Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:48

Valideynləri Elen Dadayanı hələ də Qarabağda dəfn edə bilmədiklərini deyirlər


Elen Dadayan və yol qəzasına uğramış mikroavtobus
Elen Dadayan və yol qəzasına uğramış mikroavtobus

“Bu dünyadan, Ermənistan və Azərbaycan hakimiyyətlərindən bircə şey istəyirəm: qoyun 20 yaşlı qızımı öz torpağında dəfn edim”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, bunu avqustun 14-də Gümrü-Yerevan yolunda avtomobil qəzasında həlak olmuş Elen Dadayanın anası Ermənistanın baş naziri Nikol Paşinyana və xarici işlər naziri Ararat Mirzoyana məktubunda yazıb:

“Mənim qızım öz torpağında, bizim yanımızda dəfn olunmalıdır və siz bu məsələni həll etməlisiniz. Hərəkət edin, Nikol Paşinyan və Ararat Mirzoyan!”

Məktubda deyilir ki, 14 gün bundan əvvəl həlak olmuş qızın meyiti hələ də Gorus morqundadır və Qırmızı Xaçın dediyinə görə, onun Qarabağda dəfn edilməsi Ermənistan və Azərbaycan arasında siyasi məsələyə çevrilib:

“Axı niyə mənim qızımın cənazəsi, evimin matəmi iyrənc siyasi məsələyə çevrilməlıidir? Bu qəbuledilməzdir. Siz beynəlxalq humanitar hüquqdan danışırsınız. İlham Əliyev beynəlxalq instansiyalarda sinəsinə döyür ki, Artsax (Qarabağ-red) ermənilərinin hüquqlarının müdafiəsi onun missiyasıdır. Əliyev faktiki olaraq Artsaxdan (Qarabağ-red) və Artsax (Qarabağ-red) ermənilərindən imtina edir”.

Azatutyun xatırladır ki, avqustun 14-də Şirak vilayətində baş vermiş yol qəzasında 12 nəfər, o cümlədən Qarabağın Çartar kəndində doğulmuş Elen Dadayan həlak olub.

Martuni yox, Xocavənd

Azatutyun qeyd edir ki, Azərbaycan Elen Dadayanın cənazəsinin Gorusdan Qarabağa gətirilməsinə icazə vermir.

Xəbərdə deyildiyinə görə Azərbaycan sənədlərdə “Martuni rayonunun Çartar kəndi” sözlərinin “Xocavənd rayonu Çartar kəndi” ilə əvəz olunmasını tələb edir.

Azərbaycanın dövlət rəsmi ərazi-inzibati bölgüsündə Martuni rayonu yoxdur.

Ötən həftə Elen Dadayanın qohumları Qırmızı Xaçın Xankədidəki ofisinin qarşısına yığışmışdılar.

Onlar həm də Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüşmüşdülər.

O bu məsələdə ailəyə kömək edəcəyini vəd etmişdi.

Buna qədər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG