Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:14

Lisiçanskda vəziyyət 'xeyli pisləşib'


Donbasda ukraynalı hərbçi Nataliya
Donbasda ukraynalı hərbçi Nataliya

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mayın 29-da Fransa televiziyasına deyib ki, Donbasın “azad edilməsi” Moskva üçün “qeyd-şərtsiz prioritet”dir.

Avropa İttifaqı (Aİ) liderləri mayın 30-da Kiyevə dəstək üçün bir araya gələcək. Rusiya qüvvələri isə Ukraynanın cənub-şərqindəki Donbas regionuna hücumu gücləndirir.

Aİ-nin ikigünlük sammiti ərəfəsində Almaniyanın İqtisadiyyat naziri Robert Habek blokun vəhdətində “parçalanmanın başlaması” ilə bağlı narahatlıq bildirib.

Sammitdə blok üç aydan çoxdur özünü Rusiyanın səbəbsiz işğalından müdafiə edən Ukraynaya dəstəyini bir daha vurğulayacaq, Kiyevə silah və maliyyə yardımının davam edəcəyini bildirəcək.

Mayın 29-da Aİ səfirləri kəmərlə idxal olunan Rusiya neftini sanksiyalardan azad etməklə bağlı Avropa Komissiyasının təklifi üzrə konsensus əldə edə bilməyiblər. Komissiya daha öncə altı ay ərzində Rusiyadan neft idxalına tamamilə qadağa qoymağı təklif edirdi. Amma Macarıstan buna qarşı çıxıb.

Aİ sammitində müzakirənin yenidən açılacağı, beş il ərzində Rusiyadan neft idxalına son qoyulması təklifinin də götür-qoy olunacağı gözlənir.

Severodonetsk

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 30-da Aİ liderlərini Rusiyaya iqtisadi sanksiyaların yeni partiyasına çağıracağı gözlənir.

Rusiya Ukraynanın şərqində hücumu gücləndirir, strateji şəhərlərə yaxınlaşır. Prezident Zelenski mayın 29-da Xarkova baş çəkəndən sonra bu şəhər atəşə tutulub.

Ukraynanın şərqindəki Severodonetsk və Lisiçansk şəhərlərinə Rusiyanın təzyiqi artır. Yaxınlıqdakı Liman şəhərinin artıq tutulduğu iddia olunur. Ukrayna isə strateji ərazilərin hələ də müdafiə olunduğunu deyir.

Luqansk vilayətinin qubernatoru Serger Qayday son saatlarda Lisiçanskda vəziyyətin “xeyli pisləşdiyini”, “itkilər, yaralılar olduğunu” deyib.

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələri Severodonetskdə “hücum əməliyyatı həyata keçiriblər”. Qayday isə Donets çayı sahilində yerləşən şəhərdə küçə döyüşləri getdiyini bildirib.

Qayday mayın 30-da deyib ki, Rusiya qüvvələri “çox ağır” döyüşlərlə Severodonetskə girir. Onun sözlərinə görə, 1 milyon insanı qazsız, susuz qalıb, dinc sakinlərin çıxarılması davam edir.

Zelenski Xarkovda olub

Zelenski mayın 29-da televiziya ilə çıxışında deyib ki, Severodonetksdə “binaların 90 faizinə ziyan dəyib”, “şəhərdəki yaşayış binalarının üçdə ikisi tamamilə dağıdılıb”.

“Severodonetski tutmaq işğalçıların əsas tapşırığıdır. Bu hücumun qarşısını kəsmək üçün əlimizdən gələni edirik”, – Zelenski Rusiya qüvvələri haqda deyib.

Zelenski çıxışdan öncə Xarkov şəhərinə qəfil səfər edib, cəbhə xəttində əsgərlərlə, Xarkovun meri İqor Terexov, vilayət administratoru Oleq Sinyehubov, hərbi komandanlıq üzvlərilə görüşüb.

“Bizim üçün, ölkəmiz üçün həyatınızı riskə atırsınız”, – deyən Zelenski gülləkeçirməz jiletdə Rusiya tərəfindən dağıdılmış yerlərdə olub. Zelenskinin videosunu prezident idarəsi yayıb.

Məlumata görə, Sinyehubov deyib ki, Rusiyanın hücumları nəticəsində 2 min 229 çoxmərtəbəli binaya ziyan dəyib, onlardan 225-i tamamilə dağıdılıb.

Ancaq bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün olmayıb.

Səfərdən sonra partlayış səsləri

“Reuters” xəbər verir ki, prezidentin səfərindən bir neçə saat sonra şəhərdə partlayış səsləri eşidilib, mərkəzi hissədən şimal-şərq tərəfdə nəhəng tüstü dalğası qalxıb.

Ukrayna Dövlət Fövqəladə Xidməti Rusiyanın Xarkovu atəşə tutması nəticəsində yanğınlar baş verdiyini bildirib. Bir neçə həftə öncə ölkənin ikinci böyük şəhəri olan Xarkovda geri oturdulan Rusiya bombardmanı davam etdirir.

Rusiya qüvvələrini Ukraynanın şərqinə, özəlliklə Donbas vilayətinə yönəldib. Xarici işlər naziri Sergey Lavrov mayın 29-da Fransa televiziyasına deyib ki, Donbasın “azad edilməsi” Moskva üçün “qeyd-şərtsiz prioritet”dir. Onun sözlərinə görə, Ukraynanın digər əraziləri öz gələcəklərinə qərar verməlidirlər.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Qərb Moskvaya ağır sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG