Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:30

DST rəsmisindən xəbərdarlıq


Moskvada koronavirus testi götürülür
Moskvada koronavirus testi götürülür

Kursk, Bryansk, Çelyabinsk, Tomsk və Smolensk rəsmiləri noyabrın 3-də bildiriblər ki, qapanma noyabrın 8-dən sonra da davam edəcək

Avropada koronavirusa yoluxmaların artması “dərin narahatlıq” yaradır və gələn ilin əvvəlinədək regionda əlavə yarım milyon insan bu virusdan vəfat edə bilər. Belə bir xəbərdarlıqla Dünya Səhiyyə Təşkilatı (DST) noyabrın 4-də çıxış edib.

“Avropa regionunun 53 ölkəsində yoluxmaların indiki səviyyəsi dərin narahatlıq yaradır”, – DST-nin Avropa üzrə başçısı Hanz Kluge noyabrın 4-də mətbuat konfransında deyib. O, delta ştammının səbəb olduğu yeni yoluxmaların rekord səviyyəyə yaxınlaşdığını sözlərinə əlavə edib.

Şərqi Avropada vaksinasiya səviyyəsinin aşağı olması, vaksinlərlə bağlı skeptisizm və dezinformasiya fonunda yoluxmalar artmaqdadır.

Kluge deyib ki, indiki trayektoriya davam etsə, bir etibarlı proqnoza görə, fevraladək “COVID-19-dan əlavə yarım milyon ölüm qeydə alına bilər”.

***

Rusiyanın regionlarında qapanma uzadılır

Rusiyanın bir sıra regionları oktyabrın 30-dan başlanmış bir həftəlik qapanmanı uzadırlar. COVID-19-a yoluxmalarda artım və gündəlik ölüm hallarında daha bir rekord onları bu addıma vadar edir.

Kursk, Bryansk, Çelyabinsk, Tomsk və Smolensk rəsmiləri noyabrın 3-də bildiriblər ki, qapanma noyabrın 8-dən sonra da davam edəcək.

“Gərgin epidemioloji vəziyyət bizi qeyri-iş günlərini daha bir həftə uzatmağa vadar edir. Bir həftəlik qeyri-iş günü yoluxma zəncirini qırmaq üçün yetərli deyil”, – Tomskun qubernatoru Sergey Jvaçkin deyib.

Moskva

Novqorod regionu noyabrın 1-də şatdaunu daha bir həftə uzatdığını açıqlayıb.

Prezident Vladimir Putin noyabrın 7-dək qeyri-iş günü elan edəndə bu müddəti uzatmaq səlahiyyətini regional hakimiyyətlərə verib.

Moskva hakimiyyəti isə bizneslərin noyabrın 8-dən açılacağını deyib.

“Xəstəliyin yayılması onun aşkarlanması və hospitalizasiya ilə nəticələnən ağır formaları baxımından sabitləşib”, – RIA xəbər agentliyi mer Sergey Sobyaninə istinadla yazıb.

Merin sözlərinə görə, şirkətlər üçün işçilərin azı 30 faizinin evdən çalışması tələbi qüvvədə qalacaq.

Moskva regionu və qonşu Tula regionu qapanmanı uzatmayacaqlarını bildiriblər.

Noyabrın 3-də Rusiyada COVID-19-dan ölüm hallarında daha bir antirekord – 1189 ölüm qeydə alınıb. Bu gün – noyabrın 4-də isə koronavirusdan 1195 ölümün aşkarlandığı açıqlanıb. Son 24 saat ərzində 40 min 200-dən çox yoluxmanın 6 min 305-i Moskvanın payına düşür.

Latviya, İngiltərə

Latviyada da vəziyyət pisləşib. Noyabrın 8-dən ölkədə üç aylıq fövqəladə vəziyyət elan edilib. 1.9 milyon əhalisi olan bu Baltik ölkəsində gündəlik yoluxma sayı mini aşır.

Ümumi ictimaiyyətin girişi olan bütün binalarda maska tələbi qüvvədədir, hökumətdə çalışan hər kəs isə noyabrın 15-dək peyvənd olunmalıdır.

Latviyalılardan mümkün olduğu hallarda evdən işləmək istənilir.

İngiltərədə COVID-19-un yayılması oktyabrda rekord səviyyəyə çatıb. Məlumatı London İmperial Kolleci noyabrın 4-də yayıb. Uşaqlar arasında və ölkənin cənub-qərbində yoluxmaların artdığı bildirilir.

Tədqiqatçılar məktəb yaşlı uşaqların 6 faizə yaxınının COVID-19-a tutulduğunu deyirlər.

Baş nazir Boris Conson isə yüksək yoluxma səviyyəsini idarə etməyə çalışır. O, ötən qışla müqayisədə vaksinasiyanın yoluxma ilə ölümlər arasında əlaqəni qırdığını bildirib.

Türkiyə

Türkiyədə Pfizer/BioNTech vaksini vurulmuş şəxslərə buster dozaları vurulacaq. Səhiyyə naziri Fahrettin Koca bu haqda açıqlama verib.

Türkiyədə artıq 11.2 milyondan çox şəxsə üçüncü dozalar vurulub. Onlar Çininin Sinovac vaksini ilə peyvəndlənmuş şəxslərdir ki, bu vaksinin effektinin daha tez azaldığı bildirilir.

Koca deyib ki, Pfizer/BioNTech vurduranlar üçün buster dozaların tətbiqinə noyabrın 4-dən başlanır. Əvvəlcə yaşlılara, xroniki xəstəliyi olanlara, səhiyyə işçilərinə, yüksək risk qrupunda olan digər şəxslərə gücləndirici doza vurulacaq.

Onun sözlərinə görə, əhalinin 59 faizinə hər iki doza vurulub. “Kütləvi immunitetin əldə olunması üçün bu göstərici 70 faizdən yüksək olmalıdır”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG