Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:54

Bayden koronavirusun mənşəyinin araşdırılmasına göstəriş verib


Co Bayden yanvar ayında ilk peyvəndini qəbul edərkən (Arxiv fotosu)
Co Bayden yanvar ayında ilk peyvəndini qəbul edərkən (Arxiv fotosu)

ABŞ prezidenti Co Bayden mayın 26-da Birləşmiş Ştatların kəşfiyyat orqanlarına COVID-19 pandemiyasının mənşəyinin araşdırılması səylərini “ikiqat” artırmağı və növbəti üç ay ərzində nəticə əldə etməyi tapşırıb.

Bayden deyib ki, dünya boyunca 3.4 milyondan çox insanın həyatına son qoymuş bu virusun insanın infeksiyalı heyvanla təmasından və ya laboratoriya qəzası nəticəsində yayılmasına dair kifayət qədər dəlil yoxdur.

Baydenin bu barədə bəyanatında deyilir ki, ABŞ kəşfiyyat icması hər iki versiya barədə kifayət qədər dəlilin olmaması qənaətindədir.

Bəyanatda deyilir:

“Kəşfiyyat orqanları qəti nəticəyə gəlinməsi üçün məlumat toplanması və onun analizi sahəsində səylərini ikiqat artırmalı, nəticə barədə növbəti 90 gün ərzində mənə məruzə etməlidirlər.”

Prezident ABŞ-ın milli laboratoriyalarını bu təhqiqata dəstək verməyə çağırıb.

Bayden: Çinə təzyiqlər davam etdiriləcək

Co Bayden habelə koronavirus infeksiyasının ilk dəfə qaynaqlandığı Çinin hakimiyyət orqanlarına müraciət edərək onları pandemiyanın mənşəyinə dair beynəlxalq təhqiqatlarla əməkdaşlığa çağırıb.

ABŞ prezidenti etiraf edib ki, Çin hökumətinin beynəlxalq araşdırmalarla əməkdaşlıqdan imtina etməsinə görə son nəticəyə gəlinməməsi də mümkündür.

Bayden deyib ki, epidemiyanın ilk aylarında müfəttişlərin bölgəyə girişinə imkan verilməməsi dəqiq nəticənin əldə olunmasına maneçilik törədir.

Prezident bunu da bildirib ki, ABŞ onun mövqeyində olan partnyorlarla birlikdə tam, şəffaf, dəlillərə əsaslanan beynəlxalıq təhqiqata qatılması üçün Çinə təzyiqləri davam etdirəcək.

Məsələnin kökünə çatmaq

ABŞ rəsmiləri mayın 25-də bildirmişdilər ki, Çin koronavirusun mənşəyini araşdıran beynəlxalq komissiyanın işlədiyi vaxt “tam səmimi olmayıb”.

Ağ Evin müşavirlərindən Endi Slavitt deyib:

"Biz nəticənin necə olacağından asılı olmayaraq baş verənlərin kökünə çatmalıyıq. Bizə bu işdə Çinin tam açıqlığı lazımdır. Bizə bu işdə DST-nin köməyi lazımdır. Biz hazırda bunu hiss etmirik”.

İndiyədək əsas sayılan rəsmi versiyaya görə koronavirus insanlara vəhşi heyvanların ətindən keçib, həmin heyvanlar isə virusa yarasalardan yoluxublar.

Epidemiyanın başlandığı Vuhan şəhərində virusoloji laboratoriyanın olmasına görə virusun buradan ehtiyatsızlıq üzündən yayıla biləcəyinə dair versiyanı bir çox ölkələrdə, bir çox ekspertlər rədd ediblər.

Dünya Səhiyyə Təşkilatının (DST) bu ilin əvvəllərində Vuhanda araşdırma aparan ekspert qrupu da bu nəticəyə gəlmişdi ki, virus heyvanlardan insana keçə bilərdi.

Şübhə doğuran məqamlar

Bununla yanaşı ötən payızda ABŞ Dövlət Departamenti pandemiya ilə bağlı öz araşdırmasına başlamışdı.

CNN telekanalının verdiyi məlumata görə Dövlət Departamentinin diqqətini xüsusilə də Vuhandakı institutun Çin ordusu ilə bağları cəlb etmişdi.

Bu təhqiqat, ilkin nəticələrin əsaslı olmasına dair şübhələrə görə Co Bayden administrasiyası tərəfindən dayandırılmışdı.

The Wall Street Journal qəzeti mayın 23-də ABŞ kəşfiyyatının hesabatı olduğu iddia edilən sənədi dərc etmişdi.

Bu sənəddə deyilirdi ki, Vuhan institutunun əməkdaşları arasında hələ 2019-cu ilin noyabrında koronavirus simptomları ilə xəstələnənlər olub.

Rəsmi Pekin ilk yoluxmaların həmin ilin dekabr ayının sonlarında qeydə alındığında israr edir.

Ağ Evin tibb məsələləri üzrə müşaviri Entoni Fauçi də deyib ki, o da virusun insanlara heyvandan keçməsinə inanır, amma bununla belə, “araşdırma başa çatdırılmalıdır”.

XS
SM
MD
LG