Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Rusiyanın 300 milyard dollarının taleyi necə olacaq – Qərb mediası


Rusiya, arxiv fotosu
Rusiya, arxiv fotosu

Rusiya mərkəzi bankının bütün aktivləri müsadirə olunsa belə, Ukraynanın bərpa xərclərinin yalnız yarısını qarşılaya bilər

Ukraynaya təcavüzdən sonra Rusiya mərkəzi bankının dondurulmuş 300 milyard dollarlıq aktivini işğal olunan ölkənin yenidən qurulmasına yönəlməklə bağlı Avropada çağırışlar səslənir. “The New York Times” qəzeti bu hərəkatın ABŞ-da müqavimətlə üzləşdiyini yazır. Bayden administrasiyasının rəsmiləri xəbərdarlıq edirlər ki, bu vəsaitlərin başqa istiqamətə yönəldilməsi qanunsuz olar, ABŞ-a sərmayə sığınacağı kimi nüfuzuna zərbə vurar.

Ukrayna Prezidenti Volodimir Zelenski aylarla çəkən artilleriya, raket və tank hücumlarının ölkəyə vurduğu ziyanın 600 milyard dollar ola biləcəyini deyir. Yəni, Rusiya mərkəzi bankının bütün aktivləri müsadirə olunsa belə, bu xərclərin yalnız yarısını qarşılaya bilər.

Başqa valyutaya meyllənmə ola bilərmi

Ötən həftə Estoniya, Latviya, Litva və Slovakiyanın maliyyə nazirləri birgə bəyanat yayaraq Avropa İttifaqını Rusiya mərkəzi bankının dondurulmuş aktivləri ilə Ukrayna şəhərlərinin bərpasının yolunu tapmağa çağırıblar. Onlar Rusiyanın bununla hərəkətləri üçün hesabat verəcəyini, vurduğu ziyanın bədəlini ödəyəcəyini bildiriblər.

Qəzet Bayden administrasiyasının aktivlərin müsadirəsi cəhdinə qoşulub-qoşulmamağı müzakirə etdiyini yazır. Dollar və avroda saxlanan vəsaitin yalnız bir hissəsi Birləşmiş Ştatlardadır, böyük hissəsi Avropada, o cümlədən İsveçrədə saxlanır.

Maliyyə naziri Canet Yellen ötən ay Almaniyada mətbuat konfransında deyib ki, vəsaitin müsadirəsi ABŞ qanunlarını pozar.

Ancaq administrasiyanın bir rəsmisinin sözlərinə görə, sanksiyalar məsələsində avropalılarla fikir ayrılığının olmasına könülsüz yanaşma var. Birləşmiş Ştatlar məsələdə ümumi məxrəci tapmağa çalışır, həm də bir məsələni araşdırır – aktivlərin müsadirəsi digər ölkələri başqa valyutalara meylləndirə bilərmi.

Xəzinədarlığın sözçüsü Yellenin dediklərini şərh edərkən 1977-ci ildə qəbul edilmiş Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına istinad edib. Sənəddə deyilir ki, prezident hər hansı ölkənin hücum altında olduğunu, yaxud “silahlı əməliyyatlar apardığı”nı müəyyən edərsə ABŞ xarici əmlakı müsadirə edə bilər.

Kiberhücumlar

Harvard Universitetində fəxri hüquq professoru Lorens Traybın fikrincə, Prezident Co Bayden Rusiyanın ABŞ-a qarşı kiberhücumlar apardığını deyərək mərkəzi bankın aktivlərini likvidasiya edə bilər.

Maliyyə naziri “Yellen bunu qanunsuz hesab edirsə, kökündən yanılır. Ola bilsin, onlar hüquqi məsələləri siyasi narahatlıqla qarışdırırlar”, – professor sözlərinə əlavə edib.

Birləşmiş Ştatlar yaxın keçmişdə Əfqanıstanın, İranın və Venesuelanın aktivlərini müsadirə edib. Trayb Rusiyanın aktivlərinin xüsusi yanaşmaya layiq olmadığını deyir.

Ancaq məsələ ondadır ki, ABŞ həmin ölkələrin hökumətlərini legitim hesab etməyib. Virciniya Universitetindən hüquq professoru Pol Stefan deyir ki, Bayden aktivlərin müsadirəsindən ötrü kiberhücumları əsas gətirsə, Rusiya ilə eskalasiyanı dərinləşdirər.

Fevralın sonunda Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib. Sanksiyalarla bağlı bir sıra beynəlxalq korporasiyalar Rusiyadan gedib.

XS
SM
MD
LG