Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:21

Polislər aprelin 2-də necə yaralandıqlarını danışırlar


Azerbaijan. Baku. Azerbaijani police
Azerbaijan. Baku. Azerbaijani police
«Orda qışqırırdılar ki, polisləri döyün, polisləri vurun! Əllərində nəsə dəmir parçaları varıydı. Azğınlaşmış şəkildə üstümüzə hücum çəkdilər».

Danışan Afət Nəbiyevdir - Nəsimi rayon post patrul bölüyünün polis nəfəri, serjant.

Dediyinə görə, İctimai Palatanın aprelin 2-də keçirilən aksiyasında yaralanıb.
Serjant onu yaralayanların təxribatçı qruplar ola bilməsi fikrini yaxına buraxmır:
«Xeyr, xeyr! Hətta tanıdığımız adamlar varıydı ki, necə deyərlər orda gördüyümüz adamlar, onlar dəfələrlə bu aksiyalarda iştirak ediblər. Onlar özləri başçılıq edirdilər. Şəxsən mənİ vuranın şəklini qəzetlərdə görmüşəm. Tanıyırdım onu. Göstəriş verirdi ki, vurun polisləri, vurun camaatı».

POLİS ONU DÖYƏNİ TƏSVİR EDİR

Afət Nəbiyev onu vuran adamı dəfələrlə kütləvi aksiyalarda, hətta şəklini qəzetlərdə gördüyünü deyir. Onun görünüşünü təsvir edir.

«Baş nahiyəsi keçəl, çox alçaq yox, hündürboy da yox, normal. Əllərində şüşə qırıntıları, daş varıydı. Dəmir «turba». Yerdən əllərinə keçəni götürüb camaatın mağazalarına, maşınlarına vurub sındırırdılar. Belə vəhşicəsinə də. İnsana xas hərəkət eləmirdilər».

POLİSİ ARİF HACILI DÖYÜB?

Az sonra Afət Nəbiyev onu döyənin Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı olduğunu deyir. Amma bu adı gülə-gülə söylədiyindən bunun zarafatmı, ciddimi olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirik. Serjant onu döyənin həbs olunub- olunmamasından da xəbərsizdir.

Polislərdən birisi
«AĞLASIĞMAZ İTTİHAM»


Arif Hacılının vəkili Əsabəli Mustafayevsə polisin dediklərini «ağlasığmaz ittiham» kimi dəyərləndirir. Onun sözlərinə görə, əllərində sübut varsa ittiham aktında göstərəydilər. Vəkil Arif Hacılıya bununla bağlı məhkəmədə bircə sual da verilmədiyini söyləyir. Amma Əsabəli Mustafayev müdafiə etdiyi şəxsə yeni ittihamın irəli sürüləcəyini istisna etmir:

«Arif Hacılı mitinqin hazırlanması ilə məşğul olan strukturlarda yoxdur. Ona görə onu təşkilatçılıqda ittiham etmək gülüncdür. Ola bilsin ittihamı dəyişmək istəyirlər».

POLİS «VUR» ƏMRİ VERƏNİ NİYƏ TUTMURDU?

Polis serjantı Afət Nəbiyevdənsə xəbər alırıq: «Necə olur ki, polis əməkdaşları heç bir çağırış etməyən, dinc şəkildə şüar söyləyənləri dərhal saxlayır, amma polisi döyən və ya döymək haqda əmr verən şəxsi saxlamırlar? Necə olur ki, bu qədər polis əhatəsindən həmin şəxs qaça bilib?»

Cavabı eşidək:
«Orda biz həbs etdiklərimizdən əlimizdən qaçan olmayıb. Yəni qıraqdan dartışdırırdılar. Kütlə çox idi. Onun hamısı ilə mübarizə apara bilmirdik. Bir az çətinlik idi. O qaçanlar da kənardan köməklik vasitəsilə qaçırdı. Biz tutduğumuz da bir nəfər olurdu. O da qaça bilmirdi».

«AYILDIM Kİ, TƏCİLİ YARDIMDAYAM»

Afət Nəbiyev döyülməsini belə xatırlayır:
«Ayın 2-də iğtişaş baş verəndə xəsarət aldım. Belimin arxa nahiyəsindən təpik vurub yerə yıxmışdılar, əzilmişdim. Düz Konservatoriyanın yaxınlığında, parkın yanında. Kütlənin axışdığı yerdə. Orda təpiklə vurdular. Belim əzildi. Yıxıldım yerə. Bunu görən yoldaşlarım tez məni çıxartdılar. Bir də ayılanda gördüm ki, təcili yardımdayam. Bel nahiyəm əzilib, yeriyə bilmirdim, ayaqlarımı hiss eləmirdim».

«TƏXRİBAT SÖHBƏTİ OLA BİLMƏZDİ»


Nəsimi rayonu 22-ci polis bölməsinin baş əməliyyat müvəkkili, mayor Elşən Nuriyevin danışdıqları:

«Ayın 2-də xidmətdə olarkən Fəvvarələr Meydanının yaxınlığında bir qrup şəxs gözlənilmədən üstümüzə hücum çəkdi. Hücum çəkəndə qışqırırdılar: “Polisləri döymək lazımdır, vurmaq lazımdır. Onların hücumu nəticəsində xəsarət aldıq, yəni bir neçə polis əməkdaşı. Onlardan biri də mən».

Polis mayoru onun başına nəylə vurulduğunu deyə bilmir:
«Kütləydi. Onların əlində qəzetə bükülmüş dəmir parçaları varıydı. Daşla... Başıma nəyləsə vurdular. Amma dəqiq deyə bilmərəm nəylə vurdular».

Elşən Nuriyev də Afət Nəbiyev kimi onlara xəsarət yetirənlərin təxribatçı olması fikrini yaxına buraxmır:

«Qanunsuz mitinqiydi. Orda təxribat ola bilməzdi...»

HƏMİN ƏHVALAT


Hospitalda müalicə olunan serjant Məcid Yusifovun əhvalatı da təxminən eynidir:
«30-40 nəfər olardı, «Nizami» kinoteatrının qarşısında. Biz onun qarşısını alırdıq. Kütlənin içinə girəndə arxadan nəyləsə vurdular. Heç özüm də bilmədim. Bir də onda ayıldım ki, məni tibb məntəqəsinə gətiriblər. Başdan xəsarət almışam, altı tikiş qoyublar. 3 gündür reanimasiyadayam».

Aprelin 2-də Daxili İşlər Nazirliyi hospitalına 24 polis əməkdaşı müraciət edib. Onlardan 13 nəfəri hospitala yerləşdirilib. Hospitalın travmatologiya şöbəsinin rəisi Vitali Məhərrəmov AzadlıqRadiosuna belə deyib. Həkim onlardan iki nəfərin ağır halda reanimasiya şöbəsinə yerləşdirildiyini söyləyir.
Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.

ELÇİN BEHBUDOV «BİRCƏ POLİSİ BAŞI YARALI GÖRDÜM»

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov aprelin 2-də köməkçiləriylə aksiyanı izlədiyini, Nizami küçəsində, Fəvvarələr Meydanında, Cəfər Cabbarlı heykəli yaxınlığında olduğunu bildirir.

Elçin Behbudov
O deyir ki, monitorinq zamanı yalnız bir polisin başından yaralandığını görüb. Amma polisi kimin vurduğunu görməyib.

AKSİYAÇILARA GÖSTƏRİŞ VERİLMƏYİB

Müsavat Partiyası başqan müavini Mehman Cavadoğlu isə deyir ki, polisi vurmaq, onlara müqavimət göstərməklə bağlı aksiya iştirakçılarına göstəriş verilməyib.

İctimai Palatadan verilən məlumata görə, aksiya iştirakçıları arasında da xeyli xəsarət alan var: Tofiq Yaqublu, Mustafa Hacılı, Əhəd Məmmədli, Təzəxan Mirələmli, Tural Abbaslı, Xaliq Bahadır, Yaşar Türkazər, Ramin Baxış və başqaları. Tam siyahı hazırlanmayıb. Ancaq həmin məlumatların bəzisi müvəqqəti saxlanma təcridxanasında da qeydə alınıb.
XS
SM
MD
LG