Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

İxrac gəliri iki dəfə artıb


İxracın strukturunda ciddi dəyişiklik baş verməyib
İxracın strukturunda ciddi dəyişiklik baş verməyib

Dövlət Gömrük Komitəsi 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın xarici ticarət göstəricilərini açıqlayıb. Açıqlanan göstəricilərə görə, ilin ilk yarısında Azərbaycan toplamda 18 milyard 479 milyon dollar dəyərində ixrac həyata keçirib. Xatırladaq ki, ötən ilin uyğun dövründə Azərbaycanın ixracı 8 milyard 811 milyon dollara bərabər olmuşdu. Bu o deməkdir ki, son bir ildə Azərbaycanın ixracdan əldə etdiyi gəlir iki dəfədən çox artıb.

2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın idxalı isə 6 milyard 357 milyon dollar həcmində olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyard dollar artım deməkdir. İxracın artım tempinin idxalın artım tempini qabaqlaması ticarət saldosunun da böyüməsinə səbəb olub. Beləcə, ötən ilin ilk yarısında müsbət 3 milyard 420 milyon dollara bərabər olan ticarət saldosu bu il 12 milyard 122 milyon dollara yüksəlib. Bu il ərzində Azərbaycan toplamda 165 ölkə ilə ticarət əlaqəsi qurub.

Artım nəyin hesabına baş verib

Azərbaycanın ticarət göstəriciləri ötən ilə nəzərən ciddi şəkildə yaxşılaşsa da, ixracın strukturunda ciddi dəyişiklik baş verməyib. Qeyd edilən artım ənənəvi olaraq enerji resursları hesabına baş verib. Bu ilin əvvəllərindən dünya bazarlarında enerjidaşıyıcıların kəskin bahalanması Azərbaycanın əldə etdiyi gəlirlərin də kəskin artmasına yol açıb. Xatırladaq ki, ilin əvvəlində büdcədə neftin bir barelinin qiyməti 50 dollardan hesablanmışdı. Sonradan hökumət qiymətlərin daha yüksək olduğunu görərək bu rəqəmi 85 dollara qaldırdı. Ancaq artıq uzun müddətdir ki, Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşmür.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycanın əldə etdiyi ixrac gəlirlərində neft-qaz sektorunun payı 92.11 faizə bərabər olub. Yəni, ölkənin xarici ticarətdən əldə etdiyi hər 100 dolların 92-si məhz neft-qaz sektoru ilə bağlıdır. Ötən il bu göstərici 5 faiz az, 87 faizə yaxın idi. Yəni, hökumət son illərdə qeyri-neft sektorunun inkişafından danışsa da, ötən ilə nəzərən neft-qaz sektorunun ixracdakı payı qeyri-neft sektoruna nəzərən daha çox artıb. Ölkənin ixracında enerji resurslarının bu qədər çox yer tutması Azərbaycan iqtisadiyyatı üçün yüksək göstəricilərlə yanaşı, həm də yüksək risklərin yaranmasına səbəb olub. Ölkənin qeyri-neft ixracının toplam ixracda 10 faizdən də az yer tutması neft-qaz qiymətlərinin kəskin düşəcəyi halda, ölkə iqtisadiyyatının ciddi problemlərlə üzləşəcəyi mənasına gəlir.

Azərbaycanın neft-qaz sektoru ilə bağlı ötən illərdən fərqli məqam qaz gəlirlərinin neft gəlirlərinə yaxınlaşması ilə bağlıdır. Bu ilin ilk 6 ayında Azərbaycan neft və qaz satışından toplamda 17 milyard dollar gəlir əldə edib. Bunun 9 milyard 361 milyon dolları (55 faiz) neft ixracının, 7 milyard 440 milyon dolları isə (45 faiz) təbii qaz ixracının payına düşüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin neft-qaz gəlirlərinin içərisində qaz gəlirləri cəmi 20 faiz paya sahib idi.

İdxalda dövlət sektorunun və MDB-nin payı artıb

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdə diqqətçəkən daha bir məqam ötən illə müqayisədə dövlət sektorunun idxalındakı kəskin artımla bağlıdır. Belə ki, 2021-ci ilin ilk 6 ayı ərzində dövlət sektoru toplamda 440 milyon dollarlıq idxal həyata keçirmişdi. Bu, ümumi idxalın 8 faizi demək idi. Bu il isə ilin ilk yarısında dövlət sektorunun həyata keçirdiyi idxalın həcmi iki dəfədən çox artıb. 2022-ci ildə dövlət sektorunun idxal həcmi 1 milyard 24 milyon dollara yüksəlib. Beləcə, dövlət sektorunun idxalda payı 16 faizə yüksəlib. Özəl sektorun idxal həcmi isə 4 milyard 735 milyon dollar olub. Bu, ümumi idxalın dörddə üçü deməkdir. İdxalın təxminən 600 milyon dolları – təxminən 10 faizi isə fiziki şəxslərin payına düşüb.

İdxalın coğrafi strukturunda da 2021-ci ilə nəzərən dəyişiklik gözə çarpır. Bu dəyişiklik MDB ölkələrinin idxaldakı payının artması ilə bağlıdır. Əgər 2021-ci ildə Azərbaycanın toplam idxalının 24 faizi MDB ölkələrindən gerçəkləşmişdisə, 2021-ci ildə bu rəqəm 5 faiz artaraq 29 faizə çatıb. Avropa İttifaqının idxaldakı payı isə həmin müddət ərzində 20 faizdən 16 faizə enib. İdxalı ölkələr üzrə nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycanın idxalında cəmi üç ölkənin payı 10 faizdən çoxdur – Rusiya (18.60), Türkiyə (16.56) və Çin (14.83).

Ölkənin ixracında isə əks tendensiya baş verib. Yəni, Avropa İttifaqının payı artıb. MDB ölkələrinin ixracdakı payı isə, əksinə, azalıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın toplam ixracının 62 faizi Avropa İttifaqının payına düşüb. Bu, ölkənin enerji resurslarının əsas alıcısının Qərb ölkələri olması ilə bağlıdır. 2021-ci ildə həmin göstərici 51 faizə bərabər idi. MDB ölkələrinin ixracdakı payı isə bir il ərzində 9 faizdən 5 faizə enib.

Xaricdən ən çox nə idxal etmişik

2022-ci ildə Azərbaycanın idxalında əsas yeri maşın və avadanlıqlar tutub. Bu avadanlıqların idxalına ölkə ilk 6 ayda 1 milyard 276 milyon dollar vəsait sərf edib. Bu, Azərbaycanın bütün idxalının 20 faizini təşkil edib. İdxalda ikinci böyük istiqamət qida və ərzaq məhsulları ilə bağlıdır. İlin ilk 6 ayı ərzində Azərbaycana xaricdən gətirilən qida məhsullarının dəyəri 1 milyard 57 milyon dollar olub. Bu, ümumi idxalın 16 faizi deməkdir. 1 il öncəyə nəzərən, ölkəyə idxal edilən qida məhsullarının həcmi 100 milyon dollardan çox artıb. İdxalına ən çox vəsait xərclənən qida məhsulları buğda (143 milyon dollar), yağlar (138 milyon dollar) və meyvə-tərəvəzdir (132 milyon dollar).

İdxalda ən çox yer tutan üçüncü istiqamət nəqliyyat vasitələri olub. Bu ilin ilk 6 ayında ölkəyə 782 milyon dollar dəyərində nəqliyyat vasitəsi və onların ehtiyat hissələri idxal edilib. Burada diqqətçəkən məqam odur ki, ölkəyə gətirilən avtomobillərin sayı azalsa da, toplam dəyəri artıb. Belə ki, 2021-ci ilin ilk 6 ayında Azərbaycana 39 min 643 nəqliyyat vasitəsi idxal olunub. Bu il həmin rəqəm 35 min 173 olub. Bu azalmaya baxmayaraq, idxal edilən avtomobillər üçün ödənilən vəsait 398 milyon dollardan 461 milyon dollara yüksəlib.

XS
SM
MD
LG