Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:08

Azərbaycan balanslaşdırılmış siyasətdən imtina edibmi?


Co Bayden / Vladimir Putin
Co Bayden / Vladimir Putin

Son iki həftədə Azərbaycanın rəsmi kütləvi informasiya vasitələrində Qərb ölkələrinə, daha çox da Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı əks təbliğat aparılır.

Xüsusilə də ötən həftə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin dinləmələrində Azərbaycanla bağlı açıqlamalarından sonra belə hallar özünü daha qabarıq şəkildə göstərdi. Həmin açıqlamada C.O'Brayen demişdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanmayana qədər ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq.

Bundan dərhal sonra Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) də bəyanatında ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində dinləmələrə sərt reaksiya vermişdi. Nazirlik belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edərək bildirmişdi ki, Vaşinqtonun "birtərəfli" yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər.

A.Mirzəzadə
A.Mirzəzadə

"Azərbaycana qarşı ittihamlar, böhtanlar yağdırılırsa..."

Azərbaycan artıq balanslaşdırılmış xarici siyasətdən imtina edirmi? Hələlik, bu suala Azərbaycan XİN-dən dəqiq cavab almaq mümkün olmayıb. Amma Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə "Turan"a mövzu ilə bağlı bunları deyib: "Azərbaycana qarşı ittihamlar, böhtanlar yağdırılırsa, nə etməlidir, susmalıdır, udmalıdır?".

A.Mirzəzadə hesab edir ki, balanslaşdırılmış siyasət də aparılır: "Amma qarşı tərəf də ona uyğun olaraq hərəkət etməlidir".

Deputatın fikrincə, Azərbaycanın ABŞ-la münasibətləri indi də var.

"Bu məsələdə icraçı funksiyasını rəsmi Bakı üzərinə götürüb"

Keçmiş səfir Arif Məmmədov isə AzadlıqRadiosunun bu barədə sualına cavabında deyib ki, indi baş verənləri "soyuq müharibə" də adlandırmaq olar: "Çünki bu, yalnız təbliğat sahəsində deyil, həm də danışıqlar prosesi Qərb platformasından uzaqlaşmaqdadır. Əlbəttə, bunlar Qərbi narahat etməyə bilməz".

A.Məmmədov
A.Məmmədov

A.Məmmədov vurğulayıb ki, əvvəllər xarici siyasət balanslaşdırılmış olub, Bakı həm Moskva, həm də Qərb paytaxtları ilə münasibətləri eyni səviyyədə aparmağa çalışıb. Amma onun fikrincə, son zamanlar Azərbaycanın xarici siyasətində daha çox Rusiya amilinə və "3+3" (Rusiya, İran, Türkiyə + Azərbaycan, Gürcüstan, Ermənistan) formatına üstünlük verildiyi görünür: "Nəzərə alın ki, Qərbin bölgədən sıxışdırılmasında daha çox Rusiya və İran maraqlıdır. Bu məsələdə icraçı funksiyasını rəsmi Bakı öz üzərinə götürüb. Məsələ ondadır ki, Türkiyə daxil digər qonşular Azərbaycandan islahatlar tələb etmir. Həm də İlham Əliyev Ermənistanla sülh sazişi imzalamaqdan yayınır. Güman ki, onun Rusiya qarşısında öhdəlikləri var".

A.Məmmədov güman edir ki, mövcud gərginlik iqtisadi sanksiyaların tətbiqini gündəmə gətirə bilər. Keçmiş səfirin sözlərinə görə, 907-ci düzəlişin yenidən qüvvəyə minməsi gərginliyin iqtisadi sahəyə keçidinin işarəsidir. (1992-ci ildə "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılıb): "Məsələ ondadır ki, 907-ci düzəliş Azərbaycanın digər ölkələrdən silah-sursat alışını ciddi məhdudlaşdırır. Məsələn, Azərbaycan ən çox silahı İsraildən alır, bu ölkə də silahı ABŞ texnologiyası ilə istehsal edir. Elə Türkiyədən alınan silahlar da ABŞ texnologiyası ilə hazırlanır".

XS
SM
MD
LG