Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Putin keçmiş 'Vaqner' komandanı ilə niyə görüşüb?


Rusiya prezidenti Vladimir Putin Vaqner özəl hərbi şirkətinin keçmiş komandanlarından Andrey Troşşevlə (sağda) görüşüb
Rusiya prezidenti Vladimir Putin Vaqner özəl hərbi şirkətinin keçmiş komandanlarından Andrey Troşşevlə (sağda) görüşüb

Rusiya prezidenti Vladimir Putin Vaqner özəl hərbi şirkətinin keçmiş komandanlarından Andrey Troşşevlə görüşüb.

Bu görüşdə müdafiə nazirinin müavini Yunus bek Yevxurov da iştirak edib.

Sentyabrın 29-da Kremlin saytında dərc olunmuş məlumata görə bu görüşdə Putin deyib:

"Biz sizinlə son görüş zamanı qeyd etmişdik ki, siz ilk növbədə xüsusi əməliyyat zonasında müxtəlif döyüş tapşırıqlarını yerinə yetirən könüllü birləşmələrin formalaşdırılması ilə məşğul olacaqsınız. Siz özünüz bir ildən də çox belə bir birləşmədə döyüşmüşünüz. Bunun nə olduğunu, necə edildiyini, döyüş işinin ən uğurlu bir şəkildə görülməsi üçün əvvəlcədən həll edilməli olan məsələləri bilirsiniz”.

Andrey Troşşev keçmiş polis polkovnikidir. O Vaqner şirkətinin keçmiş qərargah rəisidir. Döyüş ayaması “Sedoy”dur. O 2021-ci ildə Avropa İttifaqının sanksiya siyahısına salınıb.

“Dosye” mərkəzinin jurnalisti İlya Rojdestvenski bildirir ki, Troşşev bundan əvvəl Ruisya Müdafiə Nazirliyinin tərəfinə keçib və nazirliyin özəl hərbi şirkətinə rəhbərlik edib.

Vaqnerin təsisçisi Yevgeni Priqojinin yarımçıq qiyamından sonra Putinlə görüşən vaqnerçilərin arasında Troşşev də olub.

Vaqnerçilər Troşşevi xəyanatdə ittiham edirdilər

Kommersant qəzetinin yazdığına görə həmin görüşdə Putin Vaqner nümayəndələrinə gələcək məşğulluqla bağlı müxtəlif təkliflər edib, o cümlədən bildirib ki, Troşşev vaqnerçilərə başçılıq edə bilər.

Ötən avqustda ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu - ISW bildirirdi ki, Vaqner qrupunun komandanları Troşşevi və başqa muzdlu döyüşçüləri özəl şirkətə xəyanətdə və Müdafiə Nazirliyinin tərəfinə keçməkdə ittiham etmişdilər.

Bundan az əvvəl vaqnerçiləri yenidən Ukraynanın Baxmut şəhəri yaxınlığında görənlər olub. Onlar qiyamdan sonra Belarusa köçürülmüşdülər.

Bu barədə ilk dəfə CNN telekanalına müsahibəsində “Qruv” ləqəbli Ukrayna hərbçisi danışıb.

Bu xəbəri habelə Rusiyanın hərbi blogerlərinə bağlı teleqram kanalları yayıblar. Bunun ardınca bu xəbərləri Ukrayna silahlı qüvvələrinin Şərq qruplaşmasının sözçüsü İlya Yevlaş təsdiq edib.

Podolyak: Bu yalnız “media effekti” üçün edilir

Lakin Ukrayna prezident administrasiyasının müşavirlərindən Mixaylo Podolyak bu qənaətdədir ki, bu hadisənin “media effekti” onun real əhəmiyyətindən qat-qat çoxdur.

Onun sözlərinə görə muzdluların Baxmuta gətirilməsi yalnız bir məqsəd – Ukraynanın Kleşşeyevka və Andreyevka məntəqələrini azad etməsinə dair xəbərlərə kölgə salmaq məqsədi güdür.

ISW-nin sözü gedən hesabatından üç gün sonra Vaqnerin təsisçisi Yevgeni Priqojinin və daha 10 nəfərin təyyarə qəzasında həlak olduqları xəbər verilmişdi.

Rusiya hakimiyyət orqanları avqustun 27-də ekspertizanın cəsədlərdən birinin Priqojinə məxsus olduğunu təsdiq etdiyini bildirmişdi.

Priqojinin Moskvaya yürüşündən və yarımçıq qiyamından əvvəl onunla Müdafiə Nazirliyi arasında aylarla davam edən qarşıdurma vardı.

Priqojin nazirliyi Ukraynadakı müharibəni səriştəsiz aparmaqda və mənasız qurbanlar verməkdə ittiham edirdi.

Sentyabrın ortalarında Britaniya hökuməti Vaqneri terrorçu təşkilatların siyahısına daxil edib.

Bundan əvvəl, hələ yanvar ayında ABŞ Vaqneri transmilli cinayətkar təşkilat elan etmişdi.

XS
SM
MD
LG