Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:00

Suriyanın Deraa şəhərinə zirehli texnika yeridilib


«KÜÇƏLƏRDƏ ÇOXLU İNSAN CƏSƏDLƏRİ VAR»

Suriya hökuməti bu səhər etiraz aksiyalarının mərkəzi sayılan Deraa şəhərinə zirehli texnika yeridib.

«Al Jazeera» telekanalı şahidlərə istinadən şəhərdə təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiyini, ölən və yaralıların olduğunu xəbər verir.

Reuters agentliyinin şahidlərə istinadən verdiyi xəbərə görə, küçələrdə çoxlu insan cəsədləri var.

Hüquq müdafiəçiləri də küçələrdə ölülərin olduğunu bildirir. Şahidlərin sözlərinə görə, zirehli texnika ilə birlikdə şəhərə 3 mindən artıq təhlükəsizlik qüvvələri əməkdaşları girib. Snayperçilərin damlarda mövqe tutduqları, tankların küçələrdə dolaşdığı bildirilir.

SİLAHSIZ ADAMLARA ATƏŞ AÇILIB


İordaniya rəsmilərinin verdiyi xəbərə görə, Suriya bu gün İordaniya ilə sərhədi bağlayıb. Reuters-ə danışan rəsmilərdən biri sərhədin bağlanmasının Deraadakı əməliyyatla bağlı olduğun bildirib. İordaniyanın paytaxtı Əmmanda bir diplomat da Deraa və Nasibdəki sərhəd qapılarının bağlandığını bildirib.

Hüquq müdafiəçilərinin verdiyi xəbərə görə, Douma şəhərində silahsız adamlara atəş açılıb. Yaralılar, çoxlu həbs olunan var.

Suriyanın xüsusi xidmət orqanları Cebla şəhərində də reyd keçirib. Bu reyddən əvvəl şəhərdə kütləvi etiraz aksiyası keçirilmişdi. Bu şəhərdə də ölənlərin olduğu bildirilir.

Suriyanın tanınmış hüquq müdafiəçisi Suhair Attasi bildirib ki, Bashar Asad hökuməti demokratiya tərəfdarlarını ucdantutma məhv etmək üçün müharibəyə başlayıb.

Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rights Watch» ABŞ və Avropa Birliyini Suriyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Təşkilatın bəyanatında bildirilir ki, Suriya hakimiyyəti təhlükəsizlik qüvvələrinin cümə və şənbə günləri aksiyaçılara açdığı atəşə görə məsuliyyət daşıyır. Həmin günlər Suriyanın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı 100-dən çox nümayişçi öldürülüb.

«HUMAN RİGHTS WATCH» ARAŞDIRMA APARMAĞA ÇAĞIRIB

«Human Rights Watch» BMT-ni bu qətllərə görə müstəqil komissiya yaradıb araşdırma aparmağa da çağırıb.

BMT-nin insan haqları üzrə komissarı Navi Pillay Suriya hökumətindən 100-dən çox nümayişçinin öldürülməsi ilə bağlı araşdırmalara başlamağı tələb edib. O bəyanatında həbs olunmuş hüquq müdafiəçilərinin və siyasi məhbusların azad olunmasına da çağırıb.
Cümə günü Suriya müxalifəti üçün ən qanlı gün olub. Hökumət qüvvələri ilə aksiyaçılar arasında baş verən toqquşmalarda azı 100 adam öldüyü bildirilirdi.

Suriyada martın 18-dən bu yana prezident Bashar Asadin istefası tələbi ilə keçirilən etiraz aksiyalarında 350-dən artıq adamın öldüyü, onlarla adamın itkin düşdüyü bildirilir.

Mərkəzi İspaniyanın Seviliya şəhərində yerləşən «İnsan» adlı suriyalılardan ibarət insan haqları təşkilatı cümə günündən bu yana Suriyada 200-dən artıq insanın itkin düşdüyünü bildirib.
XS
SM
MD
LG