Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:22

'Sovetdən qalma zavodları talayıb rəhbərliyə dedilər ki...'


Prezident İlham Əliyev "Baku Steel Company" MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında. 2017
Prezident İlham Əliyev "Baku Steel Company" MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında. 2017

"Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədov deyir ki, Azərbaycanda ölkə rəhbərliyinə yalan məlumat verib sovet dövründən qalan zavodları talayıblar. O, Səttarxan adına zavodu, Maşınqayırma zavodunu, "Azərboru"nu misal göstərib.

"Sovetdən qalan zavodlar bütün dövlətlərdə işləyir, Azərbaycandan başqa. Çünki Azərbaycanda bəzi adamlar gedib rəhbərliyə yalan məlumat verirdilər ki, guya, onlar lazım deyil. Onları talayırdılar...", – Məmmədov dekabrın 26-da öz məhkəməsində son sözünü deyərkən bu haqda danışıb.

İki ilə yaxındır həbsdə olan işadamı 4 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Son söz yekun məhkəmə hökmündən öncə sonuncu mərhələdir.

"Dəfələrlə cənab prezidentlə, hörmətli Mehriban xanımla görüşmüşəm"

"Bizim nəsildə cinayətkar, kimisə şərləyən, üzəduran olmayıb. Mən nəyi talamışam, öz aldığım zavodu? Talama Maşınqayırma Zavodunda, "Leytenant Şmidt"də, "Azərboru"dakı kimi olur... Dəfələrlə cənab prezidentlə, hörmətli Mehriban xanımla görüşmüşəm, bir dəfə də deyilməyib ki, "o zavod sənin deyil". Həyat bumeranqdır, kim neyləyirsə, təpəsindən dəyir", - Məmmədov son sözündə belə deyib.

O, məhkəmədən bəraət istəyib. Üstəlik, vurğulayıb ki, bəraəti Azərbaycandakı məhkəmələrdə almaq istəyir. Məmmədovun sözlərinə görə, o, işadamıdır, beynəlxalq maliyyə institutları ilə çalışır, bəraət almadan fəaliyyətini davam etdirməsi mümkün deyil.

Məmmədov məhkəmə araşdırmalarından da narazı qalıb: "Belə çıxır ki, mənə dövlətə xəyanət ittihamı verilsəydi, onu da araşdırmayacaqdınız. Mən heç bir cinayət törətməmişəm. Bu söhbətlərin də heç kimə xeyri yoxdur. Bir adam mənə izah eləmədi ki, bütün bu baş verənlərin səbəbi nədir...".

Məmmədovun son sözündən sonra hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə məlum deyil.

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, 2011-ci ildə "Baku Steel Company"də işə başlayarkən Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə edib, razılaşıblar.

"Baku Steel Company" təsis olunandan az sonra onun səhmlərinin 50 faizi "Politon"a satılıb. "Politon"un əsl sahibi barədə məlumat olmasa da, onun hüquqi ünvanı ilə "AtaHolding", "Synergy Group" kimi şirkətlərlə bağlılığı olan şirkətlərin hüquqi ünvanı eyni eynidir.

XS
SM
MD
LG