Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:01

ABŞ kəşfiyyatı: İndi Rusiya seçkiyə daha məharətlə müdaxilə etmək istəyir


ABŞ Milli Kəşfiyyatının direktoru ofisinin hesabatında deyilir ki, noyabr seçkilərini təsirləndirmək istəyən “xarici aktorlar” indi “izlərini itirmək” məqsədilə getdikcə təkmilləşən taktikadan istifadə edirlər.

Qurumun 29 iyul tarixli hesabatında deyilir ki, “xarici aktorlar daha çox marketinq və ictimai əlaqə şirkətləri kimi kommersiya firmalarından istifadə edirlər”.

Belədə texniki təkmilləşdirmə baş verir və təsirin mənbəyini müəyyən etmək mürəkkəbləşir.

Hesabatda deyilir ki, belə firmalar daha çevik fəaliyyət göstərir və hökumət qurumlarından fərqli olaraq daha az bürokratik əngəl yaradırlar.

ABŞ-ın kəşfiyyat icması inanır ki, Rusiya, Çin və İran öz məqsədləri naminə ABŞ siyasətinə müdaxiləni davam etdirəcəklər.

Hesabatda qeyd olunur ki, Moskva ara firmaları vasitəsilə Birləşmiş Ştatlarda, seçki ilə bağlı əməliyyatlar da daxil, ictimai rəyi təsirləndirməyə çalışır:

"Bu firmalar təsir platformaları yaradır, Rusiyanın əlini gizlədərək amerikalılarla birbaşa və açıq təmasa girir, məzmunun ABŞ auditoriyasına uyğun olaraq redaktəsi üçün kamil alətlərdən istifadə edirlər”.

ABŞ kəşfiyyatı Rusiyanı “ABŞ seçkiləri üçün əsas təhlükə” hesab edir və inanır ki, Moskva müdaxilə zamanı “əllərini gizlətmək” yolları üzərində işləyir.

Çin və İran

Hesabatda deyilir ki, Çin “ehtimalən prezident seçkisini təsirləndirməyi planlaşdırmır, lakin “öz maraqlarına təhlükə kimi gördüyü namizədlərin gözdən salınmasına çalışa bilər”.

Hesabata görə İran ABŞ-ın siyasi təsisatlarına etimadsızlıq yaratmaqda və ABŞ cəmiyyəti arasında ixtilaf salmaqda maraqlıdır. Bu mənada Tehran habelə İsrail-Qəzza münaqişəsindən faydalanmağa çalışır.

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ABŞ Milli Kəşfiyyatının hesabatında onun ölkəsi barədə deyilənləri təkzib edib və bildirib ki, Tehran qarşıdan gələn ABŞ seçkilərinə müdaxilədə maraqlı deyil.

ABŞ seçiciləri noyabrın 5-də prezident seçkisində səs verəcəklər. Bu yarışda respublikaçıların namizədi keçmiş prezident Donald Trampdır. Hazırkı vitse-prezident Kamala Harrisin ona rəqib olacağı gözlənilir.

Bu seçkidə prezidentlikdən başqa Nümayəndələr Palatasının bütün 435 mandatı uğrunda yarış gedəcək. 100 yerlik ABŞ Senatında 34 mandat uğrunda mübarizə aparılacaq.

XS
SM
MD
LG