Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Co Bayden milyonların məcburi vaksinasiyasına sərəncam verdi


Prezidentin əvvəlki göstərişlərindən xeyli sərtliyi ilə fərqlənən bu sərəncamın respublikaçılar tərəfindən müqavimətlə qarşılanacağı gözlənilir.

Prezident Co Bayden 100 milyonadək amerikalının koronavirusdan icbari vaksin edilməsini nəzərdə tutan göstəriş verib.

Prezidentin bu bəyanatı vaksinasiya kampaniyasının ləng davam etdiyi və daha təhlükəli Delta variantına görə yoluxmaların sürətlə artdığı bir vaxta təsadüf edib.

Sentyabrın 9-da Ağ Evdə çıxış edən prezident təxminən 80 milyon amerikalının hələ də peyvənd olunmamasını tənqid edib:

“Biz indiyədək səbirli olmuşuq, amma artıq səbrimiz tükənir. Sizin bundan imtina etməniz hamımıza baha başa gələ bilər”.

Ağ Evin yeni strategiyasına görə işçilərinin sayı 100-dən çox olan bütün idarə və müəssisələrdən əməkdaşlarının hər həftə test olunmaları və ya vaksin vurdurmaları tələb edilir.

Bu qərar özəl sektorda işləyən 80 milyonadək insanı əhatə edəcək. Bu tələblərə cavab verməyən şirkətlərin cərimələnəcəyi bildirilir.

Qərarda bundan başqa bütün dövlət və hökumət qulluqçularından, federal müqaviləsi olan müəssisələrin əməkdaşlarından vaksin olunmaları tələb olunur.

Bundan əvvəl belə şəxslərə hər həftə test vermək icazəsi verilmişdi. Bu da deyilir ki, tələbə cavab verməyənlər işdən çıxarılacaqlar.

Adamları evlərində vaksin edəcəklər

Bayden bundan əlavə dövlət tərəfindən maliyyələşdirilən bütün səhiyyə ocaqlarında çalışan 17 milyonadək tibb işçisinin icbari qaydada vaksin olunmalarını tələb edib.

Eyni qərar dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramlarında çalışanlara aiddir.

Qərarda habelə deyilir ki, bütün məktəblərin işçiləri məcburi qaydada vaksin olunmalıdır.

Prezident həmçinin böyük əyləncə mərkəzlərindən müştərilərdən vaksinasiya olunduqları barədə sənəd və ya testin neqativ cavabını göstərən arayış istəmələrini tələb edib.

Bu plana görə səyyar qaydada və ya evlərdə peyvənd üçün istehsalçılardan 280 milyon doza vaksin hazırlamaları tələb olunur.

Bundan başqa Bayden administrasiyası bu ayın sonlarına doğru üçüncü doza və ya busterlərin vurulmasını planlaşdırır.

“Mənim bir prezident kimi vəzifəm...”

Co Baydenin əvvəlki göstərişlərindən xeyli sərtliyi ilə fərqlənən bu sərəncamın respublikaçılar tərəfindən müqavimətlə qarşılanacağı gözlənilir. Bəzi ekspertlər hətta məhkəmə şikayətlərinin olacağını bildirirlər.

Lakin Bayden bəzi respublikaçılara işarə ilə deyib:

“Söhbət şəxsi seçim azadlığından getmir. Söhbət sizin və ətrafınızdakıların qorunmasından gedir. Söhbət sizinlə birlikdə işləyənlərdən, qayğısına qaldığınız və sevdiyiniz adamlardan gedir. Mənim bir prezident kimi vəzifəm isə bütün amerikalıları qorumaqdır”.

Pulsuz vaksinlərin bolluğuna baxmayaraq peyvənd olunmalı amerikalıların dörddə üçünə yalnız bir doza vaksin vurulub.

Əhalinin 62 faizi iki doza ilə tam vaksinlənib.

Koronavirus ABŞ-da 654 min insanın həyatına son qoyub.

XS
SM
MD
LG