Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:19

Şahın ‘əliqanlı’ gizli polis məmurunun yürüşdə nə işi vardı


Vaşinqtonda İrana dəstək yürüşü, sentyabr, 2022-ci il
Vaşinqtonda İrana dəstək yürüşü, sentyabr, 2022-ci il

Bu yaxınlarda on minlərlə İran əsilli amerikalı islam respublikasındakı rejimə qarşı etirazlara dəstək bildirmək üçün Los-Anceles şəhərində yürüşə çıxıb. Onların arasında keçmiş vəliəhd şahzadə Rza Pəhləvinin tərəfdarları da olub.

Ancaq yürüşə qatılan bir nəfər onillərlə diqqət mərkəzində olmamağa çalışırdı. O, İran şahı Məhəmməd Rza Pəhləvinin adı belə qorxu yaradan təhlükəsizlik və kəşfiyyat xidməti SAVAK-ın sədr müavini Pərviz Sabeti idi.

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiyari yazır ki, Sabetinin qızı Pardisin atasının nümayişdəki fotolarını paylaşması qəzəbə yol açıb. Bəziləri onun monarxiya dövründə törədildiyi bildirilən insan haqları pozuntularına görə mühakimə olunmasına çağırıb.

Fevralın 12-də İran əsilli amerikalılar Birləşmiş Ştatlarda bir neçə yürüş keçiriblər. Sabetinin onlardan hansına qatıldığı aydın deyil.

“Yaşayan əfsanə”, yoxsa...?

“44 il öncə bu gün doğma ölkəmiz qaranlığa sürükləndi. Ümid edirik ki, bu il işıq və həmrəylik gətirər”, – Harvard Universitetində biologiya professoru işləyən Pardis Sabeti fevralın 12-də Twitter-də yazıb. Bir gün öncə islam respublikası 1979-cu il inqilabının ildönümünü qeyd edirdi. Həmin inqilabla monarxiya devrilib, dini rejim qurulub.

Sabeti tvitində “Qadın, həyat, azadlıq” həştəqindən də istifadə edib. Bu, İrandakı etirazların əsas devizidir. Ötən sentyabrda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanandan sonra ölümü ölkədə etirazlara yol açıb.

İranlı monarxiya tərəfdarları Sabetini alqışlayıb, onu “yaşayan əfsanə”, “şərəfli adam”, mərhum şahın dövründə İranı “terrorçulardan” qoruyan şəxs adlandırıblar.

Ancaq digərlərinin fikrincə, 86-yaşlı Sabeti iddia olunan insan haqları pozuntuları, o cümlədən siyasi məhbuslara işgəncə verilməsi və edamına görə mühakimə olunmalıdır. Onlar deyirlər ki, Sabetinin irsi İranda daha böyük sosial və siyasi azadlığın tələb olunduğu hərəkata qarşıdır.

İddia qaldırmağın vaxtı “çatıb”

“Onun Pərviz Sabetinin fotosunu paylaşaraq işıq və həmrəylik haqda danışmasına cəsarət lazımdır. Azad İranda o, məhkəməyə çıxarılardı”, – Londonda yaşayan iranlı kinorejissor Kaveh Abbasyan deyib.

Mühacirətdə yaşayan iranlı sənətçi Barbad Golşiri qeyd edib ki, “qurbanların, işgəncə görənlərin, edam olunanların ailələrinin Sabetiyə qarşı iddia qaldırmasının vaxtı çatıb”.

Los-Ancelesdəki yürüşdən iki gün öncə isə bir qrup mühacirətdə olan müxalifət fəalı və tanınmış çəxs, o cümlədən Rza Pəhləvi Corctaun Universitetində görüşərək İrandakı demokratiya hərəkatının gələcəyini müzakirə ediblər. Qrup İranda teokratik sistemi dünyəvi demokratiya ilə əvəzləməyə kömək üçün birliyə, daxili çəkişmələrə son soymağa çağırıb.

Cinayətlərə ortaq olmaq...

“Kim təsəvvür edərdi ki, SAVAK-ın işgəncə verəni, əlləri qana, çoxlarının ahına bulaşmış biri bizə azadlıq gətirəcək”, – Tehranda yaşayan jurnalist Məhəmməd Ağazadə Twitter-də yazıb.

Ağazadə mühacirətdə olan müxalifəti Sabeti kimi fiqurlarla əlaqələri kəsməyə çağırıb, əks halda “onun cinayətlərinə ortaq” olacaqlarını söyləyib.

Pəhləvi hələlik, Sabeti ətrafında qalmaqala münasibət bildirməyib. Ancaq o daha öncə işgəncədən istifadəyə qarşı olduğunu bildirib.

İranda həbs olunmuş müxalifət fəalı Mahdiye Golrunun fikrincə, bəzi müxalifət fəalları 1980-ci ildə Misirdə vəfat etmiş şah dövründə törədildiyi iddia olunan cinayətləri gözardı edib.

“Görünür, problem cinayətlərdə deyil, cinayətkarlardadır. Kriminalın qalstuk taxması problem deyil, problem çalmalarladır. İşgəncə kimin törətməsindən asılı olmayaraq cinayətdir”, – Golru Twitter-də yazıb.

Qorxu yaradan SAVAK

Şah dövründə həbsdə olmuş və işgəncə görmüş, Almaniyada yaşayan siyasi fəal Mehdi Fatapur AzadlıqRadiosuna deyib ki, Sabeti heç vaxt peşmançılıq ifadə etməyib.

“Təəssüf ki, Sabeti SAVAK-ın fəaliyyətini müdafiə edib”, – deyən Fatapur əlavə edib ki, gizli polisin missiyası “qorxu” yaratmaq və diktaturanı qorumaq idi.

Fatapur iki dəfə – 1971 və 1973-cü illərdə tələbə etirazları təşkil etdiyinə görə SAVAK tərəfindən həbs olunub. O hələ də həbsdə gördüyü işgəncələrdən əziyyət çəkdiyini söyləyir.

“İkinci dəfə işgəncə daha ağır idi, çünki əlaqələrimi, onların adlarını, ünvanlarını öyrənmək istəyirdilər. Müstəntiqlər mənə deyirdilər ki, işgəncədən ölmədiyim üçün bəxtim gətirib”, – o xatırlayır.

“SAVAK qorxu yaradır, şaha qarşı çıxanların hamısını, tələbələri, ziyalıları, yazıçıları, müxalifət fəallarını həbs edir, işgəncə verirdi. Ancaq bu siyasət təhlükəsizliyi bərqərar etmədi, onun pozulmasında əsas faktora çevrildi”, – o danışır.

Sabetinin dedikləri

Sabeti 1977-ci ildə “Washington Post”a müsahibəsində qeyd edib ki, iranlıların SAVAK-dan qorxusuna “xarici jurnalistlərin yazdıqları təsir göstərir. Bəzi xarici jurnalistlər buraya gəlirlər… Onlar hər bir ağacın arxasında SAVAK-ı görürlər”.

2012-ci ildə “Amerikanın Səsi”nə müsahibəsində isə Sabeti “işgəncəyə qarşı” çıxdığını söyləyib. “Hüququ oxuduğum üçün həmişə işgəncəyə aparan hər şeyə qarşı çıxmışam”, – o vurğulayıb.

XS
SM
MD
LG