Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:57

Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırır


Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulduğunu açıqlayıb.

Nazirliyin vurğulamasına görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri onun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ermənistan Müdafiə Nazirliyi (MN) bu məlumatı təkzib edib: "Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunan istiqamətlərdə hər hansı pozuntu qeydə alınmayıb".

"Eyni zamanda... Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 22:00-da Qut kəndi (Geğarkunik vilayəti) və aprelin 2-də saat 00:40-da Tex kəndi (Sünik vilayəti) istiqamətində erməni silahlı birləşmələrinin mövqelərini atəşə tutublar", - Ermənistan MN-in məlumatında bildirilir.

Yerevan Bakıya cavab verdi: Sərhəddə mühəndis işləri Ermənistanın suveren haqqıdır

Ermənistan ərazisində mühəndislik işlərinin aparılması Ermənistan Respublikasının suveren haqqıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinin 1 aprel tarixli bəyanatına cavabında belə deyilir.

Ermənistan MN daha sonra bildirir ki, sərhəd bölgəsində aparılan mühəndislik işləri sırf müdafiə xaraketir daşıyır və Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçündür.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda Ermənistanın sərhəddə qoşun cəmləşdirdiyi və hücum üçün dayaq bazaları yaratdığı iddia olunurdu.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, həmin videoda son aylarda sərhəd boyunca tikilmiş fortifikasiyalar, mühəndislik qurğuları göstərilir və bütün bunların sanki son günlərdə aktivləşmiş fəaliyyət olduğu iddia edilir:

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri heyətlərinin, zirehli texnikasının, artilleriya və başqa resurslarının sərhədin müxtəlif hissələrində guya aktiv hərəkətə keçməsinə dair dezinformasiyalar yaymaqda davam edir”.

Ermənistan Müdafiə Nazirliyi hazırda Ermənistan-Azərbaycan sərhədi boyunca operativ situasiyanın sabit olduğunu və sərhədin qorunması üçün əlavə tədbirlərə ehtiyac olmadığını vurğulayır.

Azərbaycan Ermənistanı yenə gərginlik yaratmaqda günahlandırır

Azərbaycan Müdafiə Nazirliyi aprelin 1-i axşam saatlarında Ermənistanla bağlı növbəti açıqlama yayıb.

Nazirliyin vurğulamasına görə,Ermənistan Azərbaycanla sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmağa davam edir.

Bildirilib ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

Bu məlumata isə, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

***

Ermənistan və Avropa İttifaqının müşahidəçiləri Ermənistanın iki ölkə arasındakı sərhəd boyunca qoşun cəmləşdirdiyinə dair Bakının iddialarını rədd edib.

Azərbaycan Müdafiə Nazirliyi ötən həftəsonu Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca “intensiv” hərəkət etdiyini və bunun “hərbi təxribata cəhd” ola biləcəyini bəyan etmişdi.

Azərbaycan MN xəbərdarlıq edirdi ki, istənilən belə cəhdin qarşısı Azərbaycan ordusu tərəfindən alınacaq.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin bu bəyanatını qətiyyətlə rədd edib.

Azatutyunun yazdığına görə Aİ-nin Ermənistanda yerləşdirilmiş mülki müşahidə missiyası da Ermənistanın sərhəd boyunca qoşun cəmləşdirdiyinə dair deyilənləri təkzib edib.

Avropa İttifaqı missiyası da təkzib edir

Missiyanın X platformasında yayılmış qısa bəyanatında deyilir ki, "Aİ missiyası Ermənistan-Azərbaycan sərhədi boyunca gün ərzində müşahidə aparır və heç bir qeyri-adi hərəkət qeydə almayıb”.

Azatutyun yazır ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Kllaar bu xəbəri təkrar post edib:

“Missiyanın heç bir qeyri-adi hərəkət müşahidə etmədiyini bildirməsi yaxşıdır. Elə missiyanın məqsədi də budur. Daha geniş şəffaflıq və etimad yaratmaq. İndi bunun Azərbaycan hakimiyyəti ilə müzakirəsi məsələsi açıq qalır”.

Azatutyun yazır ki, Azərbaycanda bütün ötən həftə ərzində müşahidə missiyasının və ümumilikdə Avropa İttifaqının tənqidi güclənib. Bu da xatırladılır ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə Avropa Komissiyasının başçısı Ursula von der Leyenlə və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşməlidir.

Azərbaycan Paşinyanın Brüsseldə keçiriləcək görüşündən narazıdır

Rəsmi Bakı Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyası sədrinin aprelin 5-də Brüsseldə gözlənilən görüşünü "qərəzli, ikili standartlara əsaslanan" saydığını bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qeyd edib ki, sözügedən görüş "tam şəffaf şəkildə keçirilmir, regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna, inteqrasiyaya ziddir".

"Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", - Azərbaycanın xarici siyasət idarəsindən bildirilib.

Habelə vurğulanıb ki, "Revanşist əhval-ruhiyyə fonunda... bu kimi açıq ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər".

Bakı bəyan edib ki, Aİ və ABŞ bu halda Ermənistanın sabitliyi pozan istənilən hərəkətinə görə məsuliyyəti bölüşür.

“Üçtərəfli görüşün baş tutmaması üçün”

Azatutyun bəzi erməni rəsmilərə istinadla yazır ki, Azərbaycan Brüsseldə üçtərəfli görüşün baş tutmaması üçün sərhəddə hücum hazırlaya bilər.

Elə baş nazir Paşinyan da ötən həftəsonu demişdi ki, Azərbaycan regionda yeni genişmiqyaslı müharibə üçün bəhanə axtarır.

Azatutyunun yazdığına görə Azərbaycanda hakimiyyətə bağlı media Ermənistan, Qazax rayonuna aid 4 kənddən çəkilməzsə, Azərbaycan ordusunun hərəkətə keçəcəyini bildirir.

Klaar Ermənistana qarşı belə təhdidləri pisləyib.

Nikol Paşinyan üç həftə bundan əvvəl sözü gedən ərazilərin Azərbaycana birtərəfli və qeyd-şərtsiz qaytarılmasına razı olduğunu bildirib.

Paşinyan Azərbaycanı yeni müharibəyə başlamaq üçün bəhanələr axtarmaqda ittiham edir

Azərbaycanın Müdafiə Nazirliyi iddia edir ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin intensiz hərəkəti müşahidə olunur

Bu barədə nazirlik martin 31-də məlumat yayıb. Məlumatda bildirilir:

“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur”.

Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı qətiyyətlə alınacaq.

Ermənistan Müdafiə Nazirliyi hələlik bu bəyanata cavab verməyib.

Azərbaycan Müdafiə Nazirliyinin bu açıqlamasından bir gün öncə - martin 30-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün bəhanələr axtarmaqda suçlayıb.

Azadlıq radiosunun erməni xidməti yazır ki, Paşinyan Artaşat şəhərində partiya üzvləri ilə görüşdə bu fikri səsləndirib.

Bundan öncə isə Ermənistan hakimiyyətinin sülh istəklərinə görə çox təhqir olunduğunu vurğulayıb və deyib ki, Tavuş vilayətinin 4 kəndini Azərbaycana verməsi ilə bağlı xəbərlər yalandır.

Baş nazir bir daha Ermənistan Respublikasında Qızıl Hacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım adlı kəndlərin olmadığını bəyan edərək, Yerevanın bu kəndlərin əraziləri ilə bağlı heç bir iddiasının olmadığını vurğulayıb.

Sözügedən kəndlər Azərbaycanın Ermənistandan təcili geri qaytarılmasını tələb etdiyi kəndlərdir. Paşinyan martin 12-də mətbuat konfransında bəyan edib ki, Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Alma-Ata bəyannaməsinə əsasən, de-yure Ermənistan ərazisində deyil.

Paşinyan deyib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış, suveren ərazisindən kənarda heç bir ərazi iddiası yoxdur və ölkənin sərhəddinin harada olduğunu vurğulamaq çox vacibdir. Baş nazir Azərbaycanın da bu istiqamətdə addım atacağına ümid etdiyini bildirib.

Rəsmi Bakı isə Ermənistan silahlı qüvvələrinin nəzarətində olan 4 kəndin qaytarılmasını tələb edir. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Ermənistanın Tavuş rayonu ilə həmsərhəddir və bilavasitə Azərbaycan ərazisində yerləşir. Azərbaycan iddia edir ki, sözü gedən dörd kənd və Ermənistanın ərazisində anklav şəklində yerləşən Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri ilə birlikdə 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.

XS
SM
MD
LG