Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:17

The Guardian: Kiyevə Rusiya ərazisini vurmaq icazəsi verilib, amma bu barədə rəsmi xəbər olmayacaq


Britaniya kral hərbi hava qüvvələrinin Tornado GR4 təyyarəsi Storm Shadow qanadlı raketləri ilə (Arxiv fotosu)
Britaniya kral hərbi hava qüvvələrinin Tornado GR4 təyyarəsi Storm Shadow qanadlı raketləri ilə (Arxiv fotosu)

The Guardian qəzeti hökumətdəki mənbələrə istinadla iddia edir ki, Britaniya Ukraynaya Rusiya ərazisinin dərinliklərinin vurulması üçün Storm Shadow qanadlı raketlərindən istifadə icazəsi verib, lakin bu barədə rəsmən bəyan edilməyəcək.

Qəzetin mənbələri iddia ediblər ki, Storm Shadow raketləri ilə bağlı müsbət razılaşma əldə olunmasaydı, böyük bir ehtimalla sentyabrın 11-də Kiyevdə Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü də baş tutmazdı.

The Guardian eyni zamanda vurğulayır ki, Lemmi bu barədə açıq bəyanat versəydi, onun sözləri təxribat kimi yozula bilərdi.

Zelenski danışıqlardan razı qalıb

Qəzetin məlumatına görə, “düşünülməmiş və lüzumsuz hücumların” baş verməməsi üçün Kiyevin raketlərdən istifadəsinə yenə də müəyyən məhdudiyyətlər qoyulacaq.

Bundan başqa, belə görünür, London əvvəllər də olduğu kimi vurma radiusu 300 kilometr olan raketlərdən istifadəyə icazə vermir.

ABŞ dövlət katibi Antoni Blinken Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə ona Kiyevin uzaqvuran silahlardan Rusiya ərazisinə zərbələrin endirilməsi üçün icazə istəyini prezident Co Baydenə yetirəcəyini vəd edib.

Zelenski bu görüşlərdən sonra Antoni Blinken və Devid Lemmi ilə danışıqları “məzmunlu və geniş” adlandırıb. O bildirib ki, ən mühümü Ukraynanın arqumentlərinin nəzərə alınmasıdır:

“Söhbət həm uzaqvuran silahlardan, həm cəbhə xəttindəki briqadaların təchizatından, həm də ədalətli sülhü yaxınlaşdırmağın ümumi strategiyasından gedir”.

Ukraynalı ekspertin dedikləri

Kreml sentyabrın 11-də bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya onun ATACMS uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi icazəsi verərsə, Moskva buna “uyğun” cavab verəcək.

Reuters agentliyi yazır ki, Moskva artıq belə bir icazənin verildiyini ehtimal edir.

Bundan əvvəl xəbər verilmişdi ki, Bayden administrasiyası Kiyevə belə bir icazənin verilməsi “üzərində işləyir”.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə gündəlik brifinqində deyib ki, belə görünür, Vaşinqton Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi üçün Ukraynaya icazə verib.

Ukrayna təhlükəsizlik xidmətinin polkovniki, Verxovna Radanın deputatı, parlamentin təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostenko AzadlıqRadiosuna belə bir ehtimalını bildirib ki, Ukraynaya təkcə vurma radiosu 300 kilometrədək olan ATACMS raketlərindən deyil, həm də daha uzaqvuran raketlərdən istifadə icazəsi veriləcək:

"Belə bir cəbhədə 300 kilometr yaxşı operativ dərinlikdir, lakin bu, Rusiya ilə müharibədə bütün problemləri həll etməyəcək. Üstəlik bizim öz raket proqramımız fəaliyyətdədir. Mən ümid edirəm ki, yaxın gələcəkdə bunun nəticələrini görəcəyik...”

XS
SM
MD
LG