Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:47

Xalid Hüseyninin 'Taliban'dan gözləntisi


Xalid Hüseyni
Xalid Hüseyni

Dünya şöhrətli "Çərpələng uçuran" romanının müəllifi Xalid Hüseyni "Taliban"ın Əfqanıstanda hakimiyyətə ələ keçirməsini "son dərəcə ürəkbulandırıcı" adlandırıb.

Hüseyni CNN-ə müsahibəsində ölkənin, xüsusən də vətəni Kabilin çöküşünü görməyin onun qəlbini parçaladığını deyib. O, hələ də Əfqanıstanda qalan dostları və qohumları üçün çox narahat olduğunu bildirib.

"Mənim o ölkə, şəhər və onun insanları ilə çox güclü emosional bağlılığım var. Mən əslində 1976-cı ildən bəri Əfqanıstanda yaşamamışam. Ancaq böyüyüb yetişdiyim illər orada keçib. "Taliban" bayrağının o şəhərin üzərində uçduğunu görmək sadəcə ürək parçalayır", – Hüseyni CNN-ə deyib.

Sıravi əfqanların ümidi

Hüseyninin 2003-cü ildə yazdığı "Çərpələng uçuran" kitabı oxuculara Əfqanıstanda yaşayan iki oğlan uşağının hekayəsinı nəql edir. Sovet müdaxiləsindən "Taliban"ın yüksəlişinə qədər ölkənin həyatında baş verən mühüm hadisələr də bu hekayənin içinə hörülüb. Müəllifin bundan sonra yazdığı kitablar, "Min möhtəşəm günəş" və "Və dağlardan səda gəldi" romanları da son dərəcə uğurlu olub. Bu kitablarda da əfqanların hekayələri nəql edilir.

"Mən Əfqanıstanda olarkən yerli insanlarla danışdım. Onların hamısının bir ağızdan eyni sözü deməsi məni heyrətə gətirdi. Onlar deyirdilər ki, əgər amerikalılar ölkədən çıxsa, onlar əfqan dövlətinin onları qoruyacağına və ölkəni müdafiə edəcəyinə inanmırlar. Üstündən illər keçəndən sonra bu, əvvəlkindən də çox təsdiqlənmiş olur", – Hüseyni deyir.

"Taliban"ın yüksəlişi

ABŞ prezidenti Co Bayden bu il yayın əvvəlində ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxaracağını bəyan etmişdi. 2001-ci il sentyabrın 11-də ABŞ ərazisində törədilmiş terror hücumlarının ardınca başlayan bu münaqişə düz 20 il davam edib. Ancaq ABŞ-ın qoşunlarını geri çəkməsi prosesi bitməmiş "Taliban" hücuma keçərək çox qısa zaman ərzində ölkənin əsas şəhərlərini ələ keçirib, avqustun 15-də isə paytaxt Kabili tutaraq ölkədə hakimiyyətini bərqərar edib. Bayden bundan əvvəl "Taliban"ın ölkədə hakimiyyəti ələ keçirməsi ehtimalının son dərəcə az olduğunu bəyan etmişdi.

Yazıçı müsahibəsində "Taliban" hakimiyyətinə şübhə ilə yanaşdığını deyib. O hesab edir ki, "Taliban" bu dəfə fərqli olacağını sözdə yox, əməldə sübut etməli olacaq.

ABŞ-la 20 illik münaqişədən əvvəl də ölkəyə "Taliban" nəzarət edirdi.

"Əfqanıstandan əlimizi üzmək vaxtı deyil"

Hüseyni daha sonra deyib ki, dünya ölkədən qaçan əfqan qaçqınlarına kömək etməli, onları dəstəkləməlidir: "Mən bütün ölkələrə səslənib onları sərhədlərini açıq saxlamağa, 40 illik zorakılıq və təqibdən qaçan əfqan qaçqınlarını qəbul etməyə çağırardım. İndi Əfqanıstandan əlimizi üzmək vaxtı deyil. İndi əfqanlara və əfqan qaçqınlarına arxa çevirmək vaxtı deyil".

"ABŞ əfqanlara borcludur. Orada tərk edilmiş, ABŞ-ın məqsədlərinə xidmət etmiş, ABŞ-ın təşəbbüslərinə inanmış, həyatlarını riskə ataraq ABŞ və digər xarici ölkələrin silahlı qüvvələri ilə əməkdaşlıq etmiş insanlar var. Biz o insanlara arxa çevirməməliyik", – o əlavə edib.

Hazırda ABŞ həm amerikalıların, həm də əfqan tərəfdaşlarının Kabildən evakuasiyasını davam etdirir. ABŞ-la yanaşı, Türkiyə, Britaniya və Norveç də daxil olmaqla, bir neçə digər ölkənin təyyarələri insanların ölkədən çıxarılmasına yardım edib. Kabilin beynəlxalq hava limanında xaos və zorakılıq ciddi çətinliklər törədir və evakuasiya prosesinə mane olur.

XS
SM
MD
LG