Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:34

Çörəyin qiymətinin qalxması diktatorları sarsıdır


Misirdə çörəklə azadlıq arasında əlaqə heç vaxt aydın olmayıb
Misirdə çörəklə azadlıq arasında əlaqə heç vaxt aydın olmayıb

«Vaşinqton Post» yazır ki, neftin sürətlə bahalaşması diktatorları ruhlandırıb. Vladimir Putin, Mahmud Əhmədinejaddan tutmuş Hüqo Çavesə qədər neft istehsal edən ölkələrin hamısında diktatorlar həvəslənib. Amma indi ərzaq məhsullarının sürətlə bahalanması deyəsən əks effekt verir. Çörəyin, düyünün qiyməti qalxdıqca, diktatorların da yeri laxlayır.


Məsələn, Çaves dekabrda keçirilən referendumda uduzdu. Səbəblərdən biri də onun Venesuelada yaratdığı problemlərə görə ərzağın qiymətinin artması idi.


Uğursuzluğa düçar olan diktatorlardan biri də Zimbabvenin prezidenti Robert Mugabe oldu. 3 həftə əvvəl keçirilən prezident seçkisində Muqabe məğlubiyyətə uğradı.


Pakistanda Pərviz Müşərrəfi zəiflədən amillərdən biri kimi çörəyin bahalaşması göstərilir. BMT isə Şimali Koreyanın ərzaq böhranıyla üzləşdiyini bildirir.


Amma Misirdə çörəklə azadlıq arasında əlaqə heç vaxt aydın olmayıb. Misiri yarım əsrdən çoxdur hərbçilərə arxalanan diktator idarə edir və yarım əsrdən çoxdur, Misirdə hökumət milyonlarla yoxsula çörək paylayır. Ona görə də Misir Fransayla müqayisədə adambaşına daha çox çörək alır.


Misirdə rejim yalnız 1977-ci ildə silkələnib. O vaxt prezident Ənvər Sədat çörək yardımını kəsmək istədi və onun cəhdi qanlı iğtişaşlara səbəb oldu. İndi isə Misir dükanlarının piştaxtalarındakı ucuz çörəklər azalmaqdadır. Bazarda çörəyin qiyməti 50% qalxıb. 1977-ci ildə baş verənlər az qala təkrarlanacaqdı. Keçən ilin aprelində Misin Məhəllə əl-Kübra şəhərində fəhlələr aksiya keçirdi, iki gün küçələrə töküldülər. Məktəbləri, mağazaları yandırdılar. Kütlənin qarşısını təhlükəsizlik qüvvələri aldı, polis atəşi nəticəsində 2 nəfər öldü. Misir prezidenti Hüsni Mübarək problemi rejimin ənənəvi yolulla həll etdi. Baş naziri və bir neçə başqa rəsmini tüstülənməkdə olan şəhərə göndərdi ki, sülhə nail olsunlar. Nazirlər fəhlələrə yaxşı əməkhaqqı, xəstəxana-filan söz verib getdilər.


Hüsni Mübarək ordu üçün daha çox çörək bişirmək və paylamaq barədə göstəriş verib. İdxal məhsullarına qoyulan tarifləri endirib. Eyni vaxtda onun məmurları aksiyalarda iştirak edən 150 adamı təxribatda günahlandırıb, cəzalandırdılar. Rüşvətlə zorun bu cür birliyi keçmişdə həmişə stabilliyə xidmət edib və indi də edə bilir.


Amma «Vaşinqton post» yazır ki, Misirdəki son çörək böhranı demokratiya uğrunda hərəkatın təkərləri üzərində yaranıb. Hərəkat 3 il əvvəl başlayıb. Hüsni Mübarəkin saxtalaşdırdığı son prezident seçkisindən əvvəl…Və hökumətin müqavimətinə baxmayaraq, Misirdə demokratik hərəkat davam edir. İndi çörəyin qiymətinin qalxması Misir fəhlələriylə orta təbəqə arasında ittifaqa səbəb olub.


Bu günlərdə fəallar bütün Misiri kütləvi yürüş keçirməyə çağırıb. Televiziya və radiolara əlləri çatmadığı üçün internetdən, mobil telefonlardan istifadə edib, əlaqə yaradıblar, eyni gündə hər kəs öz evində aksiya keçirib. 27 yaşlı bir gənc aksiya barədə məlumat yaymaq üçün «facebook» qrupu düzəldib. Aprelin 6-da həmin qrupun 60 mindən çox üzvü olub və jurnalistlərin dediyinə görə aprelin 6-da Qahirə, İsgəndəriyyə və başqa iri şəhərlərin səs-küylü küçələrində sakitlik imiş. Fəalların dediyinə görə «facebook»dakı qrupun indi 700 mindən çox üzvü var. Onlar tələblərini də elan ediblər. Normal maaş, ucuz qiymətlə yanaşı azad məhkəmə, polis özbaşınalığına son qoyulmasını istəyirlər. Beləliklə, Misirdə yeni, müşahidəçilərin birinin «FACEBOOK partiyası» adlandırdığı hərəkat başlayıb. Hərçənd ki, bu dəstəni yaradan gənc - Əbdül Fatah da, «Kifaya», yəni «Kifayətdir» adlı hərəkatın 50 üzvü də tutulub. Amma gənclərin yaratdığı «facebook» dəstəsinin üzvləri artmaqdadır. Fəallar mayın 4-ə, Hüsni Mübarəkin ad gününə yeni yürüş hazırlayırlar.


XS
SM
MD
LG