Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:23

BMT komissiyası Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyini bildirir


Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Kiyev vilayətində, Buça şəhərində, aprel, 2022-ci il
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Kiyev vilayətində, Buça şəhərində, aprel, 2022-ci il

Rusiya ötən ilin fevralında Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan beynəlxalq insan haqları və humanitar normaların irimiqyaslı pozuntularına yol verib, onların bəziləri hərbi cinayətlərə bərabər olub. Bunu BMT-nin dəstəklədiyi Ukrayna üzrə Beynəlxalq İstintaq Komissiyası martın 16-da açıqladığı hesabatda bildirir.

Hesabatda pozuntular sırasında silahsız sakinlərin bilərəkdən öldürülməsi (hərbi cinayət sayılır), işgəncə, qanunsuz saxlamalar, zorlama, cinsi zorakılığın digər formaları, eləcə də ukraynalı uşaqların Moskvanın nəzarətində olan ərazilərdən Rusiyaya məcburi deportasiyası göstərilir.

Komissiya onu da bildirir ki, Rusiyanın ötən oktyabrdan Ukraynanın enerji infrastrukturuna irimiqyaslı hücumları da bəşəriyyətə qarşı cinayət sayıla bilər. Çünki bu zaman Ukraynanın böyük ərazilərində milyonlarla insan qışda, özəlliklə şaxtalı havada elektriksiz və istiliksiz qalıb. İnfrastruktura hücumların əlavə araşdırılacağı vurğulanıb.

“Dağıntıların miqyasından sarsılıblar”

Üç müstəqil insan haqları ekspertindən ibarət komissiya Rusiyanın səbəbsiz işğalı başlayandan az sonra təcili debat zamanı yaradılıb.

Hesabat yüzlərlə müsahibə, peyk təsvirləri, saxlama mərkəzləri və məzarlara başçəkmələr əsasında hazırlanıb. Sənəddə Rusiya qüvvələrinin əhalinin məskunlaşdığı ərazilərdə partlayıcı silahlardan istifadəsi mülkilər arasında itkilərin əsas səbəblərindən biri kimi göstərilib, bunun “dinc sakinlərin əzab və əziyyətinə açıq sayqısızlıq” olduğu vurğulanır.

Hesabatda deyilir ki, komissiya üzvləri yerlərə səfərləri zamanı “dağıntıların miqyasından sarsılıblar”.

Sənəddə Rusiya qüvvələrinin nəzarətinə keçən ərazilərdə “saysız” zorlama, seksual və gender əsaslıq zorakılıq halları müəyyənləşdiriib. Seksual zorakılıq evlərə səfərlər, qurbanların qanunsuz saxlanması zamanı baş verib və “Rusiya hakimiyyətinin gerçəkləşdirdiyi işgəncənin vacib aspektlərindən” olub, hesabatda vurğulanır.

Uşaqların Rusiyaya məcburi deportasiyası

Ukraynalı uşaqların Rusiyaya transferi və deportasiyası “hərbi cinayətlərə bərabərdir”, deyən hesabat müəllifləri əlavə edirlər ki, uşaqların çoxu ailələri ilə əlaqə saxlaya bilməyiblər. Şahidlərin dediyinə görə, “onlarla əlaqə tamamilə itə bilər”.

Uşaqların repatriasiyasının yubanması da hərbi cinayətə bərabər ola bilər, hesabatda vurğulanır.

Komissiya “Ukrayna silahlı qüvvələrinin törətdiyi az sayda pozuntuları da sənədləşdirib. Buraya hərbi cinayət sayıla biləcək hədəfsiz hücumlar və rusiyalı hərbi əsirlərin güllələndiyi, yaralandığı və işgəncə gördüyü iki insident daxildir”, – hesabatda deyilir.

Komissiyanın əsas tövsiyəsi belə olub ki, “bütün pozuntular və cinayətlər araşdırılsın, məsuliyyət daşıyanlar ya dövlət, ya da beynəlxalq səviyyədə mühakimə olunsun”.

Rusiya Ukraynada vəhşiliklər törətdiyini, dinc sakinləri hədəfə aldığını göstərən xeyli dəlilə baxmayaraq, ittihamları dəfələrlə təkzib edib.

XS
SM
MD
LG