Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Pentaqon: ‘Rusiya elə bilir ki, Ukraynanın və bizim axırımıza çıxa bilər’


ABŞ-ın müdafiə naziri Lloyd Ostin
ABŞ-ın müdafiə naziri Lloyd Ostin

Bunu iyulun 20-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya hərbi yardım üzrə müttəfiqlərin növbəti iclasında deyib

Birləşmiş Ştatlar Ukraynaya daha 4 HIMARS yaylım atəşli raket kompleksi göndərəcək.

Bunu iyulun 20-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya hərbi yardım üzrə müttəfiqlərin növbəti iclasında deyib.

Reuters agentliyi xatırladır ki, bu həftənin əvvəlində Rusiyanın müdafiə naziri Sergey Şoyqu öz generallarına Ukraynaya verilmiş uzaqvuran Qərb raket və artilleria qurğularının məhv edilməsi əmrini vermişdi.

Ukrayna hazırda ABŞ və Qərb müttəfiqlərindən aldığı müasir raket və toplarla Rusiya qüvvələrinin təchizat xətlərini vurur.

Müharibənin başlanmasından az qala beş ay keçməsinə baxmayaraq, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donbas bölgəsində çox az irəliləyişə nail ola bilib.

Ostin video formatında keçirilən görüşün başlanğıcında deyib:

"Biz Ukrayna silahlı qüvvələrinin mərd kişi və qadınlarına uzunmüddətli dəstəyin saxlanması üçün innovativ yolların axtarışını davam etdirəcək və çalışacağıq ki, Ukrayna özünü müdafiə etmək üçün texnologiyalara, silah-sursata və atəş qüvvəsinə malik olsun”.

Qərb silahları Ukrayna savaşında vəziyyəti dəyişir
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

“Ukraynada müharibənin kritik fazasıdır”

Pentaqonun rəhbəri deyib ki, Ukraynada münaqişənin həlledici mərhələsi başlanıb:

"Hazırda münaqişənin kritik fazasıdır. Buna görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati əhəmiyyətlidir və təxirəsalınmazdır. Rusiya elə bilir ki, Ukraynanın və bizim axırımıza çıxa bilər. Amma bu, Rusiyanın yanılmalarından yalnız növbətisidir. Biz öz dəstəyimizdə qətiyyətliyik. Biz öz öhdəliklərimizə möhkəm sədaqətliyik”.

Lloyd Ostin bildirib ki, Qərb Ukrayna qarşısında yaranmış hərbi təhlükənin ciddiliyini dərk edir, amma eyni zamanda Rusiyanın hərbi qüdrətini qədərindən artıq qiymətləndirməyə dəyməz:

"Gəlin unutmayaq ki, Putin Rusiyanın hərbi qüdrətini daim qədərindən artıq qiymətləndirib. Və o daim öz vətənini müdafiə edən azad xalqın gücünü və onu dəstəkləyən beynəlxalq birliyin iradəsini qədərincə qiymətləndirməyib”.

Reuters yazır ki, Qərb Rusiyanın kəmiyyətcə artilleriya üstünlüyünü aradan qaldırması üçün Ukraynanı uzaqvuran artilleriya qurğuları və yaylım atəşli reaktiv zenit sistemləri ilə təchiz edir.

Ukrayna bildirir ki, bu silahların köməyi ilə Rusiyanın 30-dək logistika və silah-sursat qovşaqlarına uğurlu və dağıdıcı zərbələr endirib.

“Ukraynalılar Donbası itirməyiblər”

İyulun 20-də keçirilən videokonfransdan sonra ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Mark Mili deyib ki, Ukrayna Rusiya komanda və nəzarət qərargahlarını, logistika şəbəkələrini və havadan müdafiə sistemlərini vurmaq üçün ABŞ-ın verdiyi HIMARS sistemlərindən uğurla istifadə edib.

General əlavə edib ki, 200-dək Ukrayna hərbçisinə HIMARS-dan istifadə təlimi verilib və Rusiya tərəfinin məlumatlarına rəğmən bu sistemlərdən heç biri sıradan çıxarılmayıb.

Milli deyib ki, ukraynalılar hələki Donbası itirməyiblər və hazırkı vəziyyəti “üzücü və tükəndirici müharibə” adlandırmaq olar.

HIMARS sistemi Rusiyanın sovet istehsalı artilleriya və raket sistemləri ilə müqayisədə daha uzaqvuran və daha sərrastdır.

Ostin əlavə edib ki, Ukrayna üçün yeni hərbi yardım paketinə habelə ingiliscə qısaldılmış adı MLRS olan raket-zenit sistemləri üçün sursat daxil edilib.

Reuters yazır ki, beləliklə, ABŞ-ın Ukraynaya verdiyi HIMARS sistemlərinin toplam sayı 16-ya çatıb.

Birləşmiş Ştatlar müharibə başlanandan bəri Ukraynaya 8 milyard dollarlıq, təkcə ötən ay isə 2.2 milyard dollarlıq təhlükəsizlik yardımı göstərib.

Pentaqon rəhbəri Lavrova cavab verdi

İyulun 20-də etdiyi çıxışında Pentaqonun rəhbəri Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatına münasibət bildirib.

Lavrov demişdi ki, indi artıq Rusiya Ukraynada yalnız Donbası işğal etməklə kifayətlənməyəcək.

Ostin bildirib ki, görünür, Lavrov bu sözləri öz ölkəsinin əhalisi üçün deyib:

"Onun sözləri bizi və ya Avropada və dünyada heç kəsi təəccübləndirməyib. Düşünürəm ki, o Rusiyadakı insanlar üçün danışır. Bu insanları yaxşı məlumatlandırmayıblar”.

Reuters ABŞ hərbi hava qüvvələrinin qərargah rəisi general Çarlz Brauna istinadən yazır ki, Birləşmiş Ştatlar hazırda Ukraynanın gələcək hərbi hava donanmasının yaradılması çərçivəsində ukraynalı pilotlara uçuş təliminin verilməsi layihəsini nəzərdən keçirir.

General Mili isə bildirib ki, Ukrayna qoşunlarına, pilotlara təlim verilməsi də daxil kömək edilməsinin müxtəlif variantları nəzərdən keçirilir, amma hələki qərar qəbul edilməyib.

Bir sıra Ukrayna mənbələri bundan əvvəl bildirirdilər ki, Ukrayna pilotlarına ABŞ-ın F-15 və F-16 qırıcılarında uçmaq təlimi verilə bilər.

XS
SM
MD
LG