Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:10

Türk məktəblərində dini təbliğat aparılırmı?


Türk litseyində təhsil alan şagirdlər dini dərslərin keçilməsini vacib hesab edirlər
Türk litseyində təhsil alan şagirdlər dini dərslərin keçilməsini vacib hesab edirlər

Ötən həftə Dini İşlər üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev «Azadlıq» radiosuna müsahibəsində Azərbaycandakı türk məktəblərində şagirdlərə müxtəlif dini məzhəblərin təsir etməsi, xüsusilə bu işdə nurçuların daha fəal olmaları haqqında fikirlər söyləyib: «Azərbaycandakı türk məktəbləri islam elitasi yaratmaq istəyir. Bu elit təbəqənin sıralarında təxminən 5-6 min nəfər cəmləşib. Belə yüksək səviyyəli elita Azərbaycanda müəyyən işlər görə bilər. Hətta məzunların işə düzəlməsini də bu qrup izləyir. Nurçular belə bir proqramı 1992-ci ildən həyata keçirirlər. 2010-cu ilə kimi proses qurtaracaq və onları dəstəkləyəcək elit təbəqə formalaşacaq».


Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən isə öz dövlətinin Azərbaycanda açdığı məktəblərə tam nəzarət etdiyini və onların heç birində proqramdan kənar hansısa təbliğat aparılmadığını bildirir: «Bizim məsuliyyətini daşıdığımız məktəblərdə hər hansı dini və siyasi fikirlərin təbliği isbat olunarsa, 37 illik peşə həyatıma son qoyub istefa verərəm».


Səfirliyin təhsil üzrə müşavirliyi də elə türk litseylərindən birinin-Anadolu Türk Liseyinin binasında yerləşir. Bakıda 1993-də fəaliyyətə başlayan bu litseydə hazırda şagirdlərin sayı 220-yə yaxındır.


Səlahəddin bəy deyir ki, yer çatmadığına görə, daha çox şagird qəbul edə bilmirlər. 1994-də açılan «Türkiyə Türkcəsi Öyrətim Mərkəzi» (TÖMƏR) və 2000-ci ildən fəaliyyətə başlayan Bakı Türk İlk Öyrətim Okulu ibtidai məktəbi də bu liseyin binasında yerləşir. 3 məktəbdə 80-ə yaxın müəllim çalışır. Onlardan 30-u azərbaycanlı qalanı isə türkiyəli müəllimlərdi.


Bu məktəblərdə Azərbaycan dili və ədəbiyyatı, tarixi, coğrafiyası öyrədilir. Həftədə 1 və ya 2 saat din kültürü və əxlaq dərsi keçilir. Müşavirin fikrincə, uşaqlara ümumi dini bilik verilməlidir ki, başqaları onları asanlıqla öz məqsədlərinə yönəldə bilməsinlər.


Bakıdakı Türk İlk Öyrətim Okulunda da şagirdlərə rəsmi təsdiq edilmiş tədris planından kənar biliklər verilməsi barədə iddiaların əsassız olduğunu bildirdilər. Məktəbin müdiri Atilla Mutlu bildirdi ki, 650 şagirdi olan bu məktəbdə 4-cü sinifdən 7-ci sinfə qədər həftədə iki saat din kültürü və əxlaq bilgisi dərsləri keçilir. Dərslərin proqramını isə Türkiyənin Təhsil Nazirliyi hazırlayır: «Bura dövlət məktəbidir. Proqramdan kənar və ya məktəb rəhbərindən xəlvət hər hansı bir fəaliyyət mümkün deyil. Belə bir şey olmayıb və olmayacaq».


Məktəbdə söhbətləşdiyim şagirdlər də dini dərslərin keçilməsini vacib hesab edirlər. Ancaq, onların sözlərinə görə, ən çox sevdikləri fənlər Tarix, Azərbaycan dili və ədəbiyyatı, Coğrafiya, Riyaziyyatdır.


Bakıdakı türk məktəblərindən birində dərs deyən ancaq adının çəkilməsini istəməyən bir müəllimlə söhbətdə dedi ki, dövlətin nəzarətində olan məktəblərdə hər hansı kənar təsirlər yoxdur. Amma özəl türk məktəblərinin əksəriyyətində nurçular həqiqətən də öz məqsədlərini həyata keçirməklə məşğuldurlar.


Müəllimin fikrincə, bu məktəblərdə əsasən vəzifəli adamların uşaqları oxuyurlar. «Yetər ki, bu uşaqlar istənilən məqsədə istiqamətləndirsinlər. Bu adamlar gec-tez onsuz da vəzifələrdə oturacaqlar. Çünki valideynləri məmurlardır».


Bakı Özəl Türk Liseyinin müdir müavini Məhiyəddin Hüseynov isə deyilənlərlə razılaşmır. O, məktəbin təhsil ocağı olduğunu və hər hansı məzhəbə qarışmadığını deyir. Cənab Hüseynovun sözlərinə görə, Bakı Özəl Türk Liseyində 420 şagird təhsil alır. Təhsil haqqı ildə 4900 yeni manatdır. Şagirdlərin demək olar ki, hamısı azərbaycanlı, müəllimlər isə hər iki ölkədəndirlər.


Bir şeyi də demək lazımdır ki, hansısa tənqidlərə baxmayaraq, Bakıdakı türk məktəblərində oxuyan şagirdlərin əksəriyyəti həm ali məktəblərə qəbul zamanı, həm də digər mərhələlərdə bilik yarışlarında yüksək göstəriciləri ilə seçilirlər. Məsələn, builki qəbul imtahanlarında ən yüksək - 697 bal toplayan Orxan Salmanlı da Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.


XS
SM
MD
LG