Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:22

Rusiya XİN: 'Guya Dağlıq Qarabağı qoparmaq, onu Azərbaycana vermək...'


Rusiya qoşunları Şuşa yolunda. Noyabr 2020
Rusiya qoşunları Şuşa yolunda. Noyabr 2020

Azərbaycan rəsmiləri "guya Dağlıq Qarabağı qoparmaq, onu Azərbaycana vermək" ifadəsinə münasibət bildirməyiblər.

Azərbaycanla Ermənistanın ötən il noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə imzaladığı atəşkəs bəyanatının bir illiyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı yayılıb. Bəyanatı TASS dövlət xəbər agentliyi yayıb.

Bəyanatda deyilir ki, Rusiyanın Ermənistan və Azərbaycanla ünsiyyətə eksklüziv hüquq əldə etmək məqsədi yoxdur.

“Rusiya tərəfinin Ermənistanla Azərbaycanın ünsiyyətində monopoliya yaratmaq niyyəti yoxdur. Baxmayaraq ki, bizi bu ölkələr və xalqlar ilə uzunmüddətli və sıx dostluq birləşdirir, bütün müstəvilərdə irimiqyaslı tərəfdaşlığımız var. Biz beynəlxalq ictimaiyyətin mövcud potensialından, dəyişən regional reallıqları adekvat şəkildə nəzərə alaraq effektli istifadənin tərəfdarıyıq”, – bəyanatda deyilir.

Qarabağı “qoparıb Azərbaycana vermək” nə deməkdir?

Bəyanatda diqqət çəkən məqam Dağlıq Qarabağı “guya qopardıb Azərbaycana vermək” ifadəsinin yer almasıdır.

Rusiya XİN üçtərəfli bəyanatın qəbulundan keçən bir il ərzində sosial şəbəkələrdə və internet resurslarda yayılan informasiyaları təkzib edir. Söhbət Rusiya sülhməramlı cəhdlərinin “guya Dağlıq Qarabağı qoparmaq, onu Azərbaycana vermək, Ermənistanı “protektorata” çevrirməyə yönəlməsi" haqda iddialardan gedir. “Bu bəyanatlar populist xarakter daşıyır, tamamilə aşkar şəkildə xarici sifariş yerinə yetirir, reallıqla heç bir əlaqəsi yoxdur”, – XİN bildirir.

Azərbaycan rəsmiləri “guya Dağlıq Qarabağı qoparıb Azərbaycana vermək” ifadəsinə münasibət bildirməyiblər. Rusiya XİN-in bu bəyanatını nazirliyin öz saytında da tapmaq mümkün olmayıb.

9 noyabr atəşkəs bəyannaməsi ilə 44 günlük Qarabağ müharibəsi dayandı, qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirildi. Azərbaycan hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa edib. Prezident İlham Əliyev müharibə bitəndən sonra dəfələrlə münaqişənin tarixdə qaldığını, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu desə də, Ermənistan və Qərb rəsmiləri münaqişənin hərtərəfli həlli üzrə danışıqları bərpa etməyə, Qarabağın statusunu müəyyənləşdirməyə çağırırlar. Bəzi Qərb təhlilçiləri isə Rusiyanın Qarabağı öz anklavına çevirməyə çalışdığını düşünürlər.

Tərəflərə zorla qəbul etdirilməyən sənədlər

Rusiya XİN bəyanatında qeyd edir ki, Moskvanın irəli sürdüyü üçtərəfli sənədlər və mexanizmlər tərəflərə zorla qəbul etdirilməyib, maraqlar balansına əsaslanıb.

“Bəzi təşəbbüslərimizi razılaşdırmaq alınmayıb və bu normaldır. Əziyyətlə əldə olunmuş razılaşma isə praktikada reallaşdırılır”, – bəyanatda deyilir.

Rusiya XİN Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə danışıqlara töhfə verməyə hazır olduğunu bildirib. Prezident Vladimir Putin bir müddət öncə deyirdi ki, sərhədlərin müəyyənləşdirilməsi Rusiyasız mümkün deyil.

Bəyanatda həmçinin ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə “enerjili işinin” davam etdirməsinə hazırlıq vurğulanır.

XS
SM
MD
LG