Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:18

İran büdcəsində təhlükəsizlik və təbliğat xərcləri yarıbayarı artır


Prezidnet İbrahim Rəisi yeni büdcənin layihəsini parlamentə təqdim edir
Prezidnet İbrahim Rəisi yeni büdcənin layihəsini parlamentə təqdim edir

İran hökumətinin İran təqvimi ilə martın 21-dən başlayan yeni il üçün təqdim etdiyi büdcə layihəsində hərbi, təhlükəsizlik və təbliğat xərcləri əhəmiyyətli şəkildə artırılıb.

Yanvarın 11-də dərc olunmuş büdcə qanunu layihəsinə görə İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) ayrılacaq vəsait ötən ildəkindən 28 faiz çox olacaq.

Layihəyə görə dövlət radio-televiziyasının xərcləri 42, Kəşfiyyat Nazirliyi və həbsxanaların xərcləri 50 faiz artırılacaq.

Ölkənin yeni il büdcəsinin layihəsi İran iqtisadiyyatının hələ də ABŞ sanksiyaları altında olduğu, habelə 22 yaşlı Məhsa Əmininin ölmünə görə başlanmış etirazların davam etdiyi bir vaxtda tərtib olunub.

Çətin dövrün büdcəsi

Hazırkı etirazlar dalğası İran İslam Respublikasının 1979-cu il inqilabından bəri üzləşdiyi ən böyük təhlükədir.

İranın milli valyutası rekord həddə ucuzlaşıb və ölkəni sanksiyalardan xilas etməli olan 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün danışıqlar dalana düşüb.

Dekabrın 28-ə olan məlumata görə 1 dollar 440 min riala bərabər olub, halbuki ötən noyabrda məzənnə 1 dollar üçün 360 min rial idi.

Şərhçilər qeyd edirlər ki, İranın hərbi, təhlükəsizlik və təbliğat xərclərini bu qədər artırması başqa sahələrdə, məsələn havanın çirklənməsinin qarşısının alınması xərclərinin azaldılması hesabına baş verəcək.

Rusiya neftindən də ucuz

İran hökumətinin hesablamalarına görə yeni büdcənin 12 faizini neft gəlirləri təşkil edəcək. Büdcədə neftin qiyməti 1 barrel üçün 85 dollar olaraq nəzərdə tutulub.

Tehran eyni zamanda neft ixracatını artıraraq günə 1.4 milyon barrelə çatdırmaq istəyir.

Reuters agentliyi qeyd edir ki, İran neft gəlirlərini artırmaq üçün Çin neft emalı zavodlarına xam nefti Rusiyadan qat-qat ucuz satmağa məcburdur.

İran ötən avqustda nefti Brent markasının qiymətindən 11 dollar ucuzuna satıb. Bu, Rusiyanın Çinə satdığı neftdən 8 dollar ucuzdur.

Rusiyanın Ukraynaya səbəbsiz və əsasız hücumuna görə Moskvanın üzərinə qoyulmuş ağır Qərb sanksiyaları onu öz neftini satmaq üçün yeni bazarlar axtarmağa məcbur edib.

Ekspertlər bildirirlər ki, İran rialının rekord ucuzlaşması Tehranla dünya gücləri arasında 2015-ci il nüvə sazişinin dirçəldilməsinə olan ümidlərin öləziməsi ilə bağlıdır.

Bu sazişin dirçəldilməsi üçün danışıqlar ötən aprel ayında başlansa da iyun ayından bəri dalana düşüb.

XS
SM
MD
LG