Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:08

Politoloq: ‘Erdoğan Baydenlə görüş ərəfəsində Bakıdan etibarlı təminat istəyir’


R. Tayyip Ərdoğan (sağda) və Co Bayden, 24 avqust 2016
R. Tayyip Ərdoğan (sağda) və Co Bayden, 24 avqust 2016

“Qərbin Minsk Qrupunun fəallığını istəməsi Azərbaycana təzyiqdir”

Yola saldığımız həftə Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerin Bakı səfərində səsləndirdiyi açıqlamalar, Rusiya xarici işlər naziri Lavrovun bəzi açıqlamaları və Türkiyə Prezidenti Recep Tayip Erdoğanın gözlənilən Bakı səfəri suallar doğurur.

AzadlıqRadiosu siyasi şərhçi Ərəstun Oruclu ilə müsahibədə yaranan suallara cavab almağa çalışıb.

Ərəstun Oruclu, 25 dekabr 2010
Ərəstun Oruclu, 25 dekabr 2010

- Ərəstun bəy, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerin Bakıda səsləndirdiyi bəyanatda Azərbaycan qoşunlarının sərhəddən çəkilməsi, sərhədlərin sovet sənədləri ilə demarkasiyası, minalanmış ərazilərin xəritələrinin verilməsi və bütün bunların fonunda Minsk Qrupunun fəallığını istəməsi əsas yer alırdı. Məsələnin bu şəkildə qoyulması ilə Bakıya hansı mesajlar verilir?

- ABŞ rəsmisi Rikerin Bakıya səfəri zamanı səsləndirdiyi fikirlər, xüsusilə Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanın aradan qaldırılması ilə bağlı irəli sürdüyü təkliflər Vaşinqtonun hazırda Azərbaycanın siyasətindən narazı qaldığını göstərir. Düşünmürəm ki, bu, təkcə sərhəd məsələsi ilə əlaqəli deyil, münaqişənin yenidən başqa bir miqyasda vüsət almasıyla bağlıdır. Vaşinqton çox güman ki, Azərbaycanın Rusiya ilə bu qədər yaxınlaşmasından narazıdır və bunu başqa şəkildə ifadə edir. Heç kəsə sirr deyil ki, Qərb ölkələri, istər ABŞ, istər Fransa tam açıq olmasa da, Paşinyanı dəstəkləyir və onun hakimiyyətdə qalmasına çalışır. Rusiya isə öz namizədi, yaxud namizədləri ilə seçkidə iştirak edir. Azərbaycan tərəfindən, elə Ermənistanın iştirakıyla sərhəd bölgəsində yaradılan gərginlik isə birbaşa Ermənistanın daxili siyasi durumuna və qarşıdan gələn seçkilərin nəticələrinə təsir göstərə bilər. Görünür, Vaşinqtonda şübhələnirlər ki, Bakı bu məsələdə ABŞ-ın tərəfdaşı olan Paşinyanın məğlubiyyətini təmin etmək üçün bir növ Moskvanın oyununu həyata keçirir. Bu baxımdan Qərbin həm Minsk Qrupunun fəallığını istəməsi, həm də sərhədlərdən qoşunların geri çəkilməsini gündəmdə saxlaması və sərhədlərin sovet xəritələri ilə demarkasiyası təklifini irəli sürməsi təsadüfü deyil və Azərbaycana təzyiqdir. Təzyiqin də başlıca səbəbi dediyim kimi, Vaşinqtonda Bakı ilə Moskvanın təhlükəli həddə yaxınlaşması ilə əlaqədar şübhələrin yaranmasıdır.

- Rəsmi mənbələrin Filip Rikerin prezident Əliyevlə görüşü barədə məlumat yaymamasını necə şərh edərdiniz?

- Bu, bir qədər çətin sualdır. Çox güman ki, Bakı ABŞ ilə kontaktlarını deməzdim ki, qabartmaq istəmir, sadəcə, müzakirə olunan məsələlərin detallarından yayınmaq istəyir. Şübhəsiz ki, dövlət başçısının Filipp Rikerlə görüşü olub, başqa cür mümkün də deyil, çünki başqa mənbələrdə də görüş barədə məlumatların olduğu deyilirdi. Amma rəsmi informasiya vasitələrində xəbərin yayılmaması görünür, Bakının Moskvaya və digər tərəflərə mesajıdır ki, Vaşinqtonla əlaqələri bir o qədər əhəmiyyətli hesab etmir.

- Türkiyə Prezidenti Erdoğan iyunun 11-də bildirib ki, Bakıya gələcək, Füzuli və Şuşada olacaq. O, Ankara və Bakı arasında tammiqyaslı saziş imzalayacağını da söyləyib. Türkiyə dövlət başçısının ABŞ prezidenti Baydenlə görüşdən əvvəl Bakıya səfəri hansı siyasi ehtimallar doğurur?

- Erdoğanın Baydenlə görüşü ərəfəsində Bakıya səfəri və onun hansı məsələləri qabartması da Türkiyənin bölgədəki proseslərdə iştirakı ilə bağlı ola bilər. Bildiyimiz kimi Türkiyənin Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda təmsil olunması, ötən ilki savaşda əhəmiyyətli rol oynaması eyni dərəcədə hər iki tərəfi narahat edir - həm Moskvanı, həm də Vaşinqtonu. Bunu da heç kəs gizlətmir, hər ikisi açıq şəkildə ifadə edirlər. Erdoğan üçün regionda ən zəif nöqtə Azərbaycandır, Bakı Ankaradan uzaqlaşdırıla bilər, yaxud uzaqlaşa bilər. Ona görə Erdoğan Baydenlə görüş ərəfəsində Bakıdan etibarlı təminat istəyir, yəni Əliyev 44 günlük müharibədən sonra olduğu kimi növbəti dəfə Türkiyədən uzaqlaşmayacaq ki? İstər Rusiyanın, istərsə də Vaşinqtonun tələbiylə. Bu mənada Erdoğan görüşlər ərəfəsində gəlir ki, bir növ Bakının mövqeyini şəxsən özü və birbaşa İlham Əliyevlə fərdi söhbətdə aydınlaşdırsın.

- Ümumiyyətlə, həm Rikerin, həm də Erdoğanın səfərləri indiki gərgin dövrdə münaqişənin həllində nə vəd edir?

- Mən bu səfərləri münaqişə ilə əlaqələndirməzdim. Söhbət daha çox geosiyasi məsələlərdən gedir, önəmli olan da budur ki, Rusiya Yaxın Şərqə çıxışı Azərbaycan vasitəsilə təmin etmək istəyir və Türkiyə də bunun qarşısını kəsməyə cəhd göstərir. ABŞ-ın mövqeyi isə qeyri-müəyyəndir. Məlum deyil ki, ABŞ Yaxın Şərqdən çəkilirmi və çəkilirsə, oranı Rusiyayamı güzəştə gedir? Belə görünür ki, ABŞ bir çox məsələlərdə Rusiyaya güzəştə getməyə meyllidir, məqsəd də Rusiyanı Çindən ayırmaqdır.

- Son bir neçə gündə Azərbaycanla Ermənistan sərhədinin Kəlbəcər istiqamətində atəşkəs pozulur. Müxtəlif ehtimallar var, amma Ermənistandakı seçkilərə təsir göstərmək ehtimalı daha çox qabardırlar, sizcə, inandırıcıdırmı?

- Atəşkəsin pozulması Ermənistandakı seçkilərlə bağlı deyil. Atəşkəsin pozulması və zaman-zaman atışmalar təmas xəttində həmişə olub, bunun daxili siyasi situasiyaya təsir etdiyini isə heç vaxt görməmişik. İnanmıram ki, sərhəddə olan qarşıdurmalar xaric son hadisələr də təsir göstərsin. Qarabağdakı gərginlik isə başqa məsələlərdən qaynaqlanır. Rusiya öz sülhməramlı qoşunlarının təsir dairəsini genişləndirməyə çalışır. Bu səbəbdən də zaman-zaman belə epizodik gərginliklər yaradılır və müəyyən toqquşmalar imitasiya olunur, bəzən isə baş verir. Bunun hamısı ona hesablanıb ki, Rusiya özünün sülhməramlı adlandırdığı kontingentinin təsir dairəsini addım-addım genişləndirsin.

S. Lavrov, 21 may 2021
S. Lavrov, 21 may 2021

- Lavrovun bir neçə gün əvvəl “Primakov platforması”nda israrla Qarabağ məsələsinin sərhəddə baş verənlərlə əlaqəsinin olmadığını bildirməsi münaqişənin həllinə müsbət təsirdir, yoxsa mənfi?

- Lavrovun məlum açıqlaması bir qədər yumşaq desək düşünülmüş, kobud söyləsək çox həyasız izahdır. Bütün proseslər bir-biri ilə sıx əlaqəlidir. Heç kim deyə bilməz ki, sərhəddə baş verən gərginlik Dağlıq Qarabağ ərazisinə keçməyəcək, bilirsiniz ki, orda da situasiyanı Rusiya idarə edir. Bütün qarşıdurmalar, atəşkəsin pozulması, minaların partlaması, hamısı yalnız Qarabağda vəziyyəti gərginləşməyə yönəlib. Dirijor çubuğu Rusiyanın əlindədir, ona görə Lavrovun bu cür riyakar bəyanat verməsində qeyri-adi heç nə görmürəm. Rusiya özünü gizlətməyə, göstərməməyə və qabartmamağa çalışır, amma əslində, bütün prosesləri Moskva idarə edir, istər sərhəddə, istər Qarabağda. Azərbaycan-Ermənistan münasibətlərində yaşananların hamısı Rusiyanın vasitəsilə idarə olunur. Bu da bir çox suallara kifayət qədər aydın cavab verir.

XS
SM
MD
LG