Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:39

ABŞ-la münasibətlərinin pisləşməsi Azərbaycanın daxilində özünü necə göstərəcək?


Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın ovaxtkı vitse-prezidenti Co Bayden ilə görüşür. 2016
Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın ovaxtkı vitse-prezidenti Co Bayden ilə görüşür. 2016

Noyabrın 16-da Vaşinqtonda ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində Qarabağın gələcəyi ilə bağlı dinləmələr keçirildi. Dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib ki, Bakı və Yerevan arasında sülh sənədi imzalananadək ABŞ-ın Azərbaycana münasibəti "əvvəlki kimi" olmayacaq.

Elə noyabrın 16-da da ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardım göstərilməsindən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, O'Brayenin səsləndirdiyi "birtərəfli", "qərəzli" fikirlər səmərəsiz və qəbuledilməzdir: "Dinləmələri... Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk".

Dövlət Departamenti rəsmisinin "ikitərəfli münasibətlərimiz əvvəlki kimi ola bilməz" ifadəsinə reaksiyasında Azərbaycan XİN qeyd edib ki, münasibətlər birtərəfli ola bilməz: "Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”.

Nazirlik, eyni zamanda, bütün bunların fonunda noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünə qatılmayacaqlarını bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə noyabrın 16-da gündəlik brifinqdə bu məsələ ilə bağlı "Turan"ın suallarını cavablandırarkən deyib: "Biz hər iki tərəfi istər burada, istərsə də başqa yerdə danışıqları davam etməyə təşviq edirik və bu, bizim siyasətimiz olaraq qalacaq".

H.Babaoğlu
H.Babaoğlu

“ABŞ, yəqin, bu yanlış addımı yenidən dəyərləndirəcək"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu da "Turan"a bildirib ki, bütün ikitərəfli münasibətlər hər iki tərəfin davranışlarından asılıdır: "2001-ci ildə ABŞ-da terror törədilən zaman Azərbaycan onun elan etdiyi antiterror koalisiyasına qoşulan birinci ölkələrdən oldu. Əfqanıstan hadisələri zamanı ABŞ prezidentinin müraciəti əsasında Senatda "907-ci düzəliş"lə bağlı yeni qərar qəbul edildi. ABŞ Azərbaycana yardımlar etməyə başladı, çünki bu ona lazım idi. İndi isə belə qərar qəbul edilirsə, biz ona heç nə deyə bilmərik. Amma məsələnin qərəzli olması, şübhəsiz, ABŞ-Azərbaycan münasibətlərinə yaxşı təsir etməyəcək".

Babaoğlunun sözlərinə görə, bütün bunlardan sonra Senatda "Ermənistanı müdafiə" adlı bir akt qəbul olunub və burada Azərbaycana yardımla bağlı 2001-ci ildə ABŞ prezidentinə verilən səlahiyyət qadağan edilir: "Amma bundan sonra Senatın qəbul etdiyi qətnamənin təsdiq olunması ilə bağlı proseduralar var və ən sonda bunu ABŞ prezidenti imzalamalıdır. ABŞ, yəqin ki, bu yanlış addımı yenidən dəyərləndirəcək, çünki Azərbaycan Amerika üçün, Amerika da Azərbaycan üçün vacib tərəfdaşdır".

Ə.Oruclu
Ə.Oruclu

"...hakimiyyət daxildə repressiyalara əl atacaq"

Siyasi şərhçi Ərəstun Oruclu xatırladır ki, Azərbaycanla ABŞ arasında çox geniş spektrdə - iqtisadi, enerji, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq olub. ""Əvvəlki əlaqələr olmayacaq" ifadəsi də o deməkdir ki, bütün bu sahələrdə münasibətlər dondurulacaq. Ən maraqlısı da budur ki, ABŞ Senatı Ermənistana dəstəklə bağlı sənəd qəbul etdi. Orada Azərbaycana yardımların dayandırılması qanun şəklində öz əksini tapdı. Bu o deməkdir ki, artıq o mövqe rəsmiləşdirildi", - ekspert AzadlıqRadiosuna ehtimallarını bölüşür.

Onun fikrincə, iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda Azərbaycan hakimiyyəti daxildə repressiyalara əl atacaq: "Əslində ölkədə demokratik institutlar qalmayıb. "Siyasi partiyalar haqqında" və "Media haqqında" qəbul olunan son qanunlardan sonra olan-qalan vətəndaş institutları, demokratik dəyərləri təbliğ edən təsisatlar tam olaraq kənarlaşdırılıb. Ola bilsin ki, hansısa həbslər olsun. Azərbaycan hakimiyyəti Qərblə, İranla münasibəti pisləşəndə adətən belə addımlar atır".

ABŞ-ın Qarabağla bağlı təşəbbüsü: Azərbaycan razı olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG