Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:17

Paşinyan KTMT-ni tənqid edib, Putinlə görüşüb


Vladimir Putin (sağda) və Nikol Paşinian, 16 may, 2022-ci il
Vladimir Putin (sağda) və Nikol Paşinian, 16 may, 2022-ci il

Paşinyan qurumu "Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxiləsi"nə gərəkən reaksiyanı verməməkdə günahlandırıb.

Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 16-da Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin görüşündə iştirak məqsədilə Moskvada səfərdədir. Ermənistan hazırda KTMT-yə sədrlik edir.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Putin iki lider arasında “həm ikitərəfli, həm də regional problemlər” üzrə mütəmadi kontaktların olduğunu qeyd edib. Rusiya prezidenti ötən il iki ölkənin ticarət dövriyyəsinin artdığını, investisiyaların davam etdiyini bildirib. “Biz Qarabağ probleminin tənzimlənməsində fəal şəkildə və artıq üçtərəfli formatda, Azərbaycandan tərəfdaşlarımızla birlikdə işi davam etdiririk”, – o deyib.

Kərkidə son durum: Ermənistanın nəzarətində olan kənddən reportaj
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Ermənistana investisiya marağı artır

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30, KTMT-nin isə 20 illiyini əhəmiyyətli hadisə adlandırıb.

İqtisadiyyata gəlincə, o, martda müəyyən azalmadan sonra ikitərəfli iqtisadi münasibətlərin yenidən aktivləşdiyini, Rusiya biznesinin Ermənistana investisiya qoymaq marağının artdığını qeyd edib.

“Ümid edirəm ki, bu gün regional təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də Dağlıq Qarabağın tənzimlənməsini... ATƏT-in Minsk qrupunun həmsədrliyini müzakirə edəcəyik. Sizinlə müəyyən informasiyanı bölüşmək, həm də bu məsələni müzakirə etmək istəyirəm”, – Paşinyan deyib.

KTMT-yə iradlar

KTMT-nin yubiley sammitində çıxış edən Paşinyan qurumu “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxiləsi”nə gərəkən reaksiyanı vermədiyinə görə tənqid edib.

Ötən ilin mayında Ermənistan Azərbaycanı ərazi müdaxiləsində ittiham etsə də Azərbaycan sadəcə mövqe dəyişikliyi etdiyini deyirdi.

“Ötən il, elə bu günlərdə Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə müdaxilə etdilər. Ermənistan KTMT-yə müraciət etdi ki, 2010-cu il 10 dekabr tarixli, KTMT-də böhran vəziyyətlərinə reaksiya haqda bəndə uyğun olaraq mexanizmləri işə salsın. Bu sənəd Kollektiv Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib, ancaq təəssüf ki, təşkilatın Ermənistanın gözlədiyi reaksiyanı verdiyini demək olmaz”, – Paşinyan bildirib.

Silah ittihamı

Baş nazir Paşinyan qurum üzvlərini uzun müddət Bakıya silah verməkdə ittiham edib, sonucda bu silahların “Ermənistana, erməni xalqına qarşı istifadə olunduğunu” vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə digər ölkələri, konkret Rusiyanı Ermənistanı silahlandırmamağa çağırıb. Rusiya isə bu məsələni özünün suveren hüququ olduğunu deyib.

2020-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsi dövründə və ondan sonrakı mövqeyinə görə KTMT-ni tənqid edən Paşinyan müharibənin dayandırılmasında Putinin rolunu yüksək qiymətləndirdiyini söyləyib.

Azərbaycan həmin müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Hazırda tərəflər sülh sazişi üzərində işə başlamaq üçün hazırlıq getdiyini deyir, qarşılıqlı sülh təklifləri irəli sürürlər. İki ölkənin sərhədi müəyyənləşdirilməyib.

XS
SM
MD
LG