Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

Paşinyan sülh barədə razılıq olduğunu, ancaq tərəflərin hələ də 'fərqli' diplomatik dillərdə danışdığını deyir


Ermənistan baş naziri Nikol Paşinyan Yerevan və Bakının sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gəldiklərini ancaq hələ də tərəflərin danışıqlarda “müxtəlif diplomatik dillərdə danışdıqlarını” bildirib.

Paşinyan bunu ATƏT Parlament Assambleyasının Yerevanda payız sessiyasının açılış mərasimində deyib.

"Ermənistan-Azərbaycan arasındakı sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlər var" - o çıxışında deyib.

"Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Brüsseldə görüşlərim nəticəsində baş verib", - deyə Ermənistanın baş naziri əlavə edib.

Paşinyan çıxışında deyib ki, “Yerevan və Bakı hələ də müxtəlif diplomatik dillərdə danışır”. Ermənistan baş naziri əlavə edib ki, “biz çox vaxt bir-birimizi başa düşmürük”.

Ermənistan baş naziri bu durumun obyektiv səbəblərinin olduğunu vurğulayıb. O, buna "çoxillik münaqişə, minlərlə qurban, onlarla əsir və digər faktorların" səbəb olduğunu deyib.

Paşinyan bununla yanaşı Azərbaycan rəsmilərini Ermənistanı “Qərbi Azərbaycan” adlandırmaqda da ittiham edib.

“Bu, bizə yeni müharibəyə, Ermənistana qarşı yeni hərbi təcavüzə hazırlıq kimi görünür və sülh prosesində irəliləyiş üçün əsas maneələrdən biridir”, - Paşinyan bildirib.

Ermənistan baş nazirinin bu açıqlamalarına, hələlik, Azərbaycan rəsmiləri münasibət bildirməyib.

XİN-dən Paşinyanın açıqlamalarına reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın son açıqlamalarına münasibət bildirib:

"Ermənistan tərəfinin iki aydan artıq müddətdə yubatdığı “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinə şərhləri təqdim etmək və müqavilə üzrə danışıqlara başlamaq əvəzinə Azərbaycana qarşı iddialar səsləndirməsi qəbuledilməzdir." - açıqlamada qeyd olunur.

XİN qeyd edir ki, son üç il ərzində Azərbaycan tərəfindən 5 baza prinsipləri, sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürülmüş təşəbbüslərə baxmayaraq, Ermənistan tərəfi bu prosesə maneçilik törədib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG