Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:47

BMT-də Qarabağ müzakirələri Azərbaycanda necə yozulur?


BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda humanitar vəziyyəti müzakirə edir
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda humanitar vəziyyəti müzakirə edir

Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclası keçirilib. Ermənistan bəyan etmişdi ki, onu Xankəndi ilə birləşdirən Laçın dəhlizi blokadaya salındığına görə orada ərzaq çatışmazlığı yaranıb. Azərbaycan tərəfi isə humanitar qaydada blokadanın olmadığını bildirir və alternativ Ağdam yolundan istifadəni təklif edir. Ermənistan da bundan imtina edir. Ölkənin rəsmi şəxsləri bildirir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda Laçın dəhlizindən bəhs edilib.

Linda Tomas Qrinfild
Linda Tomas Qrinfild

Müzakirələrdən...

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələrinin Dağlıq Qarabağ əhalisinə çatması üçün Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırıb. "Biz humanitar yüklərin çatdırılması üçün əlavə marşrutlar üzrə kompromis əldə etmək imkanını da qeyd edirik", - deyə o vurğulayıb

Səfir Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmağı da vacib saydıqlarını vurğulayıb: "Regionda sülh Dağlıq Qarabağda ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsini əhatə etməlidir".

ABŞ səfiri hər iki tərəfi təmkinli olmağa, sülh prosesinə xələl gətirən istənilən fəaliyyəti dərhal dayandırmağa və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini tam yerinə yetirməyə səsləyib: "Danışıqlar davamlı sülh üçün həyati əhəmiyyət kəsb edir".

Avropa İttifaqının BMT-dəki Nümayəndəliyinin rəhbərinin müavini Silvio Qonzato bildirib ki, humanitar yardımlar siyasiləşdirilməməli, Laçın dəhlizi ilə hərəkət dərhal açılmalıdır. Onun deməsinə görə, 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata və Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü ilin fevralında verdiyi qərara əsasən, Azərbaycan dəhliz boyunca təhlükəsizliyə, hərəkət azadlığına təminat vermək məsuliyyəti daşıyır. "Bakı Ağdam şəhəri vasitəsilə mal tədarük etməyə hazır olduğunu bildirsə də, bu, dəhlizin yenidən açılmasına alternativ kimi qəbul edilməməlidir", - deyə o, blokun Bakı və Qarabağ erməniləri arasında birbaşa dialoqa çağırışını təkrarlayıb.

Azərbaycan Qarabağ ermənilərinə Ağdam yolunu təklif edir: Xankəndidən reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Braziliyanın təmsilçisi Serxio Daneze tərəfləri Qarabağa humanitar yardımların maneəsiz çıxışını təmin etmək mexanizmlərini, o cümlədən Ağdam-Xankəndi marşrutunun mümkünlüyünü araşdırmağa çağırıb: "Qarşıdakı aylarda qış yaxınlaşdıqca daha da pisləşə biləcək böhranın təcili həllini tapmaq vacibdir. Braziliya tərəflər arasında dialoq kanallarının qorunub saxlanmasını təşviq edir və atəşkəs razılaşmasını dəstəklədiyini vurğulayır".

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski də deyib ki, ölkəsi humanitar fəlakətin qarşısını almaq üçün həm diplomatik kanallar, həm də yerdəki sülhməramlılar vasitəsilə mümkün olan hər şeyi edir: "Üçtərəfli sazişlərin əsas elementləri Moskvanın ekspert yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ardınca demarkasiyasıdır. Üçtərəfli işçi qrup çərçivəsində nəqliyyat kommunikasiyalarının bərpası və sülh dialoquna yol açmaqdır".

O vurğulayıb ki, tərəflərin barışığı Azərbaycan qanunları kontekstində və beynəlxalq prinsiplər əsasında etibarlı, aydın təhlükəsizlik təminatları olmadan, habelə Dağlıq Qarabağ sakinlərinin hüquqları qorunmadan təsəvvür edilə bilməz.

Müzakirələrdən sonra heç bir sənəd qəbul edilməyib.

H.Babaoğlu
H.Babaoğlu

"Olmayan nüfuzunu daha da aşağı salardı"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a deyib ki, Ermənistanın bu müzakirələrdən gözləntiləri çox böyük idi: "Hesab edirdilər ki, əllərinə bircə sənəd keçə bilsə, ondan sonra ardıcıl olaraq Azərbaycana təzyiqlər etmək üçün bu təxribatlara davam edəcəklər. Amma Azərbaycan diplomatiyası doğru addımları atmağa bacarıb".

Babaoğlunun fikrincə, Azərbaycan və onun BMT-dəki nümayəndəsi Yaşar Əliyev müzakirələrə ciddi hazırlaşmışdı: "Bu məsələnin hüquqi əsasının olmadığı müzakirələr zamanı sübut olundu. BMT-nin Təhlükəsizlik Şurası hər hansı qətnamə qəbul etsəydi, bu, onun prinsiplərinə zidd olardı və onsuz da olmayan nüfuzunu daha da aşağı salardı".

Z.Əlizadə
Z.Əlizadə

"Rusiya icazə vermir"

Siyasi şərhçisi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, Ermənistanda hazırda Yerevan meri postu uğrunda mübarizə gedir. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan öz namizədinin qələbəsini təmin etmək, Qarabağ uğrunda çalışdığını göstərmək üçün məsələni BMT TŞ-nin müzakirəsinə çıxarıb: "Hamı bilirdi ki, orada heç bir nəticə əldə edilməyəcək, çünki erməni tərəfinin iddiaları əsassızdır. Hamı gözəl bilir ki, Qarabağda aclıq yoxdur. Bundan əlavə, Azərbaycan Ağdam tərəfdən yardım göndərməyə hazır olduğunu bildirdi".

Ekspertin fikrincə, qarşı tərəfə həmin yardımı qəbul etməyə Rusiya icazə vermir: "Rusiyanın məqsədi odur ki, 2025-ci ildən sonra da sülhməramlılar Qarabağda qalsın, ona görə də belə vəziyyətləri yaradır. "Dağlıq Qarabağ" adlı separatçı qurumun rəhbərləri bilir ki, sabah reinteqrasiya başlasa, Azərbaycan sadə ermənilərə dəyməyəcək, amma onların hamısını məhkəməyə çəkəcək. Ona görə də camaatı əsarətdə saxlayırlar".

A.Qasımlı
A.Qasımlı

"Azərbaycan hökuməti ilə razılaşdırıb oturublar"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da hesab edir ki, Ermənistanın BMT TŞ-na müraciəti bu ölkənin hakim elitasının maraqlarına uyğun bir addım idi. Onun vurğulamasına görə, burada ən narahatedici məqam Rusiyanın Azərbaycana dəstək verməsidir: "Rusiyanın hərbi kontingenti Qarabağdadır və paralel olaraq Rusiya Azərbaycana dəstək verir. Bu o deməkdir ki, məsələ açıq şəkildə danışılıb. Rusiya 2025-ci ildə bölgədən getmək və nəinki öz əvəzinə hər hansı beynəlxalq missiyanı, o, Azərbaycanı da Qarabağa buraxmaq istəmir".

Politoloqun sözlərinə görə, bu səbəbdən Azərbaycanı irəlidə daha ciddi problemlər gözləyə bilər: "Əgər Rusiya ərazimizdə ola-ola bizə açıq şəkildə dəstək verirsə, deməli, Azərbaycan hökuməti ilə razılaşdırıb oturublar. İrəlidə bu, bizim müstəqilliyimiz üçün təhlükə yaradır".

Laçın dəhlizi bağlandı: Paşinyan Qarabağa ərzaq daşınmasının dayandığını deyir
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Buna qədər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG