Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:38

Paşinyanın partiyasının ianələri necə yığdığı araşdırılmayacaq 


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanda prokurorluq hakim partiyanın ötən sentyabrda Yerevanda bələdiyyə seçkiləri öncəsi səxavətli ianə kampaniyasını araşdırmaqdan imtina edib. Bu yaxınlarda dərc olunmuş məlumatda həmin ianələrin qanuniliyi məsələsi qaldırılmışdı. Ancaq prokurorluq məsələ ilə bağlı cinayət işi açmaqdan imtina edib.

Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə partiyası avqustda bircə tədbir çərçivəsində minədək donordan 506.5 milyon dram (1.25 milyon dollar) yığdığını açıqlayıb.

Yanvarın 30-da Infocom.am araşdırmaçı nəşrinin dərc etdiyi geniş məqalə üzə çıxarıb ki, bu məbləğin əsas hissəsi 1 milyon - 2.5 milyon dramlıq ianələrdən formalaşıb. Bu, Ermənistan qanunvericiliyində nəzərdə tutulmuş maksimum məbləğdir. Di gəl, partiyanın nominal donorları aparıcı hökumət rəsmilərinə bağlı zəngin olmayan şəxslər, biznesmenlər, eləcə də belə ödənişlər etmək iqtidarında olmayan sıravi Yerevan sakinləridir.

Ancaq Infocom reportyorlarının əlaqə saxladığı sakinlər onların adından Paşinyanın partiyasına köçürülən məbləğlərdən xəbərləri olmadığını deyiblər. Pullar varlı biznesmen, hökumətyönlü deputat Xaçatur Sukiasyannın kommersiya bankı vasitəsilə köçürülüb.

Baş Prokurorluqdan AzadlıqRadiosunun erməni xidmətinə deyilib ki, məlumatla tanış olublar, Paşinyanın partiyasının yol verdiyi maliyyə pozuntularına heç bir dəlil tapılmayıb. Ona görə də cinayət işi açılmayacağı bildirilib. “Azatutyun” qeyd edir ki, Baş prokuror Anna Vardapetyan daha öncə Paşinyanın hüquq müşaviri işləyib.

'Ermənilər geri qayıtmasa, qisasçılıq artacaq' - Ermənilərin Qarabağa dönüşü təklifləri #İzahla
Gözlə

No media source currently available

0:00 0:13:56 0:00

“Siyasi iradənin yoxluğu...”

Vanadzorda yerləşən Helsinki Vətəndaş Assambleyasının təmsilçisi olan fəal Vardin Qriqoryan prokurorları tənqid edərək deyib ki, onların hakim partiynı araşdırmaqdan imtinası siyai iradənin olmadığını göstərir.

“Siyasi iradənin yoxluğu asan yol seçimi ilə nəticələnəcək: aya deyək ki, 120 min dram qazanan şəxs həvəslə 2.5 milyon dram ianə edib”, - Qriqoryan söyləyib.

Paşinyan ötən ay araşdırmaçı jurnalistlərin şübhəli saydığı bu və digər ianələri izah etməkdən yayınıb. O həmçinin partiyası daxilində maliyyə şəffaflığının olmaması barədə deyilənləri də təkzib edib. Ermənistan parlamentində danışan baş nazir deyib ki, o və siyasi komandası “nəyin baş verdiyini anlamaq və izah etmək niyyətindədir”.

Ancaq “Azatutyun” Paşinyanın komandasının hər hansı izahat vermədiyini yazır. Tənqidçilər partiyanı varlı biznesmenləri qanuni limiti aşan məbləğlər köçürməyə məcbur etməkdə, partiya üzvləri və tərəfdarlarının qanunsuz varlanma yoluyla əldə etdiyi pulları xərcləməkdə suçlayırlar.

Səxavətli donorlar kimlərdir

Infocom məqaləsində belə donorlara işıq salıb. Onların sırasında Fövqəladə Hallar Nazirliyinin beş keçmiş rəsmisi var. Onların hər birinin verdiyi 2.5 milyon dram (6 min 170 dollar) illik maaşlarına bərabərdir.

Digər şübhəli donorların Ermənistanın indiki rəhbərliyi ilə yaxşı münasibətdə olduğu deyilən biznesmenlərin şirkətləri üçün çalışırlar.

Paşinyan isə 2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə gələndə biznesi siyasətdən ayıracağını vəd edib. O daha sonra deyib ki, partiyası seçki kampaniyalarını çoxsaylı tərəfdarlarının təvazökar ianələri hesabına quracaq. Yerevanda mer seçkiləri vaxtı isə partiyanın rəsmən topladığı vəsaitin 70 faizə yaxını 140 nəfərin ayırdğı 2.5 milyon dramlıq ianələr hesabına formalaşıb.

XS
SM
MD
LG