Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:45

'Bravo'ya silahlı basqında təqsirləndirilən şəxs: 'Əvvəl 'Kapitalbank'a planlaşdırılmışdı...'


Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücumda ittiham olunan iki nəfərdən biri - Dəyanət Qüdrətov etiraf edib ki, həmin cinayətin iştirakçısı olub. Ancaq o iddia edir ki, bu işə onu digər təqsirləndirilən, hadisədən bir neçə saat sonra saxlanılarkən öldürülmüş Ruhlan İsmayılov təhrik edib. 21 yaşlı Qüdrətov bu barədə oktyabrın 18-də məhkəmədə ifadə verərkən danışıb.

“Bravo”nun girişindəki bankomatlardan birinə pul yükləyərkən inkassatora silahlı hücum baş vermişdi. Nəticədə bir nəfər öldürülmüş, daha biri yaralanmışdı. Bu basqına görə ittiham olunan 7 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim önünə təqsirləndirilən qismində 6 nəfər çıxarılıb. Amma ittiham olunanların sayı 7 nəfərdir. Saxlanılarkən öldürülmüş Ruhlan İsmayılovun da adı təqsirləndirilənlər sırasındadır.

Silahlı hücuma iki nəfər qatılıb

Bu, yayılan videoda da görünür. Təqsirləndirilənlərin üçü silahlı basqın törətməyə yardımda ittiham olunur. Daha iki nəfərə qanunsuz silah əldə etməyə kömək ittihamı verilib. Onların da biri Ruhlan İsmayılovun atasıdır.

D.Qüdrətov oktyabrın 18-də məhkəmədə ifadə verərkən deyib ki, hərbi xidmətdən 2023-cü ilin yanvarında qayıdıb. Ruhlanla hələ hərbi xidmətdən əvvəl tanış olduğunu söyləyən Dəyanətin sözlərinə görə, qayıdandan sonra bir neçə dəfə görüşüblər. Söhbət əsnasında Ruhlan ov üçün silah almaq istədiyini deyib:

“Öz adına ala bilmirdi, çünki Ruhlan psixi xəstəxanada yatmışdı. Ona silah almağa icazə vermirdilər. Mənim adıma almağı təklif elədi. Razılaşdım. Mağazadan silah aldıq. Bir ay keçdi, Ruhlan dedi ki, basqın eləyəcək”.

D.Qüdrətov iddia edir ki, öncə basqında iştiraka razılıq verməyib, ancaq R.İsmayılov onu hədələyib. Dediyinə görə, bundan sonra razılaşıb.

Onlar fevraldan “Bravo” ətrafında izləmələrə, bankomatlara pulların nə vaxt yükləndiyini öyrənməyə başlayıblar.

“Ruhlan maşını yandırıb izi itirəcəkdi”

Hadisə günü haqda danışan D.Qüdrətov deyir ki, öncə özü içəri daxil olub və atəş açıb. Onun atdığı güllə bankomata dəyib. Digər qapıdan gələn R.İsmayılovsa bankomatın önündə mühafizəçini vurub.

“Hadisədən sonra biz Qala qəsəbəsinə gedəcək, orada Ruhlan maşını yandırıb izi itirəcəkdi. Sonra onun evinə gedəcəkdik. Amma baş tutmadı. Hadisələr plana uyğun getmədiyindən, mən oradan çıxıb Səbuhigilə (təqsirləndirilən şəxslərdən biri-red.) getdim. Amma onun bu hadisədən xəbəri yox idi. Əslində, Ruhlan əvvəl “Kapitalbank”a basqın eləmək istəyirdi. O plan da baş tutmamışdı. Ona görə də bu planı qurdu. Plana görə, bankomatdan 400 min manatı götürüb, bölməliydik...” - D.Qüdrətov ifadəsində belə deyib.

O vurğulayıb ki, silahlı basqında ittiham olunan Azər Məmmədovu heç tanımır.

Məhkəmə noyabrın 15-də digər təqsirləndirilənlərin ifadələrilə davam edəcək. Onlar ötən məhkəmə iclasında ittihama qısaca münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli bilmirlər.

Xatırlatma

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum martın 4-də günorta (saat 12.00 radələrində) baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şaydayevsə yaralanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, cinayəti törətməkdə ittiham edilən Ruhlan İsmayılov saat 21.00 radələrində olduğu evdə saxlanılarkən, polis əməkdaşlarına silahlı müqavimət göstərdiyindən zərərsizləşdirilib.

Həmin evdə yaşayan İsmayıl Hacızadə də o gün həbs edilib. Ona qarşı narkotik ittihamı irəli sürülüb. İndi o da Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca mühakimə olunur. İ. Hacızadə narkotik ittihamının əsassız olduğunu, heç vaxt ondan istifadə etmədiyini bildirib.

Homoseksual olduğunu deyən İsmayılın sözlərinə görə, hadisə günü günortadan sonra onun evinə gələn Ruhlanla öncədən münasibəti varmış:

“Mən hardan bilim ki, bu, belə bir hadisə törədib. Axşam qapı döyüldü, mən açdım. Qapını açan kimi də bilmədim nə baş verir. Güllələr başımın üstündə uçurdu. Heç Ruhlanın da necə öldürüldüyünü görmədim. Məni də sürüyə-sürüyə apardılar...”

XS
SM
MD
LG