıb".

Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

İ.İsmayıl hesab edir ki, İran bunu istəmir və C.Zərifin səfəri aranı yumşaltmaq, münasibətləri düzəltmək məqsədini daşıyır: "Ola bilsin, bəlkə hansısa tələbləri, iradları da var. Amma bu, daha arxa plandadır".

Bu fikirlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG