Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:39

Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketini qəbul etdi


Brüsseldə Rusiyanın Ukraynada müharibəsinə qarşı etiraz aksiyalarından birində
Brüsseldə Rusiyanın Ukraynada müharibəsinə qarşı etiraz aksiyalarından birində

Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə görə Moskva üzərinə 11-ci sanksiya paketini qəbul edib.

Bundan əvvəl iyunun 21-də Aİ-yə üzv ölkələrin səfirləri sanksiya paketini razılaşdırmışdılar.

Yeni məhdudiyyətlərə Rusiyanın Drujba neft kəmərinin şimal qolu ilə neftin nəqlinə, Rusiyaya aid qoşqulu yük maşınlarının Aİ ərazisinə daxil olmasına qadağan daxildir.

Sanksiyalarda habelə Rusiya ilə ticarət əlaqələri olan üçüncü ölkələrə ixracın məhdudlaşdırılması nəzərdə tutulub.

Sanksiya siyahısına Rusiyanın Ukraynaya qarşı müharibəsi və Ukrayna uşaqlarının qanunsuz deportasiyası ilə bağlı olan 70 nəfərin adları salınıb.

Sanksiya siyahısına daxil edilənlərin arasında müdafiə nazirinin mavini Tatyana Şevtsova, ilhaq edilmiş Krımın “mədəniyyət naziri” Tatyana Manejina, Voronej vilayəti, Krasnodar və Stavropol diyarlarının qubernatorları var.

Hərbçilərdən Rusiya quru qoşunları baş qərargahının rəisi Aleksandr Lapin və Rusiya Baş Qərargahı baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy da sanksiya siyahısına daxil edilib.

Nüvə zərbəsinə çağıran politoloqa sanksiya

Sanksiyalar habelə Krasnoyarsk diyarının keçmiş qubernatorunun oğlu Artyom Ussu, keçmiş baş prokuror Yuri Çaykanın oğulları İqor və Artyomu, hərbi blogerlər Yevgeni Poddubnını, Andrey Medvedevi, Semyon Peqovu və Aleksandr Sladkovu hədəfləyir.

Sanksiya siyahısına politoloq Sergey Karaqanovun da adı daxil edilib. O elə bugünlərdə “Nüvə silahının tətbiqi bəşəriyyəti qlobal fəlakətdən qurtara bilər” başlıqlı məqalə dərc etdirmişdi.

Rosneftin mətbuat katibi və 1-ci Kanalın aparıcısı Mixail Leontyev də siyahıya əlavə olunub.

Mövcud sanksiyalardan yayınan 30 hüquqi şəxs də “qara siyahıya” salınıb.

Qadağan siyahısına habelə müdafiə sənayesi kompleksinin daha 87 müəssisəsi, o cümlədən üçüncü ölkələrin İran dronlarının satışı ilə bağlı şirkətləri daxil edilib.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel deyib ki, yeni sanksiyalar Rusiyanı resurslardan və deməli Ukraynada apardığı qanunsuz müharibəni maliyyələşdirmək imkanından daha çox məhrum edir.

Moskva da sanksiyalar qoyacağını deyir

Aİ-nin 11-ci sanksiya paketinə cavab olaraq Rusiya XİN bildirib ki, Moskva da özünün qadağan siyahısını genişləndirəcək və siyahıya Aİ nümayəndələrinin adları daxil ediləcək.

Konkret adlar çəkilməsə də Moskva bildirib ki, onun sanksiya siyahısına Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı idarə, dövlət və kommersiya strukturları nümayəndələrinin adları salınıb.

Rusiya XİN-in bəyanatında deyilir ki, Brüssel Moskva üzərinə birtərəfli təzyiqlərini davam etdirir və beləliklə də BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərini sarsıdır.

11-ci sanksiya siyahısının qüvvəyə minməsi barədə ilk xəbəri Estoniya XİN yayıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna deyib ki, Aİ Tallinnin xahişi ilə Rusiyaya avtomobillərin ixracına məhdudiyyəti sərtləşdirib.

Yeni sanksiyalar Rusiyaya habelə pnevmatik və qaz silahlarının ixracını qadağan edir.

Lövbər salmaq belə qadağan edilir

Rusiya neftinə qoyulmuş qiymət tavanını pozan və ya məkanın avtomatik müəyyən edilməsi sistemini söndürən tankerlərin Avropa İttifaqının dəniz limanlarına daxil olmasına qadağan qoyulur.

Estoniyanın təklifi ilə Fin körfəzi limanlarına girişə qoyulmuş qadağan, həm də bu portların yurisdiksiyasından kənarda lövbər dayanacağında duran gəmilərə şamil ediləcək.

Çəkindirici faktor kimi sanksiyalara Rusiyaya sanksiyalanmış mallar satan üçüncü ölkə şirkətlərinə Avropadan ixrac qadağanlarına baxılması da daxil edilib.

Düşünülür ki, bununla da Rusiyanın üçüncü ölkələr vasitəsi ilə aldığı həssas və ya ikili təyinatlı malların həmin üçüncü ölkələrə ixracı məhdudlaşdırılacaq.

Litva prezidenti Gitanas Nauseda Aİ-ni dərhal 12-ci paketin hazırlanmasına və ora Rosatomun daxil edilməsinə çağırıb.

XS
SM
MD
LG