Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Bomba təhdidlərinə görə məktəblərə onlayn dərs tövsiyəsi


Skopyedə məktəb bomba təhdidindən sonra
Skopyedə məktəb bomba təhdidindən sonra

Şimali Makedoniyada, demək olar, hər gün bomba təhdidlərinə görə məktəblərdə təxliyələr baş verir. Bu səbəbdən Təhsil Nazirliyi məktəblərin onlayn dərslərə keçməsini istəyir.

Ölkədə təxminən 1200 ibtidai və orta məktəb var. Müəllimlər itirilən vaxtı sinif otaqlarında kompensasiya etməyə çalışırlar. Ancaq onlar onlayn dərslərin də əlavə problemlər yaratdığını deyirlər.

Rusiya ötən ilin fevralında Ukraynaya qarşı tammiqyalı işğala başlayandan Balkan ölkələri, o cümlədən Şimali Makedoniya, Serbiya və Monteneqro bomba təhdidləri ilə üzləşib.

2020-ci ildə COVID-19 pandemiyasına qədər ibtidai və orta məktəblər onlayn təhsil barədə heç eşitməmişdilər. Orta məktəb müəlliməsi Biljana Kostkova deyir ki, şagirdlərin onlayn təhsildə itkisi çox olur.

Ancaq Şimali Makedoniyada təkcə məktəblər deyil, ticarət mərkəzləri, xəstəxanalar da səbəbsiz təhdidlərlə üzləşir. Rəsmilər bu dalğanı dolayısı ilə Rusiya ilə əlaqələndirirlər.

Hər beş dərs günündən üçü pozulur

Ötən həftə bir gün paytaxt Skopyedə polis emaillə göndərilmiş təhdidlər səbəbindən 14 məktəbi evakuasiya edib. Ondan bir gün öncə isə rəsmilər 60 məktəb, o cümlədən bir bağçanın təhdid olunduğunu bildiriblər.

Orta Məktəb Şagirdləri Birliyinin hesablamasına görə, hazırkı dərs ilinin birinci yarısında bu təhdidlərə görə 10 həftəlik dərs boşa gedib. Ən çox təhdid olunan məktəblərin bəzilərində hər beş dərs günündən üçü pozulub.

400-dən çox evakuasiya nəticəsində heç bir partlayıcı maddə tapılmayıb.

Hakim orqanlar uzadılmış qış tətilini kompensasiya etmək üçün dərs ilini iyunun ortasına çəkib. Qış tətili isə qlobal enerji böhranının səbəb olduğu isitmə xərclərinə qənaət məqsədi güdürdü.

Bu həftə Təhsil Nazirliyi ibtidai və orta məktəb direktorlarına distant təhsilin təşkilini tövsiyə edib. Nazirlik bildirib ki, distant təhsil heç dərs keçməməkdən yaxşıdır, həm də müəllim və şagirdlərin təhlükəsizliyi təmin olunar.

Valideynlərin giley-güzarı

Ancaq pandemiya təcrübəsinin uzaq olmadığı ölkədə valideynlər özləri və azyaşlı şagirdlər üçün yaranacaq problemlərdən söz açırlar.

Üçüncü sinif şagirdinin anası Marina mümkün təhlükənin psixoloji təsirlərindən narahat olduğunu deyir.

“Hər dəfə zəngin beş dəfə çalınması onları stresə salır və soruşurlar ki, ‘bunu niyə edirlər?’ Məncə, belə hadisələrdən sonra şagirdlərlə çoxlu işləmək lazımdır ki, uşaqların mental sağlamlığında davamlı izlər qalmasın. Çünki təəssüf ki, bu, aylardır davam edir, həm uşaqların, həm də bəzi böyüklərin psixikasına təsir göstərir”, – ana vurğulayır.

O həm də bir çox valideynin distant təhsilin təşkilində çətinliklərlə üzləşdiyini, kompüter, İnternet problemləri olduğunu bildirir. Onun sözlərinə görə, COVID pandemiyasından bəri çox şey dəyişməyib, onlayn tədris yaxşılaşdırılmayıb.

“Hibrid terror hücumları”

Şimali Makedoniyanın Daxili işlər naziri Oliver Spasovski bomba təhdidlərini xaricdən qaynaqlanan “hibrid terror hücumları” adlandırıb.

“AP” bir təhdiddən sitat gətirmişdi. Təhdiddə makedoniyalılar “ölkəmin dağıdılmasında əlbirlikdə” suçlanır, dəqiq göstərilməyən sanksiyalara son qoyulması tələb olunurdu.

Ukrayna müharibəsi Rusiyayla tarixi bağları olan, ancaq Avropa İttifaqı və NATO üzvlüyünə can atan, yaxud bu bloklara təzəlikcə qoşulmuş ölkələr üçün sınağa çevrilib.

Şimali Makedoniya 2020-ci ildə NATO-ya üzv olub, Aİ-yə aparıcı namizəd ölkə sayılır. 1990-cı illərin əvvəllərində Yuqoslaviya parçalanandan sonra Makedoniyanın Qərb inteqrasiya cəhdləri sürətlənib və Moskvayla Skopye arasında gərginlik artıb.

Moskva ötən ilin martında makedoniyalıları “qeyri-dost ölkələr” siyahısına salıb. Çünki Skopye də Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmuşdu.

Ölkə rəsmiləri bomba təhdidlərində birbaşa Moskvanı, yaxud rusiyalıları ittiham etməsələr də, Baş nazir Dimitar Kovaçevski son kiberhücumları Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqələndirib.

XS
SM
MD
LG