Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Kadırovun qohumu Priqojinə: 'Bəsdir çərənlədin'


Ramzan Kadırov, Adam Delimxanov və Maqomed Daudov
Ramzan Kadırov, Adam Delimxanov və Maqomed Daudov

Çeçenistanın başçısı Ramzan Kadırovun yaxın çevrəsinə daxil Duma deputatı Adam Delimxanov, Çeçenistan parlamentinin sədri Maqomed Daudov və xüsusi təyinatlı “Axmat” dəstəsinin komandiri Apti Alaudinov Vaqner özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojini tənqid ediblər.

Delimxanov Priqojini sursat çatışmazlığı ilə bağlı problemi böyütməkdə ittiham edib və bildirib ki, Ukraynanın Baxmut şəhəri uğrunda döyüşlərdə böyük itkilərə görə onun şəxsən özü məsuliyyət daşıyır.

AzadlıqRadiosu yazır ki, bir ay əvvəl Delimxanov bunun tam əksini bəyan edirdi.

Kadırovun adamlarının belə kəskin reaksiyasına Priqojinin çeçen hissələrinin təkrar dislokasiyası ilə bağlı dedikləri səbəb olub.

“Bilirik, nə qədər qurban vermisən...”

Delimxanov bildirib ki, onu xüsusilə də Priqojinin “kadırovçuların nə ilə məşğul olduqlarını bilmirəm” deməsi qəzəbləndirib.

O Priqojini “problemlər barədə bütün dünyaya car çəkən bloger” adlandırıb.

Delimxanov Priqojinə etiraz edərək deyib ki, Rusiya Müdafiə Nazirliyi Vaqner döyüşçülərinə lazımi köməyi edib:

"Biz hamımız bilirik, 7-8 ayda Baxmut istiqamətində nə qədər adamı qurban vermisən. Bi hamımız onu da bilirik ki, bu 7-8 ayda Müdafiə Nazirliyi sənə nə qədər dəstək verib. Sənə hamıdan çox kömək edilib. Buna baxmayaraq nə qədər qurban verilib. Bəsdir çərənlədin”.

Amma may ayında Delimxanov Vaqner şirkətinin sursat çatışmazlığı ilə bağlı problemlərini bildiyini demiş və hətta kömək vəd etmişdi.

“Axmat” dəstəsinin komandiri Apti Alaudinov da iddia edib ki, Priqojinə onun dəstəsindən daha çox kömək ediblər.

Çeçenistan parlamentinin sədri Maqomed Daudovun dedikləri isə bir qədər hədə kimi səslənib. O Priqojinə müraciətlə deyib ki, “belə davam etsə, bundan yaxşı bir nəticə alınmayacaq”.

Müttəfiqlərin rəqabəti

May ayının əvvəllərində ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) təhlilçiləri bildirmişdilər ki, Kadırov Rusiya Müdafiə Nazirliyi ilə çəkişmədə Priqojinin tərəfini saxlayır və beləliklə də Kremldəki nüfuzunu bərpa etməyə çalışır.

Ekspertlər bunu da qeyd edirdilər ki, Kadırov Ukrayna cəbhəsində çeçen birləşmələrinin uğur qazana bilməməsinə görə prezident Vladimir Putinin narazı qalacağından narahat idi.

ISW bununla belə bildirirdi ki, Priqojin və Kadırov Putinlə münasibətlərə xələl gələcəyindən narahat olmadan Müdafiə Nazirliyinə təzyiqi davam etdirə bilərlər.

Ekspertlər deyirlər ki, Kadırov çeçen döyüşçülərin səmərəliliyinə hər hansı şübhə ifadə edən bəyanatlara əsəbi yanaşır.

Priqojin Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini və mövqeləri Müdafiə Nazirlyinin nizami qoşunlarına təhvil verdiyini elan etdikdən sonra ölkə boyunca tura çıxıb.

O müxtəlif şəhərləri gəzərək çıxışlar edir. Bu çıxışlarda bir qayda olaraq Müdafiə Nazirliyi tənqid olunur.

XS
SM
MD
LG