Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:20

Cahangir Hacıyev: 'Böyük məbləğdə kreditlərin ödənilməməsinə görə 'Aqrarkredit' məsuliyyət daşıyır'


Beynəlxalq Bankın keçmiş rəhbəri, 8 ildir həbsdə olan Cahangir Hacıyev iddia edir ki, bankdan götürülən milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır.

O, dostları - keçmiş deputat Dünyamin Xəlilov və “Bakı Fındıq Emalı” MMC-nin (zavodun) rəhbəri olmuş Azad Cavadovun işi üzrə şahid ifadəsində belə deyib.

Dostları C.Hacıyevin rəhbərliyi dovründə onunla dostluqdan faydalanaraq, müxtəlif adamların adına Beynəlxalq Bankdan milyonlarla manat kredit götürüb mənimsəməkdə ittiham olunurlar.

D.Xəlilov və A.Cavadovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Noyabrın 13-də məhkəmədə dindirilən şahidlər bildiriblər ki, Beynəlxalq Bankın müxtəlif filiallarına gedərək, iri məbləğdə kredit götürmələrinə dair sənədlərə imza atsalar da, onlara pul verilməyib.

“O kredit Əhmədlidəki tikinti işlərinə sərf olunacaqdı...”

Məsələn, C.Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev deyir ki, Beynəlxalq Bank rəhbərinin tapşırığıyla gedib kredit sənədlərini imzalayıb. Onun sözlərinə görə, adına kredit ayrılsa da, pulu bankdan almayıb:

“Bildiyimə görə, o kredit Əhmədlidəki tikinti işlərinə sərf olunacaqdı...”

Keçmiş deputat D.Xəlilovun rəhbərlik etdiyi toxucuuq fabrikində - “İntertekstil”də fəhlə işləmiş Abuzər Əliyev də bildirib ki, adına 500 min manat kredit rəsmiləşdirilib, amma özünün bundan xəbəri olmayıb. 2015-ci ildə sağlamlığında problem olan uşağını Gürcüstana müalicəyə apararkən, sərhəddə saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb:

“İdarədə bilmişəm ki, adıma 500 min kredit götürülüb, amma ödənilməyib. 2010-cu ildə bir həftəydi işə girmişdim. Dedilər ki, şəxsiyyət vəsiqəni də götür, gedib bankda sənədlərə qol çəkəcəksən. Getdim, heç bilmədim ki, kredit məsələsinə qol çəkmişəm...”

“Səkkiz il ərzində kreditlər ödənilməliydi”

Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirildiyini öz ifadəsində təsdiqləyib. Onun sözlərinə görə, ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf edilib:

“Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə prezidentin fərmanıyla o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.

D.Xəlilov və A.Cavadov başqalarının adına kredit kimi götürülmüş 6 milyon 600 min manatı mənimsəməkdə ittiham olunurlar. Onların məhkəməsində Beynəlxalq Bank da zərərçəkmiş qismində tanınıb. Amma bankın nümayəndəsi 6.6 milyon manatlıq ziyanla razı deyil. O iddia edir ki, dəymiş ziyanın məbləği 17 milyon 765 min manat olmalıdır:

“Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu cinayət işi üzrə istintaq dövründə Beynəlxalq Bankın zərərçəkmiş qismində tanınması haqda qərarda da dəymiş ziyan 17 milyon 765 min manat göstərilib. Biz 6 milyon 600 min manatı qəbul eləmirik”.

“Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəməyə mülki iddiaçı qismində qatılıb. 2015-ci ildə Beynəlxalq Bankın problemli kreditlərinin həll olunmasından ötrü prezident fərmanıyla yaradılmış “Aqrarkredit”in nümayəndəsi deyir ki, onlar Beynəlxalq Bankın açıq qalmış kreditlərini ödəyiblər:

“Biz “Aqrarkredit” olaraq, bankın kreditlərini bağlamışıq. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6.6 milyon manat ziyan məsələsilə razı deyilik. Hesab edirik ki, məbləğ 17 milyon 765 min olmalıdır”.

Prokuror bildirib ki, ziyanın məbləği artırılanda ittiham da ağırlaşır. Özbaşına ittihamı ağırlaşdıra bilmədiyindən, məhkəmə işə verilən ittiham çərçivəsində baxır:

“İttihamın ağırlaşdırılması üçün vəsatət verilməlidir ki, iş istintaqa qaytarılsın...”

Xatırlatma

Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib.

Son 8 ildə D.Xəlilov üçüncü, A.Cavadovsa ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. Onların hər ikisi daha öncə bir dəfə C.Hacıyevlə birlikdə mühakimə edilib.

C.Hacıyev də 2015-ci ildən bəri iki dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt D.Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı.

Adları çəkilənlərin heç biri özünü təqsirli saymır. Hər üçü bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

XS
SM
MD
LG