Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:49

ABŞ Türkiyəyə sanksiyalar qoydu


Maykl Pompeo
Maykl Pompeo

Azərbaycan Türkiyəyə sanksiyaları qınayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayırlar. Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndirirlər.

"Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur. Azərbaycan, hər zaman olduğu kimi, Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq", - açıqlamada yazılıb.

+++

Birləşmiş Ştatlar Türkiyə hərbi sənayesinin rəhbərinə və daha üç rəsmisinə sanksiyalar elan edib.

Reuters agentliyi xəbər verir ki, dekabrın 14-də elan olunmuş sanksiyalar Ankaranın Rusiyadan hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq elan edilib.

Şərhçilər bildirirlər ki, ABŞ-ın bu addımı Ankaranı qəzəbləndirəcək və iki NATO müttəfiqi arasında onsuz soyuq olan münasibətləri daha da tarıma çəkəcək.

Bu da qeyd olunur ki, sanksiyalar Türkiyədə iqtisadi çətinliklərin yaşandığı dövrə təsadüf edib.

Associated Press (AP) xatırladır ki, Rusiyadan S-400 raket sistemləri aldığına görə ABŞ bundan əvvəl Türkiyəni F-35 qırıcı təyyarəsi proqramından xaric etmişdi.

ABŞ və Türkiyənin başqa Qərb müttəfiqləri S-400-lərin alınmasından narazılıq bildirmişdilər.

Pentaqon bəyan etmişdi ki, S-400 raketləri NATO sisteminə uyarlı deyil.

ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 14-də deyib ki, Birləşmiş Ştatlar S-400 raketlərinin ABŞ-ın hərbi texnologiyalarına və heyətinə təhlükə təşkil etdiyini Ankaraya aydın şəkildə bildirib:

“NATO sisteminə uyğun alternativin olmasına baxmayarq Türkiyə S-400 sistemini alıb və sınaqdan çıxarıb. Mən Türkiyəni Birləşmiş Ştatlarla koordinasiyalı şəkildə S-400 problemini dərhal həll etməyə çağırıram. Türkiyə Birləşmiş Ştatların dəyərli müttəfiqi və mühüm regional partnyorudur. Biz Türkiyənin S-400 problemini aradan qaldırması ilə, tarixi onilliklər olan məhsuldar müdafiə sektoru əməkdaşlığını davam etdirmək istəyirik”.

Ankaradan sərt reaksiya

Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 14-də verdiyi bəyanatda ABŞ-ın sanksiyalarını “pisləydiyini və rədd etdiyini” bildirib.

Bəyanatda deyilir:

“Türkiyə bu qərarın əleyhinə zəruri olan addımları atacaq və bu, münasibətlərimizi labüd şəkildə təsirləndirəcəkdir”.

Ankara bir daha bəyan edib ki, onun S-400 alması NATO sistemini təsirləndiməyəcək.

Türkiyə ABŞ-ı “bu səhv addımdan mümkün qədər tez geri qayıtmağa çağırıb”.

Bəyanatda deyilir ki, Ankara dialoq və diplomatiyaya hazırdır.

ABŞ sanksiyaları Türkiyənin müdafiə sənayesini ixrac lisenziyalarından və kreditlərdən məhrum edə bilər.

Bu da xəbər verilir ki, ABŞ administrasiyası Türkiyə üzərinə sanksiyaların qoyulmasını mümkün qədər ləngitməyə çalışırdı.

Amma Türkiyə S-400 məsələsində nəinki heri çəkilmədi, Ankara hətta bu sistemi oktyabr ayında sınaqdan çıxardı.

Bayden üçün başağrısı

Bəzi təhlilçilər bildirirdilər ki, buna səbəb prezident Donald Trampla Recep Tayyip Erdoğanın arasında isti münasibətlər idi.

ABŞ-da hakimiyyətin dəyişdiyi vaxta təsadüf edən bu sanksiyalar Ağ Evin gələcək sahibi üçün ciddi problemlər yarada bilər.

Baydenin komandası Türkiyənin S-400 sistemi alması ilə bağlı narazılığını artıq bildirib.

Dövlət Departamentinin vəzifəli rəsmisi Kris Ford deyib ki, “biz belə bir addımın labüdlüyündən məyusluq hissi keçiririrk”.

Departamentin Avropa İşləri Bürosunun nümayəndəsi Metyu Palmer deyib ki, “NATO müttəfiqinin üzərinə sanksiyalar qoyulması asan atılan addım deyildir”.

Ötən ay Türkiyənin müdafiə naziri Hulusi Akar demişdi ki, Ankara S-400-lərdən qaynaqlanan narahatlığı ABŞ-la müzakirə etməyə hazırdır.

Ankara bildirir ki, Türkiyə ABŞ istehsalı olan Patriot raketlərini ala bilmədiyinə görə Rusiyadan S-400 raketləri almağa məcbur olub.

XS
SM
MD
LG