Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:58

NATO liderləri kollektiv müdafiəyə sadiq olduqlarını bəyan etdilər


NATO ölkələrinin liderləri “Çinin yüksəlişi” və Rusiyanın “təcavüzkar hərəkətlərinin” artdığı bir zamanda təşkilatın nizamnaməsində qarşılıqlı müdafiəni ehtiva edən 5-ci maddəyə sadiq olduqlarını təsdiqləyiblər.

NATO Nizamnaməsinin 5-ci maddəsinə görə alyansın bir üzvünə hücum bütün üzvlərə hücum sayılır.

İyunun 14-də NATO-nun Brüsseldə keçirilən sammitində qəbul edilmiş birgə bəyannamədə deyilir ki, müttəfiqlər “güclü çəkindirmə və müdafiəni təmin edən döyüşə hazır qüvvələri və zəruri döyüş qabiliyyətini inkişaf etdirəcəklər”.

NATO-nun baş katibi Yens Stoltenberq sammitdən sonra keçirilən mətbuat konfransında deyib:

“Biz, bütün liderlər razılığa gəldik ki, qlobal rəqabət əsrində, Avropa və Şimali Amerika - dəyərlərimizi, maraqlarımızı, xüsusilə də Rusiya və Çin kimi avtoritar rejimlərin qaydalara əsaslanan beynəlxalq nizama meydan oxuduqları bir vaxtda NATO sıralarında möhköm birləşməlidir”.

ABŞ prezidenti Co Bayden deyib ki, Rusiya və Çin transatlantik həmrəyliyi sarsıtmağa çalışrılar.

Bayden habelə bəyan edib ki, ABŞ-ın NATO Nizamnaməsinin 5-ci maddəsində ehtiva olunan kollektiv müdafiəyə sədaqəti “qaya kimi möhkəm və sarsılmazdır”.

ABŞ prezidenti 5-ci maddəni “müqəddəs” adlandırıb.

O mətbuat konfransında məşhur bəyanatını bir daha təkrarlayıb: “Amerika qayıdıb”.

NATO dövlət başçıları habelə Çinin “artan ambisiyalarından və aqressiv davranışından” narahatlıq ifadə ediblər.

Onlar bildiriblər ki, Çinin sürətlə artan nüvə cəbbəxanası xüsusilə narahatlıq doğurur.

Birgə bəyannamədə Çinə öz beynəlxalq öhdəliklərinə əməl etməsi və kosmosda, kiberfəzada və dənizlərdə məsuliyyətli davranması üçün çağırış edilir.

NATO Rusiyanın aqressiv hərəkətlərini pisləyir

NATO ölkələrinin liderləri bəyan ediblər ki, Moskva beynəlxalq qanuna riayət etmədikcə alyansla Rusiya arasında normal münasibətlərdən söhbət gedə bilməz.

İyunun 14-də açıqlanmış bəyanatda deyilir:

"Rusiya beynəlxalq qanuna və özünün beynəlxalq öhdəliklərinə əməl etməyənədək onunla normal münasibətlərə qayıdış olmayacaq”.

NATO-nun Brüsseldə keçirilmiş birgünlük sammitinin ardınca verilən birgə bəyannamədə daha sonra deyilir:

“Rusiyanın aqressiv hərəkətləri Avroatlantika təhlükəsizliyinə təhdid təşkil edir”.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO ilə Rusiya arasında münasibətlər Qərblə SSRİ arasındakı Soyuq müharibənin sonundan bəri “ən aşağı səviyyəsindədir”.

NATO şərq cinahını möhkənmləndirəcək

Sənəddə qeyd olunur ki, Rusiya hərbi qüdrətini çoxşaxəli genişləndirir, daha sərt mövqe tutur, yeni hərbi qabiliyyətlər kəsb edir və NATO sərhədləri boyunca da daxil olmaqla təxribatçı fəaliyyətlər göstərir:

“Rusiyanın nüvə strategiyası və nüvə silahları sistemini modernizasiya etməsi, onu şaxələndirərək genişləndirməsi, eyni zamanda qeyri-strateji nüvə silahlarını keyfiyyət və kəmiyyətcə artırması, onun strateji təhdid məqsədilə daha aqressiv hərəkətlər etməsi təhlükə yaradır”.

NATO müttəfiqləri habelə Moskvanın “hibrid hərəkətlərini”, “geniş dezinformasiya kampaniyalarını”, “ziyanlı” kiberfəaliyyətlərini və NATO üzvü olan ölkələrin seçkilərinə müdaxilə cəhdlərini pisləyiblər.

NATO liderləri bildiriblər ki, alyans bütün bunlara özünün çəkindirici və müdafiə qabiliyyətini artırmaqla cavab verəcək.

“Moskva NATO-nun birliyini poza bilməyəcək”

Şimal alyansı habelə özünün Rusiya ilə həmsərhəd şərq cinahında hərbi qüdrətini artırmaqda davam edəcəyini bildirib.

Bəyannamədə deyilir ki, NATO Rusiya ilə qarşıdurma axtarmır və ona heç bir təhlükə yaratmır.

Baş katib Stoltenberqin sözlərinə görə NATO Rusiya ilə dialoqu davam etdirəcək, lakin eyni zamanda onun aqressiv hərəkətlərini dəf etmək üçün özünün müdafiə potensialını yüksəldəcək.

Stoltenberq deyib ki, bu məsələdə NATO-nun 30 üzvünün birliyi son dərəcə mühümdür və Moskva bu birliyi poza bilməyəcək.

Baş katib əlavə edib ki, hazırkı vəziyyət NATO üçün həlledicidir və onun tarixində yeni səhifədir.

NATO liderləri eyni zamanda Çini “sistematik problem” elan ediblər.

NATO-nun bu sammitində Gürcüstan və Ukraynanın üzvlük perspektivləri müzakirə olunmayıb. Lakin alyans bu iki ölkəyə dəstək verəcəyini bildirib.

XS
SM
MD
LG