Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Məhkəmə bəraət verdi: 'Polis dedi ki, bu işi üstünə götür, bağlanmasa, problem olur'


Cinayət işi
Cinayət işi

Sumqayıtda göyrüş cinsli ağacı dibindən kəsib aparmaqla dövlətə 1800 manat ziyan vurmaqda suçlanan şəhər sakini deyir ki, ümumiyyətlə, bu olaydan xəbəri yoxdur. 40-yaşlı Məmməd Hüseynov deyir ki, əvvəldən tanıdığı polis əməkdaşının təkidi ilə bu cinayəti üzərinə götürüb.

"4-cü bölmədə Elnur adlı əməliyyatçı var, mənə dedi ki, onda bir iş var, bağlanmaması ona problem yaradır. Öz üstümə götürməyimi istədi. Mənə söz verdi ki, bu məsələ bölmədə həll olunacaq, narahatlığa əsas yoxdur. Elnur mənə çox yaxşılıq edib, ona görə keçə bilmədim, boynuma götürdüm", – təqsirləndirilən Məmməd Hüseynov belə deyib.

O vurğulayıb ki, heç həmin ağacın harada yerləşməsindən xəbəri yoxdur. Üstəlik, ağac kəsilən ərəfədə əməliyyat olunmuşdu, nəinki o boyda ağacı, heç 2-3 kiloqram da yük götürə bilmirdi.

Tək adam apara bilməzdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi məhkəmədə deyib ki, diametri 32 santimetr olan sözügedən ağacın əl mişarı ilə kəsildiyini düşünür. Hesab edir ki, ağacın çəkisi 300-350 kiloqram olduğuna görə onu tək adam apara bilməzdi.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili Elnur Məmmədov da məhkəmədə dindirilib. O, təqsirləndirilən şəxsdən cinayəti üzərinə götürməyi istəməsi haqda iddiaları təkzib edib. Məmmədlə əvvəldən tanışlıqları olduğunu təsdiqləyən Məmmədov deyib ki, Məmməd narkotik istifadəçisidir, bundan öncə də bir neçə dəfə cinayət törədib.

"Onu törətdiyi hadisələrlə əlaqədar tanımışam. Hətta oğurluq cinayətləri ilə bağlı müəyyən məsələləri dəqiqləşdirmək üçün onunla ünsiyyətim də olub, ondan kömək istəmişəm. Məndən maddi yardım istəyib, bir-iki dəfə ona 2-5 manat pul vermişəm. Amma bu işi üstünə götürməsi barədə ona heç nə deməmişəm...", – polis mayoru məhkəmədə dindirilərkən belə deyib.

Təqsirləndirilənin dedikləri inandırıcı sayılıb

Bu məsələ Sumqayıt şəhər Məhkəməsində araşdırılıb. Hakim Zaur Hacıyev araşdırmalardan sonra təqsirləndirilən şəxsin dediklərini daha inandırıcı sayıb. Onunla polis arasındakı zənglər və başqa halları araşdıran hakim sentyabrın 21-də bəraət hökmü çıxarıb.

Məhkəmə belə nəticəyə gəlib ki, gecə saat 1 radələrində mərkəzi küçələrin birində - ətrafda yaşayış və iaşə obyektləri olan yerdə bir adamın 300-400 kiloqramlıq ağacı təkbaşına kəsib, onu doğramadan 200 metr sürüməsi ağlabatan deyil.

Azərbaycanda heç bəraət hökmü çıxarmayan məhkəmələr var. Uzun illərdir ki, yerli məhkəmələrin çıxardığı bəraət hökmlərinin sayı 1 faizi keçmir.

XS
SM
MD
LG