Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:06

Sirus Təbrizli YAP sıralarından xaric edildi


S.Təbrizli bir müddət əvvəl YAP-ın və hakimiyyətdə olan bəzi yüksək rütbəli şəxslərin ünvanına ittihamlar səsləndirib
S.Təbrizli bir müddət əvvəl YAP-ın və hakimiyyətdə olan bəzi yüksək rütbəli şəxslərin ünvanına ittihamlar səsləndirib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının martın 27-də keçirilən iclasında partiya sədrinin müavini, «91-lər»-dən biri, sabiq Mətbuat və İnformasiya naziri Sirus Təbrizli hakim partiyanın sıralarından xaric edilib.


YAP-ın yaydığı rəsmi məlumata görə, partiya nizamnaməsinin 6-cı maddəsinin müddəalarını kobud şəkildə pozduğuna görə, Siyasi Şura üzvləri yekdilliklə onun partiyadan çıxarılmasına səs veriblər.


YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov «Trend»ə deyib ki, iclasda Sirus Təbrizlinin partiya rəhbərliyinə qarşı səsləndirdiyi fikirlər müzakirə olunub. Müzakirələrdən sonra partiyanın siyasi xəttinə zidd mövqe tutduğuna və rəhbərliyə qarşı əsassız ittihamlar səsləndirdiyinə görə, Təbrizlinin YAP sıralarından xaric olunması haqqında qərar qəbul olunub. Siyavuş Novruzov deyib ki, Sirus Təbrizli Siyasi Şuranın iclasına dəvət olunsa da, toplantıya qatılmayıb.



Sirus Təbrizlinin özü isə bəzi adamların Yeni Azərbaycan Partiyasından kənarlaşdırılmasını təsadüfi saymır. «Azadlıq» radiosuna müsahibəsində o deyib ki, məqsəd prezidenti zəiflətməkdir: «Bunlar prezidentin dayaqlarını zəiflədirlər. Günlərin bir günü ona arxadan zərbə də vuracaqlar».



Sirus Təbrizli bir müddət əvvəl YAP-ın və hakimiyyətdə olan bəzi yüksək rütbəli şəxslərin ünvanına ittihamlar səsləndirib və hazırda həbsdə olan sabiq Səhiyyə naziri Əli İnsanovu müdafiə edib.


YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.



XS
SM
MD
LG