Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:21

Cənubi Qafqazda nəqliyyat əlaqələri müzakirə olunur


Mqer Qriqoryanla (ortada sağda) Aleksey Overçukun görüşü, arxiv fotosu
Mqer Qriqoryanla (ortada sağda) Aleksey Overçukun görüşü, arxiv fotosu

Prezident Əliyev Azərbaycanda avtomobil yolunun böyük hissəsinin artıq inşa olunduğunu vurğulayıb

Ermənistanın Baş nazir müavini Mqer Qriqoryan Moskvada rusiyalı həmkarı Aleksey Overçukla görüşüb. Tərəflərin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığı müzakirə etdiyi bildirilir.

Rəsmi məlumata görə, görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasına da toxunulub. Bu məsələ Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrup çərçivəsində götür-qoy edilir.

Ermənistan və Azərbaycan liderlərinin ötən il noyabrın 26-da Soçi görüşündə iki ölkə arasında Yerasx-Culfa-Mehri-Horadiz dəmiryolunun yenidən açılması üzrə razılıq əldə olunub. Ermənistan tərəf öz ərazisində dəmiryolunun ölkə qanunvericiliyinə uyğun tənzimlənəcəyini deyir.

60 kilometrlik hissə tikilib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşdə deyib ki, dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəsi tikilib, tikinti gələn il tamamlanacaq. Prezidentin sözlərinə görə, Ermənistanda heç bu işin texniki-iqtisadi əsaslandırılması başlanmayıb, “bu da prosesin ləngiyə bilməsini göstərir”. Avtomobil yoluna gəldikdə, prezident Azərbaycanda yolun böyük hissəsinin artıq inşa olunduğunu vurğulayıb. O, gələn ilin sonuna kimi avtomagistralın Ermənistan sərhədinə çatdırılacağını qeyd edib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.

Bu il aprelin 6-da isə Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.

XS
SM
MD
LG