Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

AZAL prezidentinin xanımının məhkəmədə cavab verməsi tələb olundu


Cahangir Əsgərov və Zərifə Həmzəyeva
Cahangir Əsgərov və Zərifə Həmzəyeva

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın məhkəmə önündə cavab verməsi tələb olunub. Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun şahid qismində dindirilməsi haqda vəsatət qaldırılıb. Bu tələbi səsləndirənlər isə hazırda Həmzəyevanın rəhbərlik etdiyi "İdeal" mağazalar şəbəkəsinin yaradıcısı və keçmiş sahibi İlqar İsmayılovun vəkilləri olub.

2020-ci ilin aprelindən həbsdə olan İsmayılovun vəkilləri deyir ki, Həmzəyevanın dindirilməsi zəruridir. Çünki 2011-ci ildən o da şirkətin həmtəsisçisi olub.

"Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu..."

"Elektron yazışmalardan aydın olur ki, faktiki rəhbərlik Zərifə Həmzəyevaya məxsus olub. Ən xırda məsələlərdən də onun xəbəri olub. Az qala, şirkətə süpürgə alınmasına qədər onun göstərişi ilə baş verib. Həm də məhkəmədə dindirilən şahidlər ona mütəmadi şirkətdən gəlirlər verildiyini bildiriblər", – vəkil İlhamə Həsənova vəsatəti belə əsaslandırıb.

2006-2017-ci illərdə şirkətdə çalışmış Həbib Qarayev də məhkəmədə ifadəsində deyib ki, o, Həmzəyevaya çatası gəliri dəfələrlə aparıb "Gazelli Group"un vitse-prezidenti Fuad Əliyevə təqdim edib: "Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu...".

Vəkillər Fuad Əliyevin də məhkəmədə dindirilməsini istəyib.

Lakin məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.

"İdeal"ın keçmiş rəhbərinin mühakiməsi oktyabrın 4-də davam edəcək.

Xatırlatma

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. İşadamına CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, "İdeal"ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb.

İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Cahangir Əsgərovun iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi "İdeal"ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı.

"İdeal"ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"yə daxil edilib.

Həmzəyeva, eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group"un prezidenti, "Premium Bank"ın da əsas təsisçisidir.

Həmzəyeva şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Lakin məhkəmə İsmayılovu haqlı sayaraq ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.

XS
SM
MD
LG