Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:57

Yeni il gecəsində Makeyevkada ölən əsgərləri hələ də axtaran var


Makeyevkadakı məktəb hava zərbəsindən sonra
Makeyevkadakı məktəb hava zərbəsindən sonra

Ukrayna ordusunun Yeni İl gecəsində endirdiyi hava zərbələri nəticəsində Makeyevka şəhərində Rusiyanın Samara regionundan olan onlarca səfərbər həlak olmuşdu.

Bu hadisədən üç ay keçməsinə baxmayaraq rəsmi Moskva itki sayını 89 olaraq göstərir.

AzadlıqRadiosunun açıq mənbələr əsasında təhqiqatına görə həmin gecə azı 140 rusiyalı həlak olub.

Ukrayna hərbiyyəsi bu zərbələr nəticəsində Makeyevkadakı texniki-peşə məktəbində 400-dək rusiyalı əsgərin öldüyünü, daha 300 nəfərin yaralandığını iddia edir.

AzadlıqRadiosu hər halda zərbə zamanı həmin binada olmuş hərbçilərin bəzilərinin ailə üzvləri ilə danışa bilib.

"Lütfən, adını yazmayın..."

Əri həmin zərbədən sağ çıxmış bir qadın deyib:

"Lütfən, onun adını yazmayın. Mən qorxuram. Onu bir möcüzə saxlayıb. Birinci partlayışdan sonra binadan çıxa bilib. Onun ətrafı ət və qanla dolu olub. O elə hey bunu deyirdi: ət, qan...O necə sağ qaldığını bilmir. Onun birləşməsindən olan çox oğlanlar həlak olub. Amma ərim orda nə baş verdiyini hələ də bilmir”.

Lakin yanvarın 10-da səfərbər əsgərlərin qohumları Makeyevkaya baş çəkəndən sonra onların əksəriyyəti mediaya danışmaqdan imtina edir.

Bu da xəbər verilir ki, Rusiyanın sosial media platformalarındakı naməlum “moderatorlar” adamlara jurnalistlərlə söhbətlərində hadisə zamanı ölən yaxınları barədə danışmamaları üçün xəbərdarlıq ediblər.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyindən həlak olanların siyahısının açıqlanmasını tələb edən internet petisiyasını 56 min nəfər imzalayıb.

AzadlıqRadiosunun tapdığı 140 nəfər

Buna baxmayaraq AzadlıqRadiosunun apardığı təhqiqat ölənlərdən 140 nəfərinin kimliyini dəqiqləşdirə bilib.

140 nəfərdən 139-nun Samara regionundan, bir nəfərin isə Buryatiyadan səfərbər edildiyi məlum olub.

Onların əksəriyyəti prezident Vladimir Putinin ötən sentyabrda imzaladığı “qismən səfərbərlik” fərmanına əsasən orduya çağırılanlardır. Yaşları 21-50 arasındadır.

Rusiya hökuməti, ümumiyyətlə Ukraynadakı itkiləri barədə çox az məlumat verir.

Kiçildilən itki rəqəmləri

Rusiya Müdafiə Nazirliyinin 2022-ci il, sentyabrın 21-də yaydığı bəyanatda Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan bəri 5937 Rusiya hərbçisinin həlak olduğu bildirilirdi.

AzadlıqRadiosu isə təkcə Volqa regionundan olan 4125 həlak olmuş hərbçinin kimliyini dəqiqləşdirə bilib.

Bunlardan 401 nəfəri Samara regionundandır. Deməli belə nəticəyə gəlmək olar ki, həmin gecə Makeyevkada həlak olanların üçdə birindən çoxu Samaradan olmalıdır.

Rusiya hərbçilərindən 64 nəfəri ölümündən sonra İgidliyinə görə Ordeni ilə təltif olunub.

Makeyevkada həlak olanların yanvarın 3-də Samara şəhərində keçirilən yadetmə mərasimində
Makeyevkada həlak olanların yanvarın 3-də Samara şəhərində keçirilən yadetmə mərasimində

“Əslində olmalı olmadığı yerdə...”

AzadlıqRadiosu həlak olmuş əsgərlərin yaxınları ilə danışmaq istəsə də, onların əksəriyyəti bundan imtina edib.

Bir qadın radioya deyib ki, onun dostunun meyiti yalnız fevralın ortalarında qaytarılıb:

"Ondan yaxşı adam tanımıram. Çox mehriban adam idi, “xüsusi hərbi əməliyyatda” öz arzusu ilə iştirak edirdi...”

Həmin qadın bildirib ki, onun qardaşı hazırda “əslində olmalı olmadığı yerdə” - Ukraynada, cəbhə xəttindədir.

Bundan başqa AzadlıqRadiosunun aşkar etdiyi daha 18 ailə hələ də yaxınlarından soraq gözləyir. Onlar güman edirlər ki, qohumları Ukraynanın hava zərbəsi zamanı Makeyevkada ola bilərdilər.

Martın 19-da sosial mediada dərc olunmuş bir postda deyilir:

"Petrov Dmitri Aleksandroviçi axtarırırq. Təvəllüdü 6 noyabr 1979. Sonuncu dəfə Makeyevkadakı yay məktəbində görüblər. Əsgərlər onu dəmir qapının üstündə binadan çıxararaq təcili yardım maşınına qoyublar. O vaxtdan bəri onun barəsində heç bir məlumat yoxdur. Hər hansı məlumat üçün minnətdar olardıq”.

XS
SM
MD
LG