Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:40

Şahnaz Qulami zaminə buraxılıb


İranda qadınlara bərabər hüquq tələb edən azərbaycanlı jurnalist 80-ci illərdə də həbs edilib
İranda qadınlara bərabər hüquq tələb edən azərbaycanlı jurnalist 80-ci illərdə də həbs edilib

Jurnalist, qadın hüquqları müdafiəçisi, azərbaycanlı fəal Şahnaz Qulami 22 gün həbsdən sonra sentyabrın 11-də 12 min dollar girov müqabilində zaminə buraxılıb. Buna qədər onun harada və hansı şəraitdə saxlandığı aydın deyildi.


Xanım Qulami sentyabrın 14-də fars və azərbaycanca nəşr edilən «İranlı Qadınlar Ocağı» («Kanun-e Zənan-e İrani») saytına müsahibə verib . Şahnaz Qulami onu zorla azyaşlı qızı və xəstə anasından ayıran ETTELAAT əməkdaşlarının kobud rəftarından şikayətlənir və bildirir ki, istintaq yerinə aparılmazdan əvvəl gözlərini bağlayıblar. O isə etiraz əlaməti olaraq susub, sorğu-sualı cavabsız qoyub və istintaq vərəqəsini doldurmaqdan da imtina edib.


İranın rəsmi Qadın Jurnalistlər Cəmiyyəti, ROZA-nın üzvü olan Şahnaz Qulami üç gün ETTELAAT-ın təcridxanasında saxlandıqdan sonra Təbriz zindanına aparıldığını bildirir. O, qeyd edir ki, həbsxana əməkdaşına məktub yazaraq, əvvəlki təcridxanaya qaytarılmasını istəyib. Onun bu tələbi cavabsız qaldıqdan sonra aclıq elan edib. Aclıq aksiyasından üç gün sonra biradamlıq kameraya atılıb. Bu müddət ərzində onun azad mühitlə əlaqələri kəsilib, ailəsi və ya vəkili ilə telefon danışığına belə imkan verilməyib.


Xanım Qulami bildirir ki, həbsxana yardımçılarından biri şəxsi cib telefonu ilə onun vəkilinə zəng etdikdən sonra, gənc qızı və xəstə anasının başsız qaldığını nəzərə alaraq, onu girov müqabilində məhkəmə tarixinə qədər sərbəst buraxıblar. O, məhkəməyə qədər ölkəni tərk edə bilməz. Lakin, mühakimə tarixi də təyin edilməyib.


Jurnalistin dediklərinə görə, ETTELAAT əməkdaşları onu aparanda ailəsinə toxunmayacaqlarına söz versələr də, sonradan evinə basqın edib, əşyaları alt-üst etdikdən sonra, kitab, əl yazıları, cib telefonu, qardaşının iki kompyuterini özləriylə aparıblar.


Ona qarşı irəli sürülən ittihamlara gəldikdə, asayişi pozmaq, xalqı təhrik, 2006-cı ilin may aksiyalarında iştirak və İran prezidentini təhqir etməkdə günahlandırıldığını bildirir.


Bu ittihamları rədd edən jurnalist deyir ki, vaxtı ilə yerli qəzetlərdə yazdığı məqalələrdən birində Təbrizdə keçirilən dinc nümayişlərə qarşı silahlı qüvvələrdən istifadə edilməsini tənqid edib.


İranda qadınlara bərabər hüquq tələb edən azərbaycanlı jurnalist 80-ci illərdə bu sahədə apardığı siyasi fəaliyyətinə görə 6 il həbs edilib. Onun əsərlərindən «Qadınların siyasi-ictimai iştirakının perspektivi», «Zənənə yoxsulluq», «Qulluqçu arvadlar, ya qadınların ev əməyi» İran mətbuatında qadın məsələsinə toxunan ən mübahisəli məqalələrdəndir.


Xanım Qulaminin müsahibəsini dərc edən «İranlı Qadınlar Ocağı» saytı son həftələr ərzində Təbrizin qadın fəallarına qarşı təzyiqlərin artdığını bildirir.


Ölkə səviyyəsində qadın məsələsinə toxunan bu saytın Azərbaycan dilli səhifələrində İranın bir çox azərbaycanlı şairə və qadın tənqidçilərinin əsərlərinə də geniş yer verilir. Mətnlər isə ancaq əski ərəb əlifbasında gedir .


XS
SM
MD
LG