Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Alen Simonyan: 'Rusiya sərhədçilərinin Zvartnots hava limanını tərk etməsi düzgün olardı'


Alen Simonyan
Alen Simonyan

Rusiya sərhədçilərinin Zvartnots hava limanını tərk etməsi düzgün olardı.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu fevralın 27-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

O əlavə edib ki, bu onun şəxsi fikridir və bu barədə hər hansı müzakirələrin aparılıb-aparılmamasından xəbərsizdir.

Simonyan deyib ki, belə müzakirələrin güc nazirlikləri tərəfindən aparılmasını istisna etmir, amma o bu müzakirələrin iştirakçısı deyil.

Milli Məclisin spikeri deyib ki, o Rusiya sərhədçilərinin Ermənistanın sərhədlərini qoruyacağından əmin deyil:

“Biz öz sərhədlərimizi özümüz qoruyacağıq. Amma mən onların bizim sərhədlərimizi qoruyacağından əmin deyiləm. Siz necə, əminsiniz? Bu dəfələrlə isbat olunub ki, onlar qorumurlar, üstəlik hər şeyi edirlər ki, bu sərhədlər daha zəif olsun. Onlar Dağlıq Qarabağa gəlib orda nə etdilər? Erməni xalqını ordan yola saldılar. Hadisələr başa çatandan iki-üç saat sonra Rusiya sülhməramlılarından beş nəfəri öldü. Onlar erməniləri çölə atdılar. Qorumaq belə olur? Bir gün də sizi və məni Zvartnots hava limanından yola salacaqlar”.

Ermənistan sərhədlərini mühafizə edən Rusiya sərhədçiləri
Ermənistan sərhədlərini mühafizə edən Rusiya sərhədçiləri

“Əgər orda erməni hərbçilər varsa, rusiya əsgərləri nə iş görür?”

Alen Simonyana ötən həftə Ermənistan və Azərbaycan hərbçiləri arasında atışmanın baş verdiyi Nerkin Hand barədə də sual verilib.

Azatutyun sual verib ki, Rusiya əsgərləri Nerkin Handda hansı hüquqi əsasda mövcuddurlar.

Simonyan deyib ki, o bunun hüquqi əsasının nə olduğunu bilmir, amma bu məsələnin müzakirə olunduğunu düşünür.

Spiker “əgər orda erməni hərbçilər varsa, rusiyalılar orda nə iş görür” sualına cavab olaraq deyib:

"Vəziyyətin gərgin olduğu müəyyən dövrlərdə, bəzi ərazilər, belə deyək, səhv etmirəmsə, məsuliyyət zonası kimi onlara etibar olunub. Amma mən düşünürəm ki, biz bu hüquqi məsələni həll etməliyik”.

Aİ missiyasının girişi olmayan yeganə yer

Azatutyun yazır ki, Nerkin Handda baş vermiş qanlı atışmada erməni tərəfi dörd əsgərini itirmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Rusiya hərbçiləri həmin vaxt orda olsalar da, qanlı toqquşmanın qarşısını almamışdılar:

"Nerkin Handda baş vermiş son insident zamanı Avropa İttifaqı müşahidə missiyasının ora girişi yox idi, amma rusiyalılar orada idilər və Rusiya insidentin qarşısını almayıb”.

Azatutyunun sualına cavab verərkən Aİ missiyasının rəhbəri Markus Ritter də təsdiq edib ki, müşahidəçilərin Nerkin Handdan başqa Ermənistanın bütün başqa ərazilərinə girişi var.

Ritterin sözlərinə görə bu kənd Rusiya FTX-sinin məsuliyyəti zonasındadır.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG