Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:42

RSF: Son beş ildə dünyada azı 22 qəzet ‘öldürülüb’. Biri də Azərbaycanda…


Sərhədsiz Reportyorlar (Reporters Without Borders - RSF) iyunun 28-də rəsmi saytında son beş ildə dünya boyunca mövcudluğunu dayandırmağa məcbur edilmiş qəzetlər barədə məlumat dərc edib.

Bunlardan sonuncusu iyunun 23-də Honq Konq və Çin hökumətlərinin təzyiqi altında bağlandığını elan edən Apple Daily qəzeti olub.

Məqalədə deyilir ki, Apple Daily qəzetinin bağlanması hüquqi təqib və iqtisadi sıxma-boğma yolu ilə qəzetlərin “qətlə yetirilməsinə” bir nümunədir.

Belə qəzetlərə misal olaraq Rusiyanın internet portalı Vtimes saytı, mart ayında Mərakeşdə bağlanmış Əxbar əl-Yövm, Birmada qapadılmış 7 Day NewsEleven qəzetləri göstərilir.

Qəzet də insan kimi...

RSF-in baş katibi Kristof Delua bildirib ki, jurnalistlərin qətli və onlara qarşı fiziki zorakılıq kimi, qəzetlərin də öldürülməsi adı hal şəklini alıb:

“Başqa bir ölkədə qəzetin ölümü hər hansı bir şəxsin ölümündən daha az emosiya yaradır və buna görə də beynəlxalq ictimaiyyətin nəzərindən qaçır. Bu məsələyə diqqətlə yanaşmayanlar belə qənaətə gələ bilərlər ki, hansısa qəzet səriştəsiz redaksiya işinin və ya ictimai marağın azılmasının qurbanı olub. Lakin qəzetlər çox vaxt bilərəkdən ölümə məhkum edilir və bunun informasiya hüququ üçün dəhşətli nəticələri olur”.

Məsələn Çin hökuməti Apple Daily qəzetininin aktivlərini dondurmaqla onu işçilərə və təchizatçılara ödəniş etmək imkanından məhrum edib.

RSF bildirir ki, qəzetlərin bu sayaq iqtisadi boğulması geniş yayılmış praktikadır.

Mətbəə boyası və qəzet kağızı

2009-cu ildən çıxan və hökuməti tənqid edən Əxbar əl-Yövm qəzeti də beləcə tədricən boğulub.

Məqalədə deyilir ki, qəzetin redaktoru Tavfiq Buaxarin 2018-ci ildə həbs olunduqdan sonra dövlət sektoruna bu qəzetə reklam vermək qadağan olunub, daha sonra isə qəzet mətbuata yardım fondunun dəstəyindən məhrum edilib.

Misirin Tahrir News müstəqil qəzeti 2015-ci ildən yalnız internet versiyasında çıxırdı. Lakin hakimiyyət 2020-ci ildə heç bir izahat vermədən həmin saytı bloklayıb.

Buna bənzər hadisə Kambocada da baş verib. İngilisdilli Cambodia Daily qəzeti 24 il çap olunduqdan sonra 2017-ci ildə iqtisadi və vergi təzyiqi ilə bağlanmağa məcbur olub.

Nikaraquada hakimiyyət 40 ildir ki, çap olunan El Nuevo Diario qəzetinin mövcudluğuna 2019-cu ildə son qoyub.

Bu qəzet 2018-ci ilin antihökumət etirazlarını geniş işıqlandırırdı.

Hökumət qəzetin belə mövqeyinə onu çap boyasına və kağıza həsrət qoymaqla çavab verib.

Hüquqi təqib və “vergi tələsi”

RSF yazır ki, qəzetləri həm də hüquqi qısnama, yayğın qanunvericilik aktları ilə təqib edirlər.

Rusiyada Vtimes saytı açılmasından bir il sonra bağlanmalı olub. Buna səbəb hakimiyyətin yeni qanunvericilik əsasında onu “xarici agent” elan etməsi olub.

Bu sayt ona qarşı cinayət işinə başlana biləcəyindən çəkinərək özünü ləğv edib.

Tacikistandakı Axbor xəbər saytına da eyni üsul tətbiq olunub və o hökumətin qara siyahısına salınıb.

Bu sayt da hökuməti tənqid etməsi ilə məşhur idi.

Qəzet və xəbər saytlarının beləcə cinayət təqibi ilə boğulması Burkina Fasoda da baş verib. Burada məhkəmə Mutations qəzetinə və onun redaktoruna qarşı 26 min avroluq təzminat hökmü çıxarıb.

Zambiyada vergi qanunundan qərəzli istifadə ilə The Post qəzetindən guya ödənməmiş milyonlarla dollarlıq verginin ödənməsi tələb olunub.

Hərbi senzura və “terror” ittihamları

RSF-in hesabatında deyilir ki, Birmada 2021-ci ilin fevralında baş vermiş dövlət çevrilıişi bir neçə həftə ərzində ölkənin bütün müstəqil media qurumlarının ölümünə səbəb olub. Bunun üçün hərbi xunta mart ayında 7 Day News və Eleven qəzetləri də daxil olmaqla sözü gedən mediaların lisenziyalarını ləğv edib.

Standard Time qəzeti kimi başqa medialar isə hərbi senzura və çap materiallarının olmamasına görə bağlanıb.

RSF bildirir ki, Türkiyədə 2016-cı ildə baş tutmayan çevriliş cəhdinin ardınca elan olunmuş fövqəladə vəziyyət şəraitində ZamanTaraf, habelə kürdyönlü Özgür Gündem qəzetləri bağlanıb.

Bu qəzetlərin onlarca jurnalistinə qarşı “terrorçu təşkilatın üzvlüyü” və “milli təhlükəsizliyə təhdid” ittihamları irəli sürülüb. Onlardan bir çoxu məhbus edilib.

Sovetlərə qiyam edən qəzet

Macarıstanda 65 il bundan əvvəl sovetlərə qarşı qiyamın dalğasında çapa başlamış Népszabadság qəzetində jurnalistlər qısnamanın yeni bir üsulu ilə üzləşiblər.

Qəzet 2016-cı ilin oktyabrında bağlanmazdan əvvəl Macarıstanın Mediaworks holdinqinin rəhbəri Népszabadság jurnalistlərinin nəşriyyatın binasına buraxılmaması barədə qərar verib.

Bundan az sonra Mediaworks Macarıstanın baş naziri Viktor Orbana yaxın sayılan başqa bir media qrupuna satılıb.

RSF yazır ki, bir çox qəzetlər qısnamadan qaçaraq xilas olmaq yolunu internet versiyasına keçməkdə tapıblar.

75 illik çap tarixindən sonra Venesuelanın aparıcı El Nacional qəzetinin çap versiyası qadağan olunub. Qəzet hələki onlayn versiyasında varlığını qorumağa çalışır.

Qəzeti dəvə südü və manqo satmaqla saxlayan redaktor

Hesabatda deyilir ki, Azərbaycanın sonuncu müxalifət qəzeti olan Azadlıq çapını 2016-cı ilin sentyabrında dayandırıb və indiyədək yalnız internet versiyasında fəaliyyət göstərir.

Nigerin aparıcı gündəlik qəzetlərindən olan L’Evénement da internet versiyasına keçib.

Onun redaktoru qəzeti ölümdən qorumaq üçün ferma saxlayır, inək və və dəvə südü, manqo satışı ilə məşğul olur.

Bu qəzet də çap versiyasını reklamdan məhrum edildikdən sonra, 2018-ci ildə dayandırıb. Qəzet o vaxt ölkənin siyasi və hərbi rəhbərliyindəki korrupsiyadan yazırdı.

Hesabatda deyilir ki, qəzetlərini belə üsullarla məhv edən ölkələrin əksəriyyəti RSF-in 2021-ci il üçün Dünya Mətbuat Azadlığı indeksində də aşağı pillələri tuturlar.

180 ölkə arasında Honq Konq 80-ci, Zambiya 115-ci, Nikaraqua 121-ci, Mərakeş 136-cı, Birma 140-cı, Kamboca 144-cü, Venesuela 148-ci, Rusiya 150-ci, Türkiyə 153-cü, Misir 166-cı, Azərbaycan 167-ci, Tacikistan 162-ci və Çin 177-ci yerdədirlər.

Burada 37 və 59-cu pillələri tutan Burkina Faso və Niger istisna sayılır.

XS
SM
MD
LG