Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Ukraynanın işğalı və düz çıxmayan proqnozlar  


Donetsk vilayətində sahibsiz itləri yemləyən qadın
Donetsk vilayətində sahibsiz itləri yemləyən qadın

2022-ci il fevralın 22-də ABŞ-nin Dövlət katibi Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Josep Borrellə zəng vurdu.

Borrellin sözlərinə görə, Entoni Blinken (Anthony Blinken) ona Rusiyanın Ukraynaya hücum edəcəyini deyib.

"Toni Blinken mənə zəng vurub belə dedi: “Bilirsən, (hücum) bu həftə baş verəcək”. Əlbəttə, iki gün sonra onlar Kiyevi bombalamağa başladılar. Bunun baş verəcəyinə inanmırdıq. Müharibənin başlayacağına inanmırdıq”, – o deyir.

Putinin niyyətindən baş açmırdılar

2022-ci il fevralın 24-ü ərəfəsində müharibə həyəcanı artdıqca Qərbin kəşfiyyat əməkdaşları, hərbi təhlilçiləri, siyasət mütəxəssisləri Rusiya prezidenti Putinin niyyətini anlamağa çətinlik çəkirdilər. Onlar bir tərəfdən Rusiyanın müasirləşdirilmiş, islahat aparılmış və yaxşı maliyyələşdirilmiş kimi tanıdılmış silahlı qüvvələrinə, digər tərəfdən yoxsul, pis təchiz olunmuş Ukrayna ordusuna baxırdılar.

Çoxları Rusiyanın hücum etməyəcəyini düşünürdü. Bu proqnoz səhv çıxdı. Bir çoxları da düşünürdü ki, Rusiya hücum etsə belə, Ukrayna ordusu darmadağın ediləcək, Kiyev bir neçə gün ərzində ələ keçiriləcək, hökumət süqut edəcək. Bu proqnoz da səhv çıxdı.

Hələ də sonu görünməyən müharibənin başlanmasından bir il keçmiş təhlilçilər Qərbin çox hissəsinin proqnozlarının niyə bu dərəcədə yanlış olması üstündə baş sındırır.

"Müharibənin mümkünlüyünə get-gedə daha çox inanmağa başlayırdım, ancaq bu hələ də o qədər açıq-aydın səfeh hərəkət kimi görünürdü ki, düşünürdüm ki, Putinin daha yaxşı alternativləri var”, – London Kral Kollecini müharibə elmləri üzrə fəxri professoru Lorens Fridman (Lawrence Freedman) deyir.

Psixoloji baryer

Polşalı müdafiə təhlilçisi Konrad Muzıka (Konrad Muzyka) ABŞ və Britaniya rəsmilərinin Putinin Ukraynaya hücum edəcəyi barədə proqnozlarını “kəşfiyyatın böyük uğuru” adlandırır:

"ABŞ-dən söhbət düşəndə kəşfiyyatın uğursuzluqlarından danışmağa öyrəşmişik: Gürcüstana hücumu proqnozlaşdıra bilməmələri, Suriya, Soyuq müharibə dövründə baş verənlər, Macarıstana, Çexoslovakiyaya hücum. [Bu dəfə] ABŞ kəşfiyyat icmasının proqnozlaşdırdıqları çox dəqiq oldu. Onlar hər kəsə çoxlu xəbərdarlıq etdilər… Adətən bu qədər xəbərdarlıq almırıq”.

Muzıka deyir ki, bir çox Qərb rəsmisinin bu xəbərdarlıqlara inanmaq istəməməsi psixoloji idi: “Bir çoxları düşünürdü ki, XXI əsrdir, Ukraynanın şərqində, Donbasda münaqişə …səkkiz ildir ki, davam edir. Hər kəs düşünürdü ki, Rusiya suveren ölkəyə hücum etməz… Düşünürdülər ki, sərhədə qoşun toplamaq blefdir. Bu, psixoloji baryer idi”.

Londondakı Brunel Universitetinin Kəşfiyyat və Təhlükəsizlik Elmləri Mərkəzinin kəşfiyyat elmləri professoru Filip Deyviz (Philip Davies) yada salır ki, hücumdan əvvəl iki cür kəşfiyyat məlumatı gəlirdi: "xəbərdarlıq məlumatı” və “qüvvələr nisbəti” xarakterli məlumat.

"Əsas məsələ … təhlilin keyfiyyətidir. Xəbərdarlıq məlumatları ilə bağlı təhlil son dərəcə dəqiq idi. Amerikalıların xəbərdarlıqları hamınınkından daha güclü idi və 7-10 gün dəqiqliyində idi. Bu cür məsələlərdə bu kifayət qədər dəqiq hesab olunur”, – o deyir.

70 faizədək modernləşmə

2008-ci ildə Rusiyanın Gürcüstana hücumu ildırım sürətli oldu – demək olar, bütün döyüşlər beş gündən sonra bitdi. Ancaq münaqişə Gürcüstanın ordusundakı problemləri üzə çıxardı, modernləşmə və sovet dövründən qalma avadanlıq və praktikalardan uzaqlaşmaq istiqamətində sürətli addımlara yol açdı.

Rusiyanın 2014-cü ildə Ukraynada, daha sonra Suriyada kiçik miqyaslı uğurlarından sonra müşahidəçilər islahatların Moskvanın sürətlə irəliləmək, müxtəlif döyüş birlikləri arasında daha yaxşı əlaqə qurmaq qabiliyyətini gücləndirdiyi, daha yaxşı və “ağıllı” texnologiyadan istifadə etməyə başladığı qənaətinə gəldilər.

2020-ci ildə Rusiya Müdafiə Naziri Sergey Şoyqu hərbi maşın, silah və avadanlığın 70%-ə qədərinin modernləşdirildiyini elan etmişdi.

2022-ci il fevralın 24-dən öncəki aylar ərzində ABŞ və Britaniyanın kəşfiyyat idarələri və diplomatları açıq şəkildə Kremlin hücum edəcəyini deməyə başladılar. 2021-ci ilin noyabrında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Direktoru Uilyam Börns (William Burns) Rusiya rəsmilərinə hücum etməmək haqda birbaşa xəbərdarlıq etmək üçün Moskvaya səfər etdi. Ancaq Börns sonradan bu səfərdən qayıdanda səfərin öncəkilərdən “daha çox narahat olduğunu” demişdi.

Gözləntilər və...

Ukrayna ilə sərhəd bölgələrə 175 mindən çox qoşun toplayan, Qara dənizdə hərbi üstünlüyə sahib Rusiyanın Ukraynanı darmadağın edəcəyi, bir neçə gün ərzində Kiyevi tutacağı, Prezident Volodımır Zelenski hökumətini devirəcəyi gözlənilirdi.

Bunun əvəzində Rusiyanın Kiyevi şimal istiqamətindən tez tutmaq cəhdi dəf edildi. Bu qismən paytaxtın şimalındakı hava məkanının uğurlu müdafiəsi sayəsində mümkün oldu. Bu güclü müdafiə sayəsində Rusiya desantının yerə enməsinin qarşısı alındı. Cənub istiqamətində Rusiya daha çox uğur qazana bildi. Burada o, Xerson regionunun mərkəzini ələ keçirdi, daha sonra isə həftələrlə davam edən mühasirədən sonra Azov dənizi sahilindəki Mariupolu işğal etdi.

Artıq yazda Rusiya ordu hissələri şimal bölgələrindən sərhədə doğru geri çəkilmişdi. Burada onlar Ukraynanın şərqinə yeni hücuma başlamağa hazırlaşırdılar.

Suallar

"Rusiya nə üçün üstünlük əldə edə bilmədi, nə üçün …dayandırıldı, iri şəhərlərin həndəvərində dəf edildi, müdafiə mövqeyi seçməyə məcbur edildi, – bu həm ABŞ xarici siyasəti, həm də beynəlxalq təhlükəsizlik [icmalarında] ən mühüm suallardan birinə çevrilib", – Amerikanın “Rand Corporation” təhlil mərkəzinin Rusiya ordusu üzrə eksperti Dara Massikot (Dara Massicot) bu ay “Foreign Affairs” jurnalında dərc edilmiş məqaləsində yazır.

"Ukraynalıların necə yaxşı performans göstərməsinə və rusların [tapşırığı] necə zəif icra etməsinə təəccübləndim. Rusiyanın planının zəifliyinə baxmayaraq üzə çıxan o oldu ki, ordusu düşündüyümüz ordu deyil. Rusiya ilə bağlı bu gözləntilərsə on ildən çox davam edən modernləşdirmə və təlimin döyüş meydanında nəticə göstərəcəyi ilə bağlı gümanlara əsaslanırdı. Biz bunu görmədik”, – “Rand Corporation”ın müdafiə tədqiqatçısı, ABŞ Hərbi Dəniz və Müdafiə Departamentində rus dili mütəxəssisi olmuş Klint Riç (Clint Reach) deyir.

XS
SM
MD
LG