Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:07

Zurabişvili: Rusiyanın təslim aktında Gürcüstandan çıxması da olmalıdır


Gürcüstan prezidenti Salome Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvili

Gürcüstan prezidenti Salome Zurabişvili Bloomberg agentliyinə müsahibəsində deyib ki, Ukraynaya dair hər hansı sülh razılaşmasına Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyadan çıxarılmasına dair müddəa da daxil edilməlidir:

"Rusiya öz sərhədlərinin harda olmasını dərk etməlidir. Gürcüstan məsələləri masanın üstündə olmalıdır. Heç kəs düşünməməlidir ki, bu müharibə Rusiya bütün işğal edilmiş ərazilərdən çıxmayanadək həll olunacaq”.

Abxaziya və Cənubi Osetiya 1990-cı ilədək Gürcüstan SSR-nin tərkibində olublar.

Hər iki muxtar ərazi elə o vaxt müstəqilliklərini elan ediblər. Tbilisi bu aktı heç vaxt tanımayıb.

“Beşgünlük müharibə”

Rusiya 2008-ci ildə Gürcüstanla “beşgünlük müharibənin” ardınca bu bölgələrdə öz qoşunlarını yerləşdirib və onların müstəqilliyini tanıyıb.

Gürcüstan Abxaziya və Cənubi Osetiyanı Rusiya tərəfindən işğal olunmuş əraziləri hesab edir.

Tbilisi və dünya birliyinin əksər ölkələri Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü pozmaqda ittiham edirlər.

Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” yalnız Venesuela, Nauru, Nikaraqua və Suriya tanıyıblar.

“Daha bir böyük səhv”

Zurabişvilinin sözlərinə görə əgər Qərb Rusiyadan onun kapitulyasiya şərtlərindən biri kimi Gürcüstandan çıxmasını tələb etməsə, “daha bir böyük səhvə” yol veriləcək.

Gürcüstan prezidenti əmin olduğunu bildirib ki, “Rusiya Ukraynada müharibəni olmasa da, döyüşü artıq praktik baxımdan uduzub”.

Hazırda Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur.

Buna baxmayaraq Tbilisi Ukrayna müharibəsinə görə Qərbin Moskva üzərinə elan etdiyi sanksiyalara qoşulmayıb.

Gürcüstan rəsmən Ukraynanı dəstəkləsə də, bu məsələdə öz hərəkətlərində və ritorikasında son dərəcə ehtiyatlıdır.

Gürcüstan müxalifəti iqtidarı rusiyayönlü olmaqda ittiham edir.

XS
SM
MD
LG